Qonaq Kitabı
SƏTTARXANA

 

Hali-məczubim görüb, qare, demə divanədir,

Nəreyi-şuridəmi zənn etmə bir əfsanədir,

Şairəm, təbim dəniz, şeri-tərim dürdanədir,

Bəhcətim, eyşim, sürurim, vəcdim əhraranədir,

İncizabim cürəti-mərdaneyi-mərdanədir,

Afərinim himməti-valayi-Səttarxanədir.

 

Ta ki, millət məcməin Tehranda viran etdilər,

Türklər Səttarxan ilə əhdü peyman etdilər,

Zülmü istibdadə qarşı nifrət elan etdilər,

Millətə, milliyyətə can nəqdi qurban etdilər,

Ayeyi-“zibhi-əzim” itlaqı ol qurbanədir,

Afərinim himməti-valayi-Səttarxanədir.

 

Həq mədədkar oldu Azərbaycan ətrakına,

Ali-Qacarın[1] protest etdilər Zöhhakına,

Ol şəhidanın səlam olsun rəvani-pakına

Kim, tökilmiş qanları Təbrizü Tehran xakına,

Onların cənnət deyildir mənzili, aya, nədir?

Afərinim himməti-valayi-Səttarxanədir.

 

Iştə Səttarxan, baxız, bir növ iqdamat edib,

Bir vəzirü çşahı yox, dünyanı yeksər mat edib,

Irzi-islamı, vətən namusunu yüz qat edib,

Hörməti-heysiyyəti-milliyyətin isbat edib,

Indi dünyanın təvəccöh nöqtəsi İranədir,

Afərinim himməti-valayi-Səttarxanədir.

 

İştə Səttarxan, baxız, İranı ihya eylədi,

Türklük, iranlılıq təklifini ifa eylədi,

Bir rəşadət, bir hünər göstərdi, dəva eylədi,

Dövlətin bir eynini dünyadə risva eylədi,

Qaçmayıb pərvanətək oddan, demə pərvanədir,

Afərinim himməti-valayi-Səttarxanədir.

 

Afərin təbriziyan, etdiz əcəb əhdə vəfa!

Düstü düşmən əl açıb eylər sizə səd mərhəba!

Çox yaşa, dövlətli Səttar xan, əfəndim, çox yaşa!

Cənnəti-əladə peyğəmbər sizə eylər dua,

Çün bu xidmətlər bütün isləmədir, insanədir,

Afərinim himməti-valayi-Səttarxanədir.

 

 

Ilk dəfə “Molla Nəsrəddin” jurnalında (20 oktyabr 1908, â„– 42) “Məczub” imzası ilə çap olunmuşdur.

 



[1] Qacarilər – 1794-1925-ci illərdə İranda hakimiyyət sürmüş sülalə.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info