Qonaq Kitabı
MƏFTUNI-SƏRI-ZÜLFÜNƏ QÜLLAB GƏRƏKMƏZ

 

Məftuni-səri-zülfünə qüllab gərəkməz,

Rəncuri-ləbi-ləlinə innab gərəkməz.

 

Mehrabə sücud etmərəm, ey qibleyi-məqsud,

Qaşın görənə səcdeyi-mehrab gərəkməz.

 

Aç zülfünü, divanələri bir yerə yığma,

Bu firqəyə cəmiyyəti-əsbab gərəkməz.

 

Yatma xəmi-zülfündə nigarın belə rahət,

Aşiqlərə, ey xəstə könül, xab gərəkməz.

 

Mən nəşeyi-ləli-ləbi-canan ilə məstəm,

Saqi, mənə minbəd meyi-nab gərəkməz.

 

Hicrində rəvadır ciyərim qanı tökülsün,

Çeşmindən axan qətreyi-xunab gərəkməz.

 

Sirab eləyib ləli-ləbin Sabiri, ey şux,

Təbdari-qəmi-eşqinə qəndab gərəkməz.

 

 

 

İlk dəfə “Hophopnamə”nin 1914-cü il nəşrində çap olunmuşdur.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info