Qonaq Kitabı
QOYMA GƏLƏ, SAQIYA, ZAHIDI MEYXANƏYƏ

 

Qoyma gələ, saqiya, zahidi meyxanəyə,

Dönməyə meyxanəmiz məscidi-viranəyə.

 

Urma gireh zülfünə, eylə həzər, ey sənəm!

Oxşamasın şəkldə səbheyi-səddanəyə.

 

Hirz ilə, əfsun ilə olmaz ilaci-cünun,

Eşq sözündən səva söz demə divanəyə.

 

Badeyi-təlx içrə bu nəşeyi-şirin nədir?

Yoxsa qoyub dilbərim ləb ləbi-peymanəyə?

 

Şimdi ki, üzdün əlin zülfi-pərişandən,

Bari gəl izhar qıl dərdi-dilin şanəyə.

 

Şəmi də yaxmaqdadır atəşi-sevdayi-eşq,

Şöleyi-pərtövfüruz xasmı pərvanəyə?

 

Sabir o cənnətrüxün gəndüm-xalın görüb,

Az qalıb Adəm kimi aldana bir danəyə.

 

 

Ilk dəfə “Füyuzat” jurnalında (13 aprel 1907, â„– 15) “Ə. Sabir Tahirzadə” imzası ilə çap olunmuşdur.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info