Qonaq Kitabı
GƏR ISTƏSƏN KI, FITNEYI-ALƏM OYANMASIN

 

Gər istəsən ki, fitneyi-aləm oyanmasın,

Dövri-qəmərdə əqrəbi-zülfün dolanmasın[1],

 

Göstər çəməndə nərgisə hər şam gözlərin,

Ta sübh olunca xabi-ədəmdən oyanmasın.

 

Yox məndə tab vəslinə, göstərmə ruyini,

Pərvanə şəmi görsə, nə mümkündü yanmasın.

 

Kuyin rəqibə məskən olub, gəlmərəm dəxi,

Nə görməsin gözüm və nə könlüm bulanmasın.

 

Sirri-dəhanini demə naəhl zahidə,

Qoy bixəbər qalıb belə əsrari qanmasın.

 

Canım çıxar çıxanda xətin gülüzardə,

Eylə xətin təraş, qoy ömrüm uzanmasın.

 

Derlər, nəvidi-vəsl verib yar Sabirə,

Xam olmasın, bu mətləbə hərgiz inanmasın.

 

 

İlk dəfə 1914-cü ildə “Hophopnamə”də çap olunmuşdur.

 

 


[1] Bu misradakı təşbihin mənası budur: guya ay (qəmə) əqrəb bürcündə olanda üzünə kölgə düşür. Şair gözəlin üzünü aya, saçını (zülfünü) isə əqrəbə bənzədir.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info