Qonaq Kitabı
İDİL KƏNARINDA

 

Bir romanın başı

 

 

Nə gözəldir İdil çayı!

Hacıtərxan dairəsində bu çay daha gözəl nəzərə gəlir. Bu dairədə buna çaymı, ya bir uzun göl, ya bir uzun dəniz də desənyaraşar! Həqiqət, çay axar suya deyirik, deyilmi?

Hacıtərxan dairəsində İdilin haraya axmasını ancaq su üzərində üzən taxta parçalarından və qeyri suda üzən şeylərdən də bilmək mümkündür. İdil həqiqət axırsa da Kür və Terek kimi qıjıldamır. Səssiz-səmirsiz böyük, geniş, həmvar, gözəl, mülayim, məğrur İdil müdam hərəkətdə bulunursa da, gah vaxt suyun üzü şüşədən körpü yapılmış kimi nəzərə gəlir.

İdil bu halətində xüsusən gecə ay işığında daha ziyadə görünür. Ay işığında suyun nazik, xırdaca ləpəcikləri ürəyi saf, ruhu təmiz, tam vücudu məhəbbət ilə dolmuş gözəlin şəfəqli, mehriban gözlərinə bənzəyir.

Bu gümüş şəfəqli ləpəciklərə diqqət ilə baxınız: biri batır, əvəzinə bir qeyrisi şəfəqlənir. Guya utancaq bir gözəl gah sizə baxır, gah yerə....

Ah, bu gözlərdə olan nəzakət, məhəbbət, hissiyyat hansı bir əzada ola bilir? Öylə bir gözlərə diqqət ediniz: sizi sözsüz dəvət edir. Sizi dünya məşəqqətindən, müdam həyat müharibəsindən bir neçə saat xilas etmək istəyir. Siz gedirsiniz yaşıl ot üzərində əyləşib gah buludsuz göyə, gah bu ox kiprikli məhəbbətlə dolmuş gözlərə baxırsınız, sözsüz-felsiz bir-birinizi düşünürsünüz. Qeyri bir halətdə bulunmağınızı hiss edirsiniz.... Belə bir halətdə dünya məişətini, saatda qəlbinizi pozan, qanınızı xarab edən işləri bilmərrə unudursunuz, unudub da əcəba, bu halət, bu ləzzət nə üçün həmişə müyəssər deyil deyib fikrə gedirsiniz....

Bu gümüş şəfəqli nazik ləpəciklər də sizi məhəbbət aləminə dəvət edirlər. Onlar guya deyirlər: bəsdir, zəhmətdə bulundunuz. Tam gün məşəqqətdə bulunan əzaları rahat ediniz. Məhəbbət nə olduğunu düşününüz....

Ah, nə gözəl mənzərə! Nə gözəl aləm! Diqqət ilə baxıb da qulaq asınız bu nazik ləpəciklər nələr söyləyirlər. Necə şirin nəğmələr oxuyurlar....

Ana balasını "layla balam, layla" sözləri ilə rahat edir, deyilmi? Siz də gərdişi sevirsiniz isə haman laylanı bu ləpəciklərdən eşidirsiniz.... Ürəyiniz aram ilə döyünür, ruhunuz artıq dərəcədə ləzzətdə bulunarkən fikir edirsiniz. Əcəba, başımda tam gün dolanan qara fikirlər, ürəyimi hər saatda, hər dəqiqədə iztiraba salan işlər harada qaldı?

Tamam vücudunuz ilə gərdişə tabe olub da öz-özünüzə deyirsiniz: mən sevirəm, mən hamını sevirəm....

Canlı, cansız şeylər, bu oturduğum qayıq, bu qayığın dörd tərəfində balaca ləpəciklər, bunlara işıq salan ay, bu üstümdə baxan ulduzlar, bu qayıq altında üzən balıqlar, o kənarda gəzən heyvanlar, bu heyvanlara sahib olan insanlar – bunlar, bunlar hamısı guya mənim məhəbbətimi tələb edirlər....

Fəqət bir az keçmiş gördüyünüz və məhəbbət bağladığınız mənzərə təğyir tapır: odur, bir böyük paraxod tapbıldaya-tapbıldaya var qüvvətlə suyu yara-yara gedir də İdilin həmvar üzünü çaxnaşdırır. Zorba ləpələr paraxodun hər iki tərəfindən, "şişş", səslə bir-birini qovurlar. Rastlarına gələn ufacıq qayıqları, ölüm çanaqlarını bir neçə arşın yuxarı qalxızırlar. Dağın başında bir uçuruma düşən şey kimi balıqçılar bu ölüm çanağında gah yuxarı qalxırlar, gah birdən quyuya bənzər iki ləpə arasına düşürlər. Fikir edirsiniz.... Budur, qayıqçılar hazır suya qərq olacaqlar....

Mənzərənin belə bir təğyir tapmağı halınızı büsbütün dəyişir. Sizə layla vəd edən ləpəciklərin əvəzinə zorba, dəhşətli, hirsli ləpələr, paraxodun suyu yarıb iti getməyi, balıqçıların təhlükəli halları, səs-küyültü, fışıltı sizi yuxu aləmindən yenə məşəqqət aləminə salır.

Yenə əski fikirlər. Yenə müharibə, yenə həyatı hifz edərkən həyatı puç etmək, yenə də tərəqqi-tənəzzül, büğaz, həsəd, kizb, yenə də qanlı başlar, şadxürrəm qəhqəhələr, yenə də acından quru yerdə zır-zır edib can verənlər, qaz əti ilə plov yeyib qu balış üstə istirahət edənlər, yenə millət naminə işləyib milləti satanlar.

Ah, gözəl İdil, mən bu fikirlərdən bir neçə saat azad olmaq istədim, ruhum, bədənim mənim təbii yorunuq istərkən mən sənin nazik, nəzakətli ləpəciklərinə pənah gətirirdim.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info