Qonaq Kitabı
NƏ YAZIM?

 

Şairəm, çünki vəzifəm budur əşar yazım,

Gördüyüm nikü bədi eyləyim izhar, yazım,

Günü parlaq, günüzü ağ, gecəni tar yazım,

Pisi pis, əyrini əyri, düzü həmvar yazım,

Niyə bəs boylə bərəldirsən, a qare, gözünü?

Yoxsa bu ayinədə əyri görürsən özünü?!

 

Şerə məşğul edərək xatiri-qəmmaliyimi,

Qoyuram qənşərimə kağizimi, çernilimi,

Gəlirəm yazmağa bir kəlmə, - tutursan əlimi,

Qorxuram, ya nə üçün, - çünki kəsirsən dilimi!

Ey əcəb, mən ki, sədaqət yolunu azmayıram,

Hələ gördüklərimin dörddə birin yazmayıram!

 

Hələ mən dörddə birin yazmayıram, karına bax,

Üstümə gündə söyürsən bu qədər, arına bax,

Özün insaf elə, əfkarına, ətvarına bax,

Istəmirsən yazam? Öz eybli kirdarına bax!

Kişi, sən eybini qan, mənlə əbəs cəng eləmə!

Özünü, həm məni bu barədə diltəng eləmə!!

 

Görür ərbabi-qələm qayeyi-amalınızı,

Məndən artıq yaza bilməkdə ikən halınızı, -

Yazmır onlar dəxi on dörddə bir əfalınızı,

Özünüzsüz olara yazdıran əhvalınızı...

Yoxsa bu eybdən aləmdə mübərradır olar,

Boylə alçaq yazıdan min kərə əladır olar!

 

Necə mən dörddə birin yazmağa eymən deyiləm,

Qorxur on dörddə birin yazmağa həm əhli-qələm;

Sən əgər söz verəsən: “Qorxma, qıl əhvali rəqəm”,

Vəzi-halın yazılarsa zili-zilü bəmi bəm,

Elə bir halə düşərsən ki, tükün biz-biz olar,

Əyninə geyməyə şey tapmasan, astar üz olar!..

 

 

Ilk dəfə “Molla Nəsrəddin” jurnalında (113 oktyabr 1908, â„– 41) “Əbunəsr Şeybani” imzası ilə çap olunmuşdur.

 

 

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info