Qonaq Kitabı
RƏHGÜZARİ-MƏXLUQATDA BİR MÖHTACİ-MƏSARİF

 

Ey dərbədər gəzib ürəyi qan olan çocuq!

Bir löqmə nan üçün gözü giryan olan çocuq!

Əşkilə abrusu da rizan olan çocuq!

Mətlubi nan, qazandığı hirman olan çocuq!

 

Insan kimi bilinsə idi qədrü qiymətin,

Açmış olurdu məktəbi-milli cəmaətin,

Dərk etmək istəmir hələ bu feyzi millətin,

Qalsın nihan vədieyi-fitri-məharətin;

Ey ehtişami-milləti talan olan çocuq!

Ey dərbədər gəzib ürəyi qan olan çocuq!

 

Ey gövhəri-fitadə-bəgil, qal nihan hənuz,

Sərrafi-qədrdan deyil islamyan hənuz,

Məşğul xurdü xabdır ərbabi-şan hənuz,

Var ortalıqda söhbəti-dəvayi-nan hənuz,

Yox gövhəri-səadətə xahan olan çocuq!

Ey dərbədər gəzib ürəyi qan olan çocuq!

 

Həqli deyil o kim sənə der: var qəbahətin;

Məncə qəbahət isə olur hali millətin...

Etsəydi tərbiyət səni əhli-vilayətin,

Sailliyə qalırmıdı hərgiz də rəğbətin?!

Başsız qalıb ayaqlara üftan olan çocuq!

Ey dərbədər gəzib ürəyi qan olan çocuq!

 

Ey nəxleyi-vətən, əsəf olsun bu halına

Kim, bəxşi-tərbiyət edənin yox nihalına!

Bilməm nələr gəlir şu qaranlıq xəyalına...

Baxdıqca yalü balına yandım məlalına!

Ey vadiyi-səfaləti puyan olan çocuq!

Ey dərbədər gəzib ürəyi qan olan çocuq!

 

Olsun əsəf o millətə kim, bixəyaldır,

Yaxud xəyalı kəndinə təksiri-maldır;

Yavrum, quzum, yatanlar ayılmaz, məhaldır,

Ancaq mənimki nalə, səninki süaldır...

Ey mən kimi tənəffürə şayan olan çocuq!

Ey dərbədər gəzib ürəyi qan olan çocuq!

 

 

 

Ilk dəfə “Molla Nəsrəddin” jurnalında (9 mart 1908, â„– 10) imzasız çap olunmuşdur.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info