Qonaq Kitabı
HƏR SƏRI-MUYDƏ MIN AŞIQI-NALANIN VAR

 

Hər səri-muydə min aşiqi-nalanın var,

Məgər, ey şux ki, bir cismdə min canın var?

 

Leyliyə Qeys olur aşiq, sənə min-min Leyli,

Axtarırsan yenə bir aşiq, əcəb qanın var!

 

Xahişin tərki-dilü can idi, mən həm etdim,

Söylə, ey yar, görüm şimdi nə fərmanın var?

 

Eyd-əzhadə qoyun kəsmə, boyun qurbanı,

Aşiqi-zar kimi kəsməyə qurbanın var.

 

Suzi-binaleyi-pərvanəni gör, ey bülbül,

Səhni-gülzardə ancaq sənin əfğanın var.

 

Hər mərəz çarəsini eyləmək asandı, təbib,

Mərəzi-eşqə nə tədbir, nə dərmanın var?

 

Sabira, qərq edər axir səni bu seyli-bəla.

Olma qafil belə kim, dideyi-giryanın var.

 

 

İlk dəfə “Hophopnamə”nin 1914-cü il nəşrində çap olunmuşdur.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info