Qonaq Kitabı
KUYINI XUNABEYI-ÇEŞMIMLƏ NƏMNAK EYLƏRƏM

 

Kuyini xunabeyi-çeşmimlə nəmnak eylərəm,

Kipriyimlə asiyanın gərdini pak eylərəm.

 

Ta ki, gördüm sağəri-səhbadə əksi-surətin,

Ömrlərdir kim, cəhanda xidməti-tak eylərəm.

 

Eşqini asan bilirdim, çəkdi iş risvalığa,

Şimdi risvayi-cəhan oldum, nədən bak eylərəm?

 

Boynuma saldım o ziyba tələtin zülfi-kəcin,

Türfə caduyəm, füsuni-mari-Zöhhak eylərəm.

 

Vəslə ümmid olsa, hicrində bu cari[1] ünsürü,

Əşki-çeşmim seylinin mövcündə xaşak eylərəm.

 

Urma şanə zülfünə, narahət etmə könlümü,

Zülfünə dəydikcə şanə könlümü çak eylərəm.

 

Sabira, torpağa saldı sayə rəna dilbərim,

Gər mələk olsam da, labüd səcdeyi-xak eylərəm.

 

 

İlk dəfə “Hophopnamə”nin 1914-cü il nəşrində çap olunmuşdur.

 



[1] Dörd mənasında olan “çəhar” sözünün xəfifləşdirilmiş şəklidir.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info