Qonaq Kitabı
BİR KƏNDİN SƏRGÜZƏŞTİ

 

Keçənlərdə Qafqaz kəndlərindən birində bir neçə vaxt günlər keçirtdim. Bu kənd böyük, zəngin bir kənd idi. Hər kim bu kəndə təzə gəlmiş olsaydı, iki məhəllənin bir-birindən seçilməyini görərdi: məhəllənin biri dağ başında, küçələri toz, torpaq, dar, palçıq evləri bir-birinin içində; ikinci məhəlləyə gəlincə, küçələri enli, təmiz və evləri səliqə ilə tikilmişdi. Məhəllənin biri N. ikincisi isə İ. adı ilə məşhur idi.

Ata-babadan bu məhəllələrə belə bir ad qoyulmuşdu.

Nağıl edirlər ki, N. və İ. iki böyük adamın adları imiş: bunlar vaxtında hərə öz məhəlləsinin abad olmağına cidd-cəhd etmişlər, ona görə də adları həmişəlik qalmışdır....

Bu iki məhəllə bir-birinə oxşamadığı kimi, bunların camaatı da bir-birinə oxşamırdı, yəni hər məhəllənin xalqı xüsusi bir yolla dövran sürürdü. N. məhəlləsinin camaatı ata-babadan yerli, tavanlı olub, günlərini müttəsil kefdə, eyş və işrətdə keçirən bir xalq idi.

Bu məhəllənin adamlarına dürüst diqqət olunsaydı, yəni bunların zindəganlığını mükəmməl surətdə bilən bir adam olsaydı, yəqin ki, deyərdi: belə bir zövq və səfa ilə yaşamaq bunlara irslə çatmışdır.

Biləks, İ. məhəlləsinin camaatı zəhmətkeş bir camaat idi. Bura adamları vaxtında yerlərini əkər və vaxtında biçər; tez-tez şəhərə gedər, alver edər və şəhərdən bir çox şeylər öyrənib daima tərəqqidə bulunardılar. N. camaatı da şəhərə gedərdi, fəqət bu camaata məxsus onlar şəhərdən gələndə ancaq çayxanalarda, qəhvəxanalarda görüb-eşitdiklərindən dəm vurardılar.

Vaxt bir vaxt idi ki, şəhərlərdə məktəb az tapılardı. Bununla belə İ. məhəlləsinin camaatı məktəb fikirinə düşmüşlərdi. Fəqət N. məhəlləsi bu fikirə bir növ mane olurdu.

Məsəla, belə bir məsələ üçün kəndxuda (starşina) hər iki məhəllədən adam çağırardı, vəkillər dəvət edərdi. İ. məhəlləsinin vəkilləri həmişə gələrdilər, halbuki N. məhəlləsindən bir adam da gəlməzdi. Ona görə də məktəb məsələsi uzandıqca uzanırdı. Xülasə İ. məhəlləsinin camaatı camaat işlərində artıq dərəcədə cidd-cəhd edər və öz arasında böyük ittihadla iş görərdi. Sudya, kəndxuda və yainki müəyyən bir iş üçün inmirəlilər həmişəcidd-cəhd edərdilər ki, əməlli adamlarını seçsinlər, yəni seçdikləri şəxslər işə yarayan olsunlar, müftəxor olmasınlar, rüşvət yeməsinlər, camaata xəyanət etməsinlər. N. məhəlləsinin adamları camaat işlərinə qarışmazdılar. Hərdənbir vəkil lazım olanda "Əmi" sözü ortalığa düşərdi. Bu Əminin adı uzun olduğu üçün kimsə onu adı ilə çağırmazdı. Zatən Əminin adını demək olmazdı, çünki N. məhəlləsində böyükləri öz adları ilə adlandırmaq eybli bir şey hesab olunurdu. Möhtərəm adamlara kərbəlayı, məşədi, hacı, xozeyin, fəqət ən böyük adama bu məhəllədə Əmi deyirdilər. Bu məhəllədə, həqiqət, Əmidən başqa bir böyük adam yox idi. Hətta Əmi bir dərəcədə məşhur olmuşdu ki, qeyri kəndlərdə, hətta şəhərlərdə də bu adla tanınmışdı. Xülasə, hamı buna Əmi dəyirdi.

Əmi 70-80 yaşında olardı. Amma bunu da demək gərək ki, bu məhəllədə heç kəs Əminin yaşını bilməzdi. Hamı göz açıb onu tərlan kimi gözəl görmüşdü. Ucaboy, gərdənli, qarasaqqal, xoşsima bir kişi idi. Dövləti başından aşardı. Nəinki N. məhəlləsində, bəlkə bütün kənddə, uezddə dəxi bundan dövlətli zəngin bir adam tapılmazdı.

N. məhəlləsinin camaatı Əmini çox sevir və ona hörmət edirdilər. Bu da səbəbsiz deyildi. Məhəllənin ac bəyləri həmişə bundan borc alardılar. Əksərəndə də vaxtında borclarını verə bilməzdilər və yerləri Əmiyə keçərdi. Əmi qeyri adamlara da sələmlə pul verərdi. Kişi doğrudan da yaxşı adam idi. Kasıb-kusuba kömək edərdi. Bunlara pul buraxardı. Ancaq borcunu vaxtında verməyəndə onlara ağalıq etməyi də unutmazdı. Yəni ata oğluna tənbih edən kimi Əmi də onlara nisaq biçərdi ki, gələcəkdə sözlərinin üstə dursunlar ... və bu səbəblərə görəmi, ya qeyri bir səbəblərə görə camaat Əmini çox sevərdi. Və sevmək də lazım idi, çünki N. məhəlləsinin camaatından xəbərsiz Əmi lazım olan vaxt camaatın tərəfindən danışar, işlərini düzəldər, onlara artıq zəhmət verməzdi. N. məhəlləsinin camaatına da belə bir şey lazım idi. Starşina ilə, pristavla çənələşmək asan iş deyil, bir az hətta xatası da var. Bir də pristav və naçalnik gələndə həmişə Əminin evində düşərdilər. Bu iş Əminin adını daha artıq ucalandırırdı. Bunu Əmi özü də anlamışdı, camatını yaxşı tanıyırdı, bilirdi ki, belə adamlarla durub-oturmaq camaatın nəzərində böyük şeydir. Hətta belə olmuşdu ki, İ. məhəlləsinin camaatı da Əmidən çəkinirdi və özü də bunu guya sevirlər, buna hörmət edirlərdi. Fəqət ürəklərində buna gülür və çox şad olurdular ki, N. camaatının arasında Əminin nüfuzu gündən-günə artır. Şad olmaqlarına da səbəb var idi. İ. məhəlləsinin camaatı gözüaçıq camaat idi. Fikir edirdi ki, bir camaatın işini ancaq dünyadan xəbərdar, elmli bir adam yaxşı apara bilir. Əmi isə öz kəndindən başqa özgə aləm görməmiş, bir şeydən baş çıxarmazdı. Doğrusu, İ. məhəlləsinin camaatı durbin camaat idi. Əminin N. məhəlləsində nüfuzu artmaq üçün qəsdən Əmini tərif edir və naməlsəmlilərə: "Siz çox xoşbəxtsiniz ki, Əmi kimi böyüyünüz var" deyirdilər. N. camaatı da bu sözləri eşidib deyirdi ki, "Gör Əmi necə ağıllı, fərasətli adamdır ki, rəqiblər də onu böyük adam hesab edirlər".

Daha bizim sözümüz olmaz. Bu xəyalla daha Əmiyə artıq bir iman gətirir, işlərini, hüquqlarını tamamilə ona tapşırırdılar. Hətta iş bir mərtəbəyə çatmışdı ki, ortalığa ən mühüm bir məsələ gələndə N. camaatı heç bir vaxt yığılıb onu müzakirə etməzdi və etməyə ehtiyac da yox idi; çünki yüz baş bir olsa idi, genə Əminin başı kimi olmazdı. O deyən gərək olaydı. Ona görə camaat da arxayın olub öz yerində oturmuşdu. İ. məhəlləsi bu əhvalı görüb dodaqaltı gülürdü. Doğrusu, iki məhəllə ata-babadan bir-birinə düşmən gözü ilə baxırdı. Ona görə də bu kənddə kəndxuda naçar bir halda bulunurdu. Bu kənddə bir-iki ildən artıq kəndxuda davam edə bilməzdi. Kəndxuda İ. məhəlləsindən olanda öz məhəlləsinin tərəfini saxlardı. N. məhəlləsindən olan da öz camaatının tərəfini saxlardı, nə isə, kəndin baxtındanmı, ya bir qeyri səbəbdənmi bu kənddə də bitərəf kəndxuda tapılmırdı. Amma yenə İ. məhəlləsinin tərəfini saxlayan kəndxuda bir az çox davam edirdi; çünki İ. məhəlləsinin tərəfdarı bilirdi ki, tamam N. məhəlləsi bir Əmidən ibarətdir, Əmini də lazımınca görərdi. Əlbəttə Əmiyə pul lazım deyildi. Bir medal və bir xaç almaq hər şeydən yaxşı idi. Doğrudan da, Əmi dünyanın hər bir ləzətini görmək istərdi. Və nə üçün də görməsin?! Fikir edərdi: pul ki var, onunla hər şey almaq olar; hətta onunla böyüklük də qazanmaq mümkündür.

Və heç bir təəcüb etməməli! Həqiqət, pulun gücünə böyük adam olmaq olar, yəni böyük adamlarla durub-oturmaq olar. Buna da bir artıq şey lazım olmurdu: birinə qoyun, birinə inək bağışlardı. Birinə motal göndərərdi. Nə bilim daha, nə, nə!

Bir neçə vaxt kəndə böyük nizamsızlıq düşmüşdü. Adam öldürmək, oğurluq, quldurluq nəhayət dərəcədə intişar tapmışdı. Kəndin öz xahişinə görə bu kənddə dövlət tərəfindən bir bitərəf kəndxuda təyin olundu. Doğrudan da təzə kəndxuda yaxşı adama bənzəyirdi.

Bunun adı Daşdəmir idi. Doğrudan da dəmir kimi bir adam idi; özü yaxşı oxumuş, yaxşı niyyətli bir kəndxuda idi. Kəndin işlərini gələn kimi düzəltdi. Oğurluq, quldurluq tamamilə götürüldü....

Bir neçə vaxt keçəndən sonra təzə kəndxuda gördü ki, N. məhəlləsinin camaatı heç bir vaxt kənd işlərinə qarışmır və çağıranda da gəlmir; ancaq Əmi camaatın tərəfindən hərdənbir ortalığa tullanır. Məsələ, kənddə məktəb açmaq istəyirlər. İ. məhəlləsinin üzdə olan adamları tamamilə gəlir, danışır, çığır-bağır salırlar. N. məhəlləsindən ya heç adam olmur, ya olsa da bir Əmi gəlir, ya gəlmir.... Bir gün belə, iki gün belə.... Axırda bir gün Daşdəmir kəndxuda arvadına deyir: "Mən, doğrusu, N. məhəlləsinin adamlarına təəccüb edirəm. Bunlarda heç bir insan sifəti görünmür, bunlar qoyun kimi şeydirlər. Amma qaldı ki, İ. məhəlləsinin adamları yırtıcı bir camaatdır. Bunlardan qorxmalı. Doğrudur, bunların aralarında bəyzadəzad yoxdur, hamısı fəqir adamdırlar. Fəqət dünyadan xəbərdardırlar, öz hüquqlarına bir az toxunanda arı kimi adamın üstünə tökülürlər". Arvad kəndxudaya dedi: "İ. məhəlləsinin camaatını sən hala yaxşı tanımırsan. Hərgah istəyirsən ad qazanasan, qulluğun artsın, özünü o tərəfə ver, çünki onlar çığıran-bağırandırlar, heç bir şeydən görəsən ki, bir böyük şey düzəltdilər. Mənim atam bu məhəllədən olmağa görə bunların barəsində uşaqlıqdan çox şeylər eşitmişəm".

Arvadın sözləri kəndxudanın beyninə batdı. O gündən kəndxuda N. məhəlləsinin camaatına qeyri bir nəzərlə baxardı. O məhəllədən bir adam şikayətlə gəlirdisə Əmidən soruşardı. Əmi də işə baxardı. Özünə xoş gələn adam olsaydı, deyərdi, gərəkdir kömək oluna, xoş gəlməyən adamı itirdirdi. Buna birəks İ. məhəlləsində bir ittifaq düşərdisə,tez özü gedərdi, işlərinə diqqətlə baxardı, sərəncam çəkərdi....

Nə isə Daşdəmir kəndxuda işlərini bir növ yola aparırdı. O, hamı kəndxudalardan bu kənddə artıq yaşadı. Hörməti də günbəgün naçalnik yanında artdı. Axırda bu payəyə çatdı ki, bir gün qubernator kəndə gələndə ağsaqqalların hüzurunda kəndxudaya dedi: "Mən sənin qulluqların əvəzinə böyük mənsəb verəcəyəm". Bu məclisdə Əmi də var idi, camaat isə öz tərəfindən kəndxudanın yaxşı adam olmasını qubernatora söylədi.

Bu gündən Əmi daha da Daşdəmirə yavıqlaşdı. Nə üçün də yavıqlaşmasın?! Gördü ki, kəndxudanın xatirini qubernator istəyir. Əmiyə də elə bu lazım idi.... Kəndin yavıqlığında bir bulaq var idi. Qədimdən adət üzrə bu bulağın suyunu həftədə üç gün bir məhəllə öz tərəfinə aparardı. Bir gün belə oldu ki, İ. məhəlləsi suyu dörd gün öz məhəllələrinə buraxdılar. N. məhəlləsinin adamları bu əhvalatı Əmiyə dedilər. Əmi dedi: "Yaxşı, mən danışaram". Doğrudan da Əmi kəndxuda ilə görüşüb bu əhvalatı dedi.

Kəndxuda Əmiyə dedi: "İ. məhəlləsi üçün bu həftə su çox lazım olduğuna görə məndən təvəqqe etmişdilər ki, bir gün artıq su götürsünlər. Sizdən təvəqqe edirəm kəndxudanın işinə qarışmayasınız". Əmi övqatı çox təlx evə gəldi. Amma bunu da bilməli ki, Əmini kəndxudanın sözləri qorxutmuşdu. Bu vaxtədək Əmi belə sərt söz eşitməmişdi.

Əmi fikir edərdi; görünür kəndxudanın beli bərkdir ki, Əmi kimi adamla belə cürətlə danışır, bununla belə Əmi məhəlləsinin adamlarına dedi: - Bəli, mən kəndxudaya əhvalatı dedim o, əfsus etdi ki, bir ittifaqdır düşüb daha olmaz dedi.

Məhəllə camaatı sakit oldu.

Bu əhvalat hər ikisini imtahan meydanına çəkdi: Əmi puluna, adına ümid bağlayıb fikir edərdi: "Əlbəttə, kəndxuda mənim sözlərimi yerə salmaz". Kəndxuda isə sərt cavab verib Əminin gücünü sınayırdı. Bu fikir edərdi: "Hərgah doğrudan Əmi sidq ürəklə camaatın tərəfini saxlayır isə, əlbəttə, bir iş meydana gələcəkdir.Yəni camaata düz-düzünə deyər, camaat isə öz hüququnu müdafiə etmək üçün yanıma gələr, dərdini söyləyər...."

Həqiqət, kəndxuda ağıllı bir adam idi. İki həftədən sonra İ. məhəlləsinin adamları yenə də bir gün artıq suyu öz məhəllərinə buraxdılar.... N. məhəlləsi yenə Əmiyə ricu etdilər. Əmi yenə söz verdi ki, kənxuda ilə danışar. Fəqət bu dəfə Əmi qorxusundan kəndxudaya heç bir söz demədi. Bununla belə məhəllə camaatına dedi ki:

- Kəndxudaya olmayan sözləri dedim, kəndxuda isə cavab verdi, məni bağışlayın, daha belə şeylər olmaz.

Camaat Əmiyə inandı və sakit oldu.

Yenə bir gün belə bir ittifaq düşəndə N. məhəlləsinin bir neçə cavanları daha səbr edə bilməyib əllərində bel su başına getdilər. Bu vaxt İ. məhəlləsinin cavanlarından da bir neçəsi su başında oturmuşdular. İki məhəllə adamlarının arasında söz oldu. N. məhəlləsinin adamları istədilər suyu öz tərəflərinə buraxsınlar. İ. məhəlləsinin adamları bunlara mane oldular. Birə beş bir-birinə söyəndən sonra bellərə yapışdılar.... Bunların çığırtısına kənddən hər iki məhəllədən adamlar töküldülər. Kəndxuda gəldi. N. məhəlləsinin adamlarından bir neçəsini tutdurdu. İ. məhəlləsinin adamlarına bir söz də demədi. N. məhəlləsinin adamları Əminin yanına gəldilər, əhvalatı söylədilər.

Əmi çığır-bağır etdi: atdı, tutdu və axırda dedi:

- Heyif ki, mən hazırda naxoşam, siz gediniz rahat olunuz, görərsiniz, mən kəndxudanın başına nə oyunlar gətirəcəyəm.

Məhəllə adamı inanıb getdi, sabahı gün Əmi axşamçağı bir qoyun, bir motal kəndxudaya göndərdi, sonra özü də getdi.... Kəndxuda Əmini görüb dedi:

- Dünənki əhvalat mənim övqatımı təlx edibdir. Bu gün naçalnikə də, qubernatora da raport yazmışam. Bir-iki adam gərəkdir bu kənddən sürülə, özü də sizin məhəllədən." Əmi gülümsünüb dedi:

- Bəli, bəli, bizim məhəlləni xarab edənlər var. Bir-iki başlarına at təpmiş cavanlar gərəkdir bu kənddən sürülə....

N. məhəlləsinin camaatı gözlədi, gözlədi, bir şey çıxmadı.

Kəndxuda öz-özünə fikir edirdi: "Doğrudan da bu məhəllənin camaatı heyvan qismi bir zaddılar. Bunların başlarınə nə gətirərsən yarar". Bununla belə İ. məhəlləsinin camaatı səhərnən açıq-açığına kəndxudanın evinin qabağına dəstədəstə yığıldılar, səs-küy etdilər və üç adamın kənddən sürülməyini tələb etdilər. Naməlsəm məhəlləsindən üç adamı əlli-ayaqlı göndərdilər.

Bu davadan sonra iki məhəllənin arası daha da yaman pozuldu: hər yerdə hər zaman əllərindən gələn pisliyi bir-birinə edərdilər. Bir gün N. məhəlləsinin arvad-uşaqları su başında olarkən İ. məhəlləsinin cavanları bu arvadlara sataşırlar. Hətta bir-iki qız-gəlin tutub öpürlər. Arvad-uşaq bir-birinə qarışıb kəndə qaçır, hərə öz evində bu əhvalatı söyləyir. Məhəllə adamı bilmir nə etsin. Çarə yoxdur, yenə gərəkdir. Əmiyə demək, onunla məsləhətləşmək! Əminin yanına gəlib əhvalatı söyləyirlər.

Əmi məhəllə qeyrətini göstərməkdən ötrü papağını qoyur yerə, yumruğu ilə stola vurub deyir:

- Siz bircə rahat olunuz, görərsiniz mən bu kəndxudanın başına nə işlər gətirəcəyəm. O nə adamdır ki, mən onunla danışım, bu günlərdə şəhərə gedəcəyəm, düz qubernatorun yanına gedib tamam əhvalatı söyləyəcəyəm.

Bir-iki gün bundan keçmiş kəndxuda Əminin yanına gəlir. Əmi tez xörək tədarük etdirir. Ancaq kəndxuda deyir:

- Cənab Əmi, sizin yanınıza xörək yeməyə gəlməmişəm. Mən gəlmişəm sizə bir neçə söz deyəm: Mən eşidirəm sizin məhəllədə bir neçə tədarüklər görülür, guya sizin məhəllə İ. məhəlləsinin üstə düşüb istəyirlər dava edələr. Mən yaxşı bilirəm ki, məhəllə adamı sizin sözünüzdən çıxmaz.... Bu, naçalnikə də məlumdur.... İndi özünüz bilirsiniz, hərgah belə bir əhvalat olsa siz cavab verməlisiniz....

Əmi doğrudan doğru qorxdu və dedi:

- Cənab kəndxuda, mən hamının tərəfindən söz verirəm ki, belə şey heç kimin başında ola bilməz və camaatımız heç vaxt belə naqabil işlər etməz.

Kəndxuda durub gedəndə Əmi yüz manat da verdi ki, kəndin yetim uşaqlarına, dul arvadlarına paylasın ... kəndxuda gedəndən sonra Əmi tez məhəllədən bir adam çağırtdırıb dedi:

- İndi kəndxuda yanıma gəlmişdi. Eşidibdir ki, bizim məhəllə adamı istəyir dava etsin." Mən kəndxudaya dedim: Əlbəttə, bu biabırçılığı kim qəbul edər ki, biz edək. Mən dedim hələ qubernatora bu əhvalatı deyəcəyəm. Kəndxuda məndən təvəqqe etdi ki, mən bu adamın qabağını saxladım; çünki müqəssirlər öz cəzalarına çatarlar. Ancaq bir az səbr lazımdır. İşlər hamısı düzələr, barışıq düşər.... Bunun cavabında mən dedim: Yox, olmaz, bu işi belə qoymaq olmaz.

Bu sözləri Əmi acıqlı deyib bir az fikrə getdi." Sonra başladı: hər halda belə bir əhvalat varsa siz qabağını saxlayın, çünki mən qubernatorun yanına gedib hamı işlər düzəldərəm və çalışacağam bu kəndxudanı buradan götürsünlər.

Əminin yanına yığılan adamlardan biri dedi:

- Əmi, sən bizim atamızsan, nə deyirsən qulaq asırıq. Ancaq belə də olmasın ki, bizim arvad-uşağımıza sataşsınlar. Biz, doğrusu, bunu qəbul edə bilmərik.

Onun cavabında Əmi dedi:

- Siz arxayın olun, mən özüm bilirəm. Ancaq siz uşaq-muşağın qabağını saxlayınız.

Doğrudan da sabahı gün Əmi şəhərə getdi. Alver edib kəndə qayıtdı. Qubernatoru nəinki görmədi hətta qorxusundan qubernator olan küçədən də keçmədi.... Məhəllə adamı Əminin şəhərdən gəldiyini eşidib bir-birinə dəydilər. Xalq Əminin evinə töküldü. Nə oldu? Nə dedi? Suallarını Əmiyə bir-bir verdilər. Əmi bunlara cavab verərək dedi:

- A kişilər, siz bilmirsinizmi mən ölənədək varımı, yoxumu sizin yolunuzda qoymağa hazıram. Pul görən işi heç bir şey görməz. Nə olacaq, lazımınca pul xərc etdim. Hamı işləri düzəltdim. İndi kəndxudanın atasına od vuracağam. Siz gediniz, arxayın yerinizdə oturunuz, işin aqibətini gözləyiniz." Biçarə məhəllə adamı da gözləyə-gözləyə qaldı. Axırda N. məhəlləsindən bir neçə adam qazamata düşdü....

İ. məhəlləsinin adamı bu ittifaqlardan sonra belə bir ayaq aldı ki, daha o məhəllənin qorxusundan, axşamçağı Naməlsəm məhəlləsinin adamı evdən çıxa bilməzdi.

Getdikcə, bu məhəllənin halı fənalaşdı. Kəndxuda isə N. məhəlləsinin hünərini görüb heç qorxmazdı və bacardığı yerədək İ. camaatına kömək edərdi, sözlərinə qulaq asardı, şikayətlərinə artıq dərəcədə diqqət edib lazımınca sərəncam çəkərdi. Nə üçün də etməyəydi? Kəndxuda dünyagörmüş, ağıllı bir adam idi.... Bilirdi ki, İ. camaatının şəhərdə yaxşı işbilən, oxumuş adamları vardır. Bunu da anlamışdı ki, bir iş olanda şəhərə xəbər gedir, adam göndərirlər və nə ki, lazımdır işlərini düzəldirlər.

Bilirdi ki, bunlara yavıqlıq etsə, qulluq işləri də yaxşı gedəcəkdir. Həqiqət kəndxuda olmayan işləri N. məhəlləsinin başına gətirdi, bununla belə şəhərdə naçalnik, qubernatorun yanında hörməti günbəgün artırdı.

Bəli, vaxt oldu ki, şəhərdə pristavlıq yeri açıldı. Daşdəmir koxanı oraya təyin etdilər. Bu xəbər kəndə çatdı. İ. camaatı nəhayət dərəcədə qəmgin oldu. N. camaatı isə əhvalatı eşidib şadlıq etdilər: atıldılar, düşdülər. Kəndxudanın getməyindən bir gün müqəddəm Əmi öz məhəlləsinin adamlarını yığıb gülə-gülə onları təbrik edib dedi: Ay camaat, sizə məlumdur ki, bu zalım balası başımıza nə oyunlar gətirdi. İndi biz gərək öz koxamıza göstərək tainki bilsin ki, biz ondan narazıyıq, ona görə də mən məsləhət edirəm: o yola düşəndə heç kim onu ötürməyə çıxmasın. Onunla salamlaşmasın. Fəqət bir mənim getməyim məsləhətdir. Tainki gedəndə bir neçə söz demək lazımdır: bilsin, düşünsün ki, biz də varıq....

Camaat buna razı oldu.

Səhər İ. camaatı hamılıqla kəndin kənarına çıxıb kəndxudanı ötürməyə hazırlaşdılar. N. məhəlləsindən isə Əmidən başqa bir adam yox idi. İ. məhəlləsindən vəkillər bir-bir qabağa yeriyib kəndxudanı alqışladılar, nitqlər söylədilər, hətta bir neçəsi ağladı.

Bu halda Əmi də qabağa yeriyib dedi:

- Sevgili, mehriban kəndxuda, sizi N. məhəlləsinin tərəfindən səmimi qəlbdən təbrik edirəm. Biz çox heyfsilənirik ki, sizi bizdən ayırdılar. Allah sizi bizə çox görməsin. Sizi özümüzə ata bilirdik....

Hətta yalandan dodağını da büzdü ki, guya ağlamaq istəyir....

Həqiqət, halda isə N. camaatının bu yığıncaqda olmamağını kəndxuda heç bilmədi və hiss etmədi. Çünki o heç vaxt camaatı görməmişdi. Camaatın əvəzinə həmişə Əmi söylərdi o da ki, burada.

Bəli, kəndxuda getdi. Kənddən ayrıldı. Ayrıldı, amma ürəyində açılmaz düyün qaldı. Kəndxuda gedə-gedə öz aləmində fikir edirdi: "N. məhəlləsinin camaatı qəribə bir camaatdır. Bunlar ya çox yaxşı adamlardır, ya da ki, çox axmaq. Mən əlimdən gələn yaxşılıqları onların düşmənlərinə etdim, onları hər vaxt düşmənlərinin ayaqlarına verdim, bununla belə yenə də Əmi kimi nüfuzlu bir şəxsi məni təbrik etmək üçün göndərdilər.

Kəndxuda doğrudan da bilmədi bu camaaat nəyə qulluq edir, hansı Allaha səcdə edir, hansı ağlın, hansı qeyrətin sahibidir.

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info