Qonaq Kitabı
PİR

I

 

İyun ayının ortası idi. Günlər çox isti keçirdi.... Məşədi Allahverən sabah namazına durub arvadını tələsik durquzdu:

-   Ay qız Gülbadam! Gülbadam! Tez ol dur, uşağı da durquz, vaxt keçir hava sərin ikən yola düşək.

Gülbadam sərsəm yuxudan oyanıb oturdu, gözlərini ova-ova o yan-bu yanına baxdı, istədi ərinə deyə: "Nə üçün çığır-bağır edirsən, yatmağa qoymursan?...." Sonra fikrinə gəldi ki, gərək pirə gedələr.... Heç bir şey söyləməyib bir az gərnəşdi, sonra əlləri ilə gözlərinə düşən saçlarını düzəltdi, boynuna düşmüş ağ çit, qara çiçəkli yaylığı başına salıb boğazının altından sıxdı. Ağ donunu geyindi, əsnədi, istər-istəməz ayağa durdu. Üzsüz boz balışı, üzü qırmızı çiçəkli çitdən mitəkkəni döşəyin ortasına qoydu, sonra yorğan əvəzinə üstünə saldığı ağ döşək üzünü qatlayıb istəyirdi yerini yığsın, bu vaxt Məşədi Allahverən namazını qurtarıb arvadına dedi:

-  Yerləri yığmaq istəməz, gələrsən sonra yığarsan, vaxt keçir, sən uşağı durquz.

Gülbadam döşəyi buraxıb iki dizləri üstə çökdü, bir az uşağın üzünə baxıb ağ kisəyi köynəyinin enli qolları ilə uşağın alnındakı təri sildi və sonra: "Cəbi! Anan sənə qurban, Cəbi! Oyan, dur gedək. Dədən səni toşiyə mindirəcəkdir" deyə durquzurdu.

-  Bir az yavaş, qorxar!" - deyib, Məşədi Allahverən axırıncı duasından əl çəkdi.

Axırıncı sözləri də bu idi: "Pərvərdigara! Mənim bu balama nicat ver!". Ondan qabaqkı sözlər də buna oxşar sözlər idi. Daha doğrusu, sözlər deyildi, fikirlər idi. Həmişə namazdan sonra əllərini yuxarı qaldırıb fikrindən keçirərdi: "Pərvərdigara! Özün şahidsən, buyurduğun əmrləri yerinə yetirirəm: orucumu tuturam, namazımı vaxtında qılıram....Özün şahidsən, rəbbim! Yetir, pərvərdigara! Bu "yetir" sözünü hər vaxt deyəndə tamam məişətini, alını-verini, zərərini-xeyrini fikrindən keçirərdi. Elə də deyilidi ki, "ehdinəssiratəl müstəqim"in mənasını bilib də daha "allah, mənə doğru yol göstər" kimi sözləri bir də təkrar etməyə ehtiyac qalmaya idi. Xeyr, Məşədi Allahverən düz əlli yaşında idi və on beş yaşından namaz qılardı, bu sözlərin mənasını bilməzdi və heç fikrinə gəlməzdi ki, namazda deyirlər: Allah! Mənim ürəyimi təmizlə, mənə doğru yol göstər, o yolu ki, sənin tərəfinə gedir, o yoldan uzaq et ki, səndən uzaq düşür. Mənim qəlbimi yumşalt, həlim və mehriban et.... Belə fikirləri Məşədi Allahverən nəinki namaz vaxtında, hətta mərsiyəxan oxuyanda da başından keçirtməzdi. Bir gün hətta mərsiyəxan ağzı qızışmış bir vaxtda dedi:

- Ey camaat, dürüst qulaq veriniz. Dizi üstə əyləşiniz, bir fərd oxuyacağam, demirəm başınıza vurun, yox. Ancaq bu oxuduğum sözlərə göz yaşı tökərsinizsə və haman dəm ürəyinizdən nə istəsəniz qəbulə keçər.

Məşədi Allahverən doğrudan çox-çox ağladı və ürəyindən bunu keçirtdi: "Allah, mənə bir övlad ver!"

Zatən Məşədi Allahverənin ancaq bu fikirdə olmağının və bu kimi şeylər öz allahından istəməyinin səbəbi var idi. Onun heç bir şeyə ehtiyacı yox idi: dükanı yaxşı işləyirdi, yaxşı qazanırdı. Hələ bir az bankda, bir az da əllərdə faizlə pulları dolanırdı. Fəqət bir şeydən bədbəxt idi: övladı olmurdu.

Məşədi Allahverən ibtida bir arvad aldı, gözəl, göyçək. 30 il onunla gün keçirib övladı olmadı. Sonra istədi birini də alsın, arvad razı olmurdu. Ürəkdən boşamaq da istəyirdi. Fəqət qorxurdu. Çünki arvadın qohumları bir az qolçomaq hesab olunurdular. Axırda əlacı üzülüb arvad ilə gündə dava-qalmaqal edirdi, deyirlər, guya döyərdi, söyərdi, hətta ac da qoyardı.... Bu səbəbdənmi və ya qeyri bir səbəbdən arvadı öldü. İkinci dəfə yenə bir pakizə qız aldı. Üç ilin ərzində iki dəfə uşağa qaldı: birində üç aylıq, ikinci dəfə altı aylıq uşaqları düşürdü. Bu biçarə arvad vaxtsız doğmaqdanmı və ya qeyri bir səbəblərdən ağrılara, mərəzlərə mübtəla oldu. Günbəgün əriyib gah qarnından dad vurardı, gah başından, gah bütün bədənini ağrı tutardı. Məşədi Allahverənin buna yazığı gəlib boşamaq istəməzdi. Çünki arvadın heç bir kəsi yox idi. Fəqət atasından qalan bir-iki evin sahibi idi. Məşədi Allahverən bilirdi ki, boşasa yazıq arvad evləri tək dolandıra bilməyəcəkdir. Buna binaən boşamaq da istəmirdi. Fəqət arvad həmişə naxoş, zəif olduğuna görə ev işləri yaxşı getmirdi.... Məşədi də "məhrəm" bir "qulluqçu" gəzirdi. Bu fikrini aşkar edib arvadından izin istədi. Arvadı da çarəsiz qalıb razı oldu. Tələsik yavuq kənddən dul, çopur Gülbadamı aldı. Doğrusunu da demək Məşədinin daha o vaxtı deyildi ki, gözəl qız arasın. Əlli yaşında, başı balaca, üzü enli, burnuyekə, balacaboy, gözləri bir az çəp, həna altından bozaran saqqallı bir kişiyə nə gözəllik aramaq? Xeyr, Məşədi Allahverən öz "qədrqiymətini" bilən adam deyildisə də, daha çox da gözəl arvad almaq fikirlərini etməzdi. Ona ancaq övlad lazım idi. Ona bina Gülbadamı aldı. Fəqət nə üçün şəhərdən almayıb kənddən aldı? Gülbadam kimi şəhərdə çox dullar var idi. Bu da bir gizlin məsələ idi. Ancaq Məşədi özü bilirdi.... Hər halda pirin adı çəkiləndə Gülbadamın da adı çəkilirdi.... Məşədi də fikir edərdi: "Bəlkə Gülbadam pirsevən xoşbəxtlərdəndir...." İştə Gülbadamı aldı ki, bəlkə övladı ola.

Doğrudan da bir il keçməmiş Gülbadam uşağa qaldı. O vaxtlarda da Məşədi Allahverənin naxoş arvadı bir sümük bir dəridə ikən canını tapşırdı. Bunun ölməyi Məşədi Allahverəni ağlatmadısa da, ürəyini yandırdı. Çünki əli arvadın mülkündən çıxırdı; vərəsələr var idi.... Gülbadam arvadın ölməyinə qeyri günülər kimi nəinki sevinmədi, hətta bir az da qəmgin oldu. Çünki naxoş, zəif arvada yazığı gəlirdi.

Gülbadam ürəyi yumşaq, rəhmli adam idi. Sağlığında zəif, naxoş arvada nəinki "günülük" etməzdi, hətta bir az da hörmət edərdi. Vaxtında xörəyini verərdi, yedizdirərdi və hamama aparıb çimizdirərdi. Deyirlər, guya "günü gününün ölməyini istər", fəqət bu arşınla hamı günüləri ölçsək işimiz fəna olar. Doğrudan da, insanda bir-birinin ölməyini istəmək vəhşilikdir, deyilmi? Belə isə iki arvad, üç arvad və daha çox arvad almaq neçə milyon arvadları vəhşi edərdi.... Nə isə, özgə günüləri bilmirəm, fəqət Gülbadam qeyrilərinə oxşamazdı. Bu naxoş arvada Gülbadamın yazığı gələrdi, yazığı gələn adamın ölməyini. də  təməzlər....

Məşədi Allahverən də vaxtında bu naxoş məzlumə arvadı sevərdi, fəqət uşaq məsələsində ümidini ondan üzəndən sonra Gülbadama məhəbbətini salmışdı.... İndi odur, hələ dünyanın işığını görməyən balasının səbəbinə Gülbadamın başına pərvanə kimi fırlanırdı, əlini isti sudan soyuq suya vurmağa qoymur, səhər-axşam samovarı özü qaldırardı. Hətta doğmağına bir neçə gün qalmış pilləkənlərdən çıxıbdüşməyə də qoymazdı. Çünki əvvəlinci arvadın uşaq düşürməyini mamalar ağır şey götürməkdən bilirdilər və deyirdilər: "Uşaqlıq yerindən oynayıbdır".... Məşədi bunların hamısına inanardı. Fəqət hamıdan çox qorxunu səbəb bilərdi və öz aləmində ikinci arvadının uşaq salmasını da qorxudan bilərdi. Çünki arvad bir gün mülkündən gələn mədaxilin hesabını bilmək istərkən bərk döyülmüşdü və hətta ortalıqda xəncər də işləmişdi. O idi ki, Məşədi Allahverən çox mərəzin səbəbini qorxudan bilərdi, hətta axır vaxtlar axşamlar evə gələndə darvazadan uca səslə oxuya-oxuya gələrdi ki, arvad qeyri bir adam bilib diksinməsin.

Vaxt yetişdi, dükana xəbər apardılar ki, arvad ağrı çəkir. Məşədi Allahverən tez dükanı bağlayıb evə gəldi. Mamaları çağırtdı, mamalar işə məşğul oldular. Bir gün, bir gecə Gülbadam ağrı çəkdi. Bir gün, bir gecə Məşədi Allahverən yeməyini, içməyini bilmədi. Gah bu qapıdan mamanı çağırardı, gah o qapıdan arvadının əhvalını xəbər alardı.

- Hə, necə oldu? Necə olacaq? Bəs necə olsun?" - deyib o yan-bu yana yüyürərdi. Neçə-neçə qurbanlar vəd etdi, nəzirlər çıxdı, olmadı.... Axırda şəhərin yavuqluğundakı məşhur qoz ağacını, "pir"i fikrindən keçirtdi və nəzir etdi ki, uşaq tez olsun, iyirmi manat pirə göndərsin. Bunu fikrindən keçirtmişdi, o biri otaqdan: "Allah şükür, Allah şükür! Oğlandır!" sədası gəldi.

Məşədi bu yaşa gəlmişdi, hələ belə bir şadlıq bunun üçün üz verməmişdi. Uşaq kimi atılıb-düşürdü. İyirmi manata qədər muştuluq pulu buraxdı. Tez bazara çıxdı ki, bir az tədarük üçün şeylər alsın. Çuxasının bir qolunu geyib birini də çiyninə atdı. Papağını əyriqoydu, belə ki, çirkli araqçınının yarısı görünürdü. Tanış-biliş görəndə uzaqdan gülərdi, ucadan salam verərdi, hətta tanımayan adamlara da salam verərdi.

Bunun şadlığının səbəbini bilmirdilər. Əlbəttə, bilsə idilər: "Məşədi, gözün aydın"sa da deyərdilər. Özü utanıb şadlığının səbəbini deyə bilmirdi. Bununla belə, Məşədi Allahverən çox istəyirdi ki, "Məşədi, gözlərin aydın!" sözlərini eşidə, tərs kimi bir soruşan da yox idi ki, bilinsin. Nə üçün həmişə qaşqabaqlı Məşədi bu gün adamların üzünə baxıb irişir, uzaqdan uca səslə salam verir, nə üçün papağını yan qoyubdur? Xeyr, heç kəs! Hətta Məşədi Allahverən bir neçə adamın kefini də xəbər aldı: "Hə! Xala oğlu, kefin necədir?" Fəqət bu adamlardan da heç biri Məşədinin kefini xəbər almadı ki, bəlkə söz açıla.... Deyəsən o gün hamının tələsik işi var idi. Biri o yana gedirdi, biri bu yana, salam da verəndə quru salam verib keçirdilər. Axırda Məşədi Allahverən uzaqdan ən yavuq dostu Kərbəlayı Xudaverdini görüb gülümsündü, sonra yavuqlaşanda gülə-gülə dedi:

- Rəfiq! Yaxşı yarpaq dolması yemək istəyirsənsə, bu axşam gəl bizə.

Bu sözləri deyib Kərbəlayı Xudaverdinin gözlərinə baxdı ki, bəlkə bu isə şadlığının səbəbini soruşa. Yox, soruşmadı, bununla belə Məşədi Allahverənin dolması Kərbəlayı Xudaverdinin bir az fikirləşməyinə səbəb oldu. Çünki Məşədi Allahverən hər saatda dolma yedizdirən adamlardan deyildi; ona görə Kərbəlayı Xudaverdi təəccüblə rəfiqinin üzünə baxdı:

- Hə, mat-mat nə üçün baxırsan? Soruş, soruş də!

 Kərbəlayı  Xudaverdi yoldaşının əlindən tutub dedi:

- Doğrudan, bu nə qonaqlıqdır, rəfiq?

- Qonaqlıq-zad yoxdur, fəqət bir səni çağırıram. Əsil qonaqlıq sonradır....

- Yəni, necə sonra?

- A kişi, rəhmətliyin oğlu, nə üçün düşünmürsən? Sonra da! Beş-altı gündən sonra! Məşədi Allahverən bu sözləri gülə-gülə deyirdisə də, fəqət içindən qovrulur idi: "Nə üçün bu adamlar bunun şadlığının səbəbini soruşmurlar? Nə üçün belə bir böyük işdən bunların xəbərləri olmasın? Nə üçün bu öz dili ilə gərəkdir desin: "Oğlum dünyaya gəlibdir!...."

Kərbəlayı Xudaverdi çox da nazik mətləb düşünənlərdən deyildi.Hətta "beş-altı gündən sonra" sözləri də buna kifayət deyildi, gərək açıqaçığına deyilə idi: "Beş-altı gündən sonra ad qoyulacaqdır". Məşədi Allahverən daha səbir etməyib bu sözləri özü dedi.

-  Ay sağ ol! Sağ ol! Gözün aydın, Məşədi! Gözümüz aydın! Çox əcəb!

Kərbəlayı Xudaverdinin bu sözləri Məşədi Allahverənin bütün damarlarına işlədi. Yəni bu sözləri Məşədi Allahverən bütün varlığı ilə hiss etdi, sonra guya utanıb yerə baxa-baxa dedi:

- Bəli, Allah-taala bizə bir oğul bağışladı.

Bu sözləri deyib Kərbəlayı Xudaverdinin üzünə baxdı, elə bir baxdı ki, guya Kərbəlayı Xudaverdidən yenə də bir söz gözləyirdi. Məşədi Allahverənə xəyal, Kərbəlayı Xudaverdi bunun sözlərindən sonra gərək deyə idi: "İnşaallah, sünnətində, toyunda yeyək, yainki toyunda oynayaq....".

Nə isə, Kərbəlayı Xudaverdi düşünmədi və demədi. Deməyib də əli plovdan çıxdı; çünki Kərbəlayı Xudaverdi gözaydınlığı verən vaxt Məşədinin fikrindən plov da keçdi, fəqət sonra sözlərinin dalı gəlmədi.... Məşədi də ancaq bir dolmalıq alıb apardı.

Məşədi Allahverən hələ çuxasını çıxarmamış böyük mamanı səslədi:

- Hə, əhvalı necədir?

- Yaxşıdır, yaxşıdır!

- Göbəyi-zadı öz yerindədirmi?

- Bəli, bəli!

Mama "yaxşıdır-yaxşıdır" sözlərini ürəkdən demirdi. Fəqət qabaqda üzgörümçəyi olmağa körə çarəsi yox idi. Nə isə, mama üzgörümçəyi alıb Məşədi Allahverəni uşağın yanına buraxdı.

- Hə, necəsən?

İstər-istəməz arvadının əhvalını xəbər alıb uşağa baxdı və əlinə götürdü. Bu dəqiqə Məşədi Allahverənin həyatında ən qiymətli, ən hissli bir dəqiqələrdən idi. Neçə illərlə arzusunda olan balanı Məşədi indi əlində tutur. Bu hində Məşədi Allahverənin fikrindən nələr keçmədi: balaca, dəmir, qəşəng kravat. Bir az sonra balaca ərəbə, daha bir az sonra quzu, eşşək, at, fayton, daha nə bilim nə, nə ... hamısı bir-bir fikrindən keçirdi.

Haman bu hində də mamanın fikrindən qeyri şeylər keçirdi. Böyük mama təcrübəli bir mama idi: doğrudur, elmsiz idi, oxumamışdı, fəqət təcrübəsi çox idi. 20 il idi mamalıq edirdi. Bu iyirmi ilin ərzində çox balaları gözdən keçirmişdi. Bu uşaq qeyri uşaqlara bir az oxşamayırdı: üzü şiş, başı qədərindən yekə bir uşaq idi və bir az da qeyri bir iy verirdi....

Günlər keçdi, aylar keçdi, balaca Cəbi yavaş-yavaş boy atırdı, fəqət həmişə zəif, üzü kiçik, başı isə günbəgün zorbalaşırdı. Nə ki, danışmaq, yerimək vaxtı deyildi, Məşədi Allahverən və arvadı uşağın başına və zəif olmağına çox da diqqət etməzdilər. Hətta qeyrilər Məşədi Allahverənə uşağın başına dair bir söz söyləyəndə, Məşədi gülə-gülə deyərdi: "Görünür ağıllı olacaqdır". Hətta belə bir şey eşitmişdi və yainki istəyirdi eşitsin ki, başı böyük adamın ağlı da çox olar....

Nə isə, vaxt yetişdi: gərək uşaq iməkləsin, yerisin, gülsün, danışsın, şad olsun.... Fəqət Cəbidə bu əhvalatlar görünmürdü. Cəbini haraya qoyurdun orada dinməz-söyləməz uzanırdı. Verəndə yeyirdi, verməyəndə heç. Su istəyəndə dodaqlarını bir-birinə sürtürdü. Çox vaxt matdımmatdım bir nöqtəyə balaca gözləri ilə baxırdı. Fəqət bu gözlərdə təbii şəfəq, qığılcım yox idi. Alnı qabağa çıxıb gözləri çuxura düşmüşdü. Ümumi zəiflikdən başqa ayaqları da əyri bitirdi. Ayaqlarını ələ alıb buraxanda sanki bir rezin (trubka) kimi yerə düşürdü....

Nə isə, bir çox dualardan, nəzirlərdən sonra bir gün Gülbadam ərinə dedi:

- Şəhərə, deyirlər, bir yaxşı həkim gəlibdir. Gələsən aparaq uşağı bir baxsın.

Məşədi əvvəl dinmədi. Sonra razı oldu. Sabahı Gülbadam qonşusu Pərini də götürüb həkimə getdi.

Həkim diqqətlə uşağa baxıb başını buladı və xeyli fikrə getdi. Arvadlara naxoşa dair bir söz də deməyib dərman yazdı. Fəqət dedi ki, çox yaxşı olardı ki, uşağın atasını görmək.... Arvadlar evə qayıdıb əhvalatı Allahverənə nağıl etdilər. Məşədi dedi:

- Mən əvvəl heç razı deyildim ki, siz uşağı həkimə aparasınız, çünki bu həkimləri mən jaxşı bilirəm, yaxşı tanıyıram. Bir az çətinə düşəndə, ya mərəzi tapmayanda, naxoşun atasını istərlər, anasını çağırarlar, babasını qəbirdən çıxartmaqdan da bunlar çəkinməzlər.... Gör nə axmaq-axmaq sözlərdir. Naxoşdur, gəlibdir bax, müalicəni et, yoxsa sənin atası ilə nə işin? Xeyr, bunlar boş sözlərdir....

Yenə dualar, yenə cadubazlıq meydana gəldi. Fəqət Gülbadam çox da duaya-zada inanan deyildi. Bir azdan sonra Gülbadam uşağı daha bir təzə gəlmiş həkimə apardı. O da diqqətlə baxıb dedi ki, atasına baxmaq lazımdır. Bu dəfə Gülbadam ərindən izinsiz getmişdi. Gülbadam əhvalatı açıb dedi:

- Doğrudan, gələsən bir özün həkimə gedəsən, görək nə demək istəyir. Mən səndən izinsiz təzə həkimə getmişdim. Uşağa diqqətlə baxıb o da dedi, atasını görsək yaxşı olardı.

Məşədi Allahverən istədi çığır-bağır etsin. Ancaq uşaq yatırdı, bir söz də söyləmədi. Sonra öz-özünə fikir edirdi: "Yaxşı, həkim məni yeməyəcəkdir ki, bəlkə doğrudan da fikir edir ki, arvad xeylağı onun dediklərinə layiqnncə əməl edə bilməyəcəklər. Onun üçün kişi xeylağı çağırır". Bu fikirdə ikən Məşədi Allahverən səhəri həkimə getdi.

Həkim uşağı görüb bir neçə xəyallara düşmüşdü. Mərəzin səbəbini bilmək istəyirdi. Çünki haman mərəzin bir neçə səbəbi ola bilərdi. Dürüst səbəbini bilib müalicəsinə girişmək istəyirdi. Məşədi Allahverən həkimə özünü tanıdıb soruşdu:

- Həkimbaşı, mənim uşağımın mərəzi nədir?

Həkim dedi:

- Uşağın beynini su alıbdır. Ayaq sümükləri də əyri bitibdir. Mənimcə, səbəbini atasında və anasında aramaq lazımdır və tez də müalicəsinə şüru etmək gərəkdir. Yoxsa uşaq ya tez tələf olar və yainki ağılsız, çolaq bir vücud qalacaqdır. Bunu da demək lazımdır: mərəz ağır bir mərəzdir....

Bir çox söhbətdən sonra məlum olur ki, Məşədi Allahverən bir vaxt kif azarına mübtəla olubmuş. Bir az sonra yenə də məlum olur ki, Gülbadamın əvvəlki əri də bu mərəzə düçar olubmuş ki, bu mərəzdən tez tələf olur. Deyirlərmiş guya azar beyninə vurubmuş. Sonra yazıq Gülbadamın ağzında bir yara var imiş və həkim əri içdiyi davanı buna da verərmiş....

Həkim bu məlumatı yığıb, mərəzin səbəbini özü üçün aşkar etdi və müalicəsini tədriclə başlamaq istədi. Bununla belə Məşədi Allahverənə və Gülbadama dedi:

- Hərgah istəyirsinizsə belə bədbəxt balalarınız bir də dünyaya gəlməsinlər, özünüzə müalicə ediniz....

Həkimin bu sözləri Məşədi Allahverənin heç beyninə batmadı, qulağına heç girmədi. Bu fikir edərdi: "Həkim boş sözdür söyləyir. Bu doğrudur, 30 yaşında bərk kif azarına mübtəla olmuşdum. İndi bu iyirmi ilin ərzində bədəndə azarmı qalar?" Fəqət onu düşünməyirdi ki, ikinci arvadının uşaq düşürməyinə də bunun mərəzi səbəb olmuşdu. İndisə iki tərəfdən--həm Gülbadam və həm özü Cəbi kimi bədbəxt bir uşağın dünyaya gəlməsinə səbəb olduğunu nəinki düşünmürdü, hətta həkimin sözlərini cəfəng bir şey hesab edirdi. Daha həkim sözü yanında danışmaq olmurdu. Yenə dualar yazıldı, nəzirlər çıxıldı.... Axırda fikir etdi ki, "uşaq anadan olan vaxt Gülbadam çox zəhmət çəkdi, axırda "qoz ağacı - pirə" nəzir dedikdə uşaqdan xilas oldu.... Nə üçün daha oturmuşam!...." O idi ki, Məşədi Allahverən cümələr uşağı pirə aparırdı. Bu cümə də axşamdan pirə getmək üçün hər bir şey hazırlamışdılar. Ona bina Məşədi Allahverən namazını qurtarıb Gülbadama deyirdi ki, uşağı durquzsun.

 

II

 

Bu cümə pirə gedən tək bir bunlar deyildilər. Çox adam gedirdi. Hər məhəllədən iki-üç nəfər adam uşaqları ilə bir yerdə arabaya, faytona, ata, eşşəyə minib gedəcəkdilər və hər biriiin getməyinə də bir səbəb var idi. Biri Məşədi Allahverən kimi oğlunu aparırdı, digəri anadanolma, yainki sonratapma çaxotkalı qızını yanına salmışdı. Üçüncüsü vaxtında müalicə etməyib traxoma göz ağrısından əbədi kor olmuş atasını yedəkləyirdi, dördüncüsü ərə getmiş doğmayan qızını yanına salmışdı. Daha bir çoxu da Sibirə gedən oğlanları üçün nəzir aparırdılar.... Nə isə, hər cümə günü kar, kor, şil, çolaq, çaxotkalı, yaralı, qızdırmalı, qarnı ağrıyan, övladı olmayan, oğlan doğmayan, dul arvad, dul kişi, sonsuz, kimi arabada, kimi faytonda, kimi piyada pirə gedən yolu tapdalayırdılar. Bunların içindəhətta elə bir arvadlar var idilər ki, ərləri pirə qoymayanda cümədən qabaq yuxu da görərdilər. Səhər durub ərinə deyərdi: "Rəhmətlik ananı pirin qapısında durmuş gördüm, məni görəndə dedi: "Ay balam, sənin yolunu gözləyirəm. Nə üçün iki cümədir gəlmirdin...." Bu sözlərdən sonra əri də yumşalıb nəinki rüsxət verərdi, hətta nəzir də göndərərdi. Elə vaxt olardı ki, kişilər özləri də cümə günləri işsiz qalıb pirə gedərdilər. Fəqət çox adam Məşədi Allahverən kimi "mühüm məsələni" həll etmək üçün gedərdi, elə də deyildi ki, işsiz gedən kişilər pirə inanmasınlar. Xeyr. Bu şəhərdə dürlü-dürlü adamlar vardı, kimi Məşədi Allahverən kimi səmim-qəlbdən inanmışdı, kimi ondan bir az. Kimi nəziri qəbula keçməyib, inanmasa idi də, ürəyindəkini heç kəsə deməzdi, şübhəli idi. Doğrudan da, inanmamaq da olmazdı. Çünki bir də eşidirsən deyirlər: filankəsin neçə il imiş övladı olmur imiş, pirə nəzir deyibmiş.... İndi övladı olubdur. Filankəsə on beş gün həkim baxıbdır, bir şey çıxmayıbdır. Elə ki, pirə nəzir çıxıblar, dərhal şəfa təri gəlib, yaxşı olubdur.... Filankəs filan şeyini itirmişdi, pirə nəzir dedi, tapıldı.... Nə bilim, daha nə ... nə.... Fəqət il uzunu pirə sürünən çolaqlar, korlar, karlar, çaxotkalılardan səs çıxmayırdı....

Nə isə, inanan inanmışdı, inanmayan istəyirdi inansın və bir neçəsi də öz-özlərinə deyirdilər: hər adamın nəziri qəbula keçməz ki? Əməli saleh adamın nəziri qəbul olunar, saleh olmayanınkı olmaz. Əməli saleh də bu ölkədə Məşədi Allahverən kimisinə deyərdilər.

Zatən bu mahalın kişiləri, arvadları bir-birinə oxşardılar: surətdə yox, ruh cəhətincə bunlar bir-birindən uzaq getməmişdilər. Bunlar oruclarını çox bərk-bərk tutardılar, belə bərk tutardılar ki, toz olan yerdən keçmirdilər, dodaqlarını büzərdilər, burunlarını yaylıqla tıxayardılar. Ancaq ağızları açılanda belə açılardı ki, gərək qulaqlarını tutub qaça idin. O deyildi ki, hamı bir qayda ağızlarını aça idi. Xeyr, biri çox bərk açardı, o biri bir az ondan boş.... Eləsi də var idi, heç ağız-zad açmazdı, dinməzsöyləməz qardaşının yetimlərinə çatan pulları hər gecə iftara toyuqplov bişirib yeyərdi, zavallı yetimlər isə ac qarınlarını yerə sürtərdilər. Sonra namaz üstə öz allahına deyərdi: "Pərvərdigara! Özün şahidsən, buyurduğun orucu tuturam, namazımı qılıram...." Bunlar namazdan da bir-birindən uzaq getməmişdilər: intəhası biri namaz üstə çox dua edərdi, biri az: çünki birinin azehtiyacı var idi, birinin çox. Fəqət hamı bir söz deyərdi: "Yetir, pərvərdigara filan şeyi, özün şahidsən, buyurduğuna əməl edirəm". Bunların qanacaqları ilə allahın buyurduğu da nə idi: oruc, namaz, zəkat, fitrə....

Fəqət bilmirəm, allaha rüşvət verib allahdan rüşvət istəməyi bunlara pir öyrətmişdi, yoxsa pirə rüşvət vermək aldıqları tərbiyənin nəticəsi idi.... Odur, hamı rüşvətlə yola düşüb gedirlər: biri qoyun aparır, biri quzu, biri toyuq aparır, biri xoruz, biri qızıl üzük, biri gümüş güzgü, biri çit aparır, biri ipək parça, biri şam aparır, biri şamdan, kimi pul, kimi portman....

Fəqət bu nəzirlərin, bu rüşvətlərin içində məlum və naməlum nəzirlər də var. O deyil ki, hamısı aşkar getsin. Odur, ayaqları bağlı qoyun bir yanı üstə düşmüş arabanın dalına sarınıbdır. Başı da arabanın yanından sallanıb titrəyə-titrəyə araba getdiyi yolun çuxurlarını göstərir. Ayaqları bağlı toyuq-xoruz da az deyil. Bunlar hamısı aşkar nəzirlərdir. Fəqət gizlin nəzirlər, rüşvətlər də az deyil, hətta bir arabada bir külfətdən iki arvad gedir. Biri-birinin nəzirindən xəbərləri yoxdur. Odur, altmış yaşında Məşədi Pərzad xala gəlini Gülzarla bir arabada yanba-yan oturublar. Bunları Dəmirqaya göndərir ki, pirdə şam yandırsınlar, tainki gələn il bu vaxt Gülzar bir oğlan doğsun. Pərzad qarı oğlunun üstə durubdur ki, ikinci arvad alsın; çünki nəvə görməmiş ölmək istəmir.... Hər gün açıq açığına gəlininədeyir: "Anam, üç ildir oğluma gəlibsən, bir şey yoxdur. Görünür, doğan deyilsən. Qoy oğlum arvad alsın! Nə üçün bədbəxt edirsən?" Gündə bu barədə evdə dava-qalmaqaldır! İndi nəzir aparırlar, şam yandıracaqlar. Fəqət biçarə Pərzad nənənin bir də bir gizlin nəzirdən xəbəri yoxdur. Gülzar bir balaca əskiyə düyümlənmiş qızıl üzüyü döşünə atıbdır. Bunu pirə aparır ki, qoca Pərzad tez ölsün. Bəlkə Dəmirqaya da anasının sözlərinə suyulub arvad almasın....

Nə isə, bu taq-tuqla gedən arabalarda, bu çaparaq gedən faytonlarda, bu başlarında çarşab, başlarında papaq olanlarda çox sirlər var.... Bu sirr sahibləri, sirr dağarcıqları yavaş-yavaş pirə yavuqlaşırlar: fayton-faytonu keçir, araba-arabanı, atlı-atlını, piyada-piyadanı. Bir-birinə qarışıb bir yol tutub gedirlər. Faytonla gedən fikir edir: tez gedərik, yaxşı yer tutarıq. Araba ilə gedən fikir edir: eybi yoxdur, zəhməti çoxdur, savabı da çox olar. Piyada gedən özünə təsəlli verib deyir:pirəpiyada gərək gedəsən.... Nə isə hərə öz qanacağı ilə bir nöqtəyə yeriş edirlər.... Toz-torpaq, isti gözə görünmür. Hamı istəyir tez özünü pirə yetirsin. Hamı tələsir.... Kimi tez şəfa tapmağa yeriş edir, kimi bir-birinin acığına at çapır, kimi dalda qalmış eşşəyini bizləyir....

 

III

 

Hamıdan tez Məşədi Allahverənin faytonu pirə yetişdi. Məşədi Allahverən faytondan düşüb balasını qucağına aldı. Bu vaxt pirin adamları pişik siçanı marıtdayan kimi pirə gələnləri səhərdən marıtdayırdılar və nə üçün də marıtdamasınlar. Bu gün bunların bayramıdır: kiminin cibinə pul girəcək, kiminin kasası yağlanacaqdır, kiminin kisəsinə düyü dolacaqdır. Odur, Məşədi Allahverənə, istəristəməz gözləri faytonda olan şeylərə baxaraq: "Xoş gəlibsiniz, Allah qəbul eləsin" deyib qarınca kimi faytona daraşdılar.... Məşədi Allahverən bunların xasiyyətlərini yaxşı bilirdi. Ona görə şeylərin hamısını bircə adama tapşırdı, qeyrilər kənara çəkildilər.... Məşədi Allahverən və Gülbadam darvazadan girib bir ağacın altında palaz saldırtdılar. Bunlar yavaş-yavaş yerləşməkdə ikən qeyriləri də bir-bir, iki-bir gəlirdilər.

Pirin mollası qara, nazikxət, boynu albuxara torbasına oxşayan, ortaboy, qoyungöz, qara əbalı Molla Cəfərqulu hamı ilə salamlaşırdı, hamıya: "Xoş gəlibsiniz, Allah qəbul eləsin!" sözlərini deyirdi və qonaqlara yer göstərirdi. Molla Cəfərqulu rəhmli adam idi. Bu, nəinki adamlara və hətta heyvanlar üçün də yer düzəltmişdi. Bağlı-bağçalı ikimərtəbə evin dal tərəfində uzun bir saray tikmişdi. Heyvanları orada bağlayıb hər kəs arpa-samanını heyvanının qabağına tökərdi. Həyətsə gözəl bir yer idi. Alt mərtəbə tamam qonaqlar üçün otaqlar idi, üst mərtəbdə özü olardı. Fəqət qonaq çox olanda yuxarı da buraxardı, çox  lazım da olmurdu. Çünki həyətində böyük kölgəli ağaclar var idi.... Fəqət bir az yağlı qonaq olanda Məşədi Cəfərqulu deyərdi: "Dünəndən sizing üçün filan otağı hazırlatmışam...." Yağlı da burada yağı və yağ kimi şeyləri artıq gətirən adamlara deyərdilər. Məsələn, bir bişirim halvaya bir girvəknə yağ lazımsa, üç-dörd girvənkə yağ gətirən daha qalanını geri aparmazdı; düyü də və qeyri şeylər də bunun kimi. Çünki adət belə idi: artıq qalan şeyi pirdən aparmaq olmazdı. Hər nə qaldı, pirin malı hesab olunardı. Bu da Molla Cəfərqulunun zəhmətini artırardı. Doğrudan, Molla Cəfərqulu qonaqlarından sonra çox zəhmət çəkərdi: tör-töküntü yığıb yerbəyer etmək çətin məsələ idi.... Bir bu iş olsa, yaxşı. Molla Cəfərqulunun qonaqlardan sonra yenə bir işi var idi. Axşam hamı çəkiləndən sonra gərək pirə bir baş çəkə idi: keçmiş şamları yerbəyer, nəzirləri ziyarət edərdi. Çünki gecə, kim bilsin, bir də gördün günahkarın biri pirə əl uzatdı.... Həqiqət pir açıqlıq bir yerdə idi. İki balaca kəndin arasında zorba qoz ağacının altında bir balaca günbəz kimi şeydən ibarət bir yer idi. Əslində bu iki balaca kənd bir-birinə o qədər yavuq idi ki, bunlara bir kənd də demək olardı və hər kəndə bir kəndin böyük məhəlləsi demək olardı. Nə isə, bu məhəllələr qədimdən ayrı kənd hesab olunurdu. Birinin adı Z... kəndi o birininki Ə... kəndi idi. Bu iki kəndin, daha doğrusu, bir-iki məhəllənin arasından bircə yol var idi, gediş-gəliş, at-araba bu yol ilə olardı. Bu yolda, yəni Z... kəndinə yavuq bir böyük qoz ağacı var idi. Pir də haman bu qoza ağacının dibində idi. Zatən pir olmamışdan da bu qoz ağacı yayın istisində adamları öz tərəfinə çəkərdi. Bunun böyük budaqları, budaqların enli yarpaqları ağacın altına genişli bir kölgə salıb da həm insanlar və həm heyvanlar üçün günün istisində sərin yorunuq məkanı və şiddətli yağmurda zorba bir günlük olmuşdu....

İndisə bu qoz ağacı nəinki qıraq kəndlərdə və hətta şəhərlərdə də şöhrət qazanmışdı, böyük bir ziyarətgah olmuşdu.... Xalq hər cümə gəlib Molla Cəfərqulunun bağçasında yeyərdilər, içərdilər, qurbanlarını kəsərdilər, sonra kişilər bir dəstə, arvadlar da bir dəstə ilə pirə gedərdilər. Hərə öz nəzirini müəyyən bir deşikdən salardı, ürəyindən nə keçirəcəkdi keçirərdi, ya pirin günbəzindən öpərdi və yainki öpməzdi. Bu çox da vacib deyildi. Öpən də olurdu, öpməyən də. Fəqət qoz ağacının dibindən torpağı götürub uşaqların alınlarına sürtmək vacib kimi bir şey idi, guya arvadlar deyərdilər, uşağa göz dəyməz.... Vaxtaki xüsusi ziyarət tamam oldu, hər kəs nə diləməli isə dilədi, nə rüşvət verməli isə verdi. Molla Cəfərqulu gəlib pirin kəramətlərindən söylərdi. Arvadlar bir tərəfdən,  kişilər o biri tərəfdən durub Molla Cəfərqulu da arada sözünü deyərdi.

Molla Cəfərqulu artıq dərəcədə dilli adam idi, yəni natiq idi; danışanda hamının fikrini cəlb edərdi və həmişə də ziyarətə gələnlərə nitq söylərdi və nitqini də başlayanda bir az mənalı, təsirli olsun deyə "ya əyyühənnas" sözləri ilə başlardı. İndi də bu sözlərlə başlayıb dedi: "Eşidirəm deyirlər şəhərdə və bir neçə kəndlərdə xalq vəba naxoşluğundan qorxub dağa-daşa qaçmaq istəyir. Məbada belə şeylər edəsiniz. Vəba allahın əzabıdır və Allah-taala öz əzabını əməli saleh olmayanlar üçün həmişə göndərir. Siz ki, şükür Allaha, əməli saleh adamsınız: namazınızı qılırsınız, orucunuzu tutursunuz və həmişə pirə gələnlərdənsiniz, nə üçün qorxursunuz?

Keçən il vəba naxoşluğuna mübtəla olmuş bir adamı T... kəndindən bura gətirmişdilər, dərhal bir kasa suyun içinə bu pirin torpağından salıb verdim içdi, həmin saat şəfa tapdı. İndi nə üçün qorxursunuz? Allah azar verib, dərmanını da yaradıbdır. Fəqət əməli saleh adamlar üçün.... Molla bu sözləri hələ qurtarmamış xalq böyük-kiçik yerə töküldülər, gah ciblərinə, gah dəsmallara torpaqdan tökürdülər, dəsmal yerinə çarşab işlədən arvadlar çarşablarının bir küncünə torpaqdan götürüb düyün edirdilər. Balaca uşaqlar da böyuklərə baxıb torpaqdan götürürdülər.... Bu əhvalat Məşədi Allahverəni tərənnümə gətirib uca səsi ilə dedi: "Həzərat, mən də gələn ilə kimi bu pirin hasarını çəkməyə və hasarın içində dam-daş tikməyə söz verirəm". Məşədini bu sözlərdən sonra hər tərəfdən alqışladılar: "Çox sağ ol, Məşədi! Çox sağ ol! Allah qəbul etsin! İnşaallah, qəbula keçər" sədası eşidilirdi.

Məşədi Allahverənin bu sözlərindən sonra camaat dağıldı. Axşam araya gəlirdi. Piyada ziyarətə gələnlər yola düşdülər, sonra atlılar, faytonda, arabada gələnlər də evlərinə qayıtdılar. Yenə bir-birini qovaqova yolun tozunu qaldırırdılar.... Hamı şad-xürrəm evinə qayıdırdı. Üzdə şadlıq görünürdüsə də, fəqət bir neçəsinin üzündən pünhan fikrini də bilmək olardı.

Bir çoxunun fikri bu idi ki, görək nəzirimiz haçan qəbula keçəcəkdir. Bir çoxu da keçmişi görürdü: Dəmirqayanın arvadı Gülzar qaynanası Pərzadla bir arabada gəlirdilər. Gülzar Pərzada baxıb gözlərini çox kiçik görürdü. Rəngi də saralmış nəzərə gəlirdi. Gülzar ürəkdə fikir edirdi: "Hə! Nəzirim qəbula keçibdir! Ancaq ay pir! Bir az səbir elə, gedib evimizə çataq, yoxsa yolda qocanın canı çıxar, əlimiz də heç yerə çatmaz....".

Məşədi Allahverən də fikirsiz deyildi. Bu da hərdənbir oğluna baxıb dindirərdi:

- Hə, oğlum, qağa istəyirsənmi? Gedək şəhərə, sənə yaxşı at alacağam, eşşək alaram, hə, bala, oğlum! At çox istəyirsən, ya eşşək?

Balaca, dörd yaşında Cəbi atasına mat-mat baxardı, bir söz də söyləməzdi. Məşədi qəsdən danışdırırdı.... Hərgah mümkün olsaydı hələ ayağı üstə qoyardı, görsün bəlkə gəzə bilir. Çünki zarafat deyil, pirin hasarı və dam-daş azından iki minədək xərc istəyirdi.... Gülbadamın da özünə görə fikri vardı. Bunu da həkimin sözləri rahat qoymurdu. Həkim də demişdi: "Gərək müalicə oluna, gərək atası-anası da müalicə oluna ki, gələсəkdə belə bir bədbəxt dünyaya gəlməyə....".

Bu sözlər Gülbadamın başında hərdənbir fırlanıb əvvəlincə ərinin halını və öz ağzının yarasını fikrinə gətirərdi. Fəqət üçüncü səbəbdən, yəni indiki ərinin əhvalından xəbəri yox idi. Doktor bunda da köhnəlmiş kif azarı tapmışdı.... Gülbadam pirə nəinki inanmazdı, hətta pirin adı gələndə əhvalı büsbütün təğyir tapardı.... Ürəyi sıxılardı....

Məşədinin də hərdənbir ürəyi sıxılardı. Onun da başına hərdənbir qara fikirlər gələrdi: "Bəlkə balama pirdən əlac olmadı? Fəqət tez "lənət şeytana" deyib belə fikirləri özündən rədd edərdi. Belə bir qarışıq fikirlərdə bir Məşədi deyil idi. Qeyrilər də hərdənbir xəyala düşüb tez "lənət şeytana" deyərdilər. Hətta bir neçə cavan oğlan, bir neçə dul kişi, bir neçə dul arvad özgə xəyallarla pirə getmişdilər.... Fəqət Molla Cəfərquludan pirin kəramətləri barəsində sözləri eşidib bunlar da "lənət şeytana" deyirdilər.... Nə isə fikirlər, sirlər çox idi. Bir özləri bilirdilər, bir də bir az Molla Cəfərqulu.... Molla Cəfərqulu doğrudan da bunların çox fikirlərini, sirlərini bilirdi. Molla Cəfərqulu ağıllı bir adam idi. Elmiruhdan başı çıxardı. Doğrudur, Racidən başqa kitab görməmiş idisə də, fəqət təcrübəsi çox idi. Elmi-ruh da təcrübəyə bağlı bir elmdir.... Bilirdi: heyvan ona görə heyvandır ki, haraya çəkərsən gedər. Bilirdi ki, heyvana bir yem lazımdır.... Bilirdi ki, yem verə-verə ən böyük zorba bir yırtıcı heyvanları ələ gətirmək olar....

Molla Cəfərqulu doğrudan da dünya görmüş adam idi. Hər şeydən başı çıxardı. Bunun əsli iranlı idi. Əvvəllər kəndbəkənd gəzib qafqazlılara meymun oynadardı. Sonra bunun əziz meymunu öldü. Bu vaxt məhərrəmlik araya gəldi. Başına bir sarıq sarıyıb Z... kəndinə gəldi, "mən mərsiyəxanam", dedi. Z.... kəndinin xalqı üçün bu göydən düşmüş kimi oldu. Tamam məhərrəmi həm kişilərə və həm arvadlara mərsiyə oxuyardı. Doğrudan da yaxşı mərsiyəxan idi. Söz az bilirdisə də, səsi yaxşı idi. Tez-tez zəngulə vurardı. Qızışanda özünü döyərdi, köynəyinin yaxasını cırardı.... Bu əhvalatı görüb xalq də qızışardı. Yəni "məclis yaxşı keçərdi".... Bir az zamanda Molla Cəfərqulu qeyri kəndlərdə də məşhur oldu: bunu tərif edərdilər və deyərdilər: "Bunun zənguləsinə heç zəngulə çatmaz....".

Tamam qırx gün mərsiyə oxuyub yaxşı pul yığdı. Sonra mollalıq edərdi, dua yazardı, fala baxardı, hətta sonralar həkimlik də edərdi. Axırda yerini isti görüb Z... kəndindən bir arvad aldı. Bu arvaddan bir oğlu oldu, adı Heydərqulu. Elə də deyildi ki, Molla Cəfərqulunun tək bir oğlu ola, xeyr, İranda bunun bir arvadı, üç balaca qızı vardı. İranda meymun oynadan çox olmağa görə bunun sənəti orada işə keçmirdi. Uşaqlarını atıb Qafqaza gəlmişdi. Eşitmişdi ki, Qafqazda "meymunoynadanlar" yaxşı pul qazanırlar. Eşitmişdi ki, filan qumarbaz, filan dəllək, filan cibkəsən, filan lotu, daha nə bilim, filan filanlar keçən məhərrəmlikdə Qafqazdan beş yüz min, iki min manat pul gətiriblər və hətta eşitmişdi ki, Racidən savayı bu "filanlar" üçün təzə kitablar meydana gəlir və bu kitabları nəşr etmək üçün xüsusi mətbəələr vardır.... Molla Cəfərqulu da özünə baxıb fikir edirdi: "Mənim biliyim "filanın" biliyindən az deyil! Nə üçün mən oturmuşam? Nə üçün mən qafqazlılara biliyimi göstərməyirəm?". Molla Cəfərqulu doğrudan da biliyini göstərdi və qafqazlılar da onun biliyinə və zənguləsinə qiymət verdilər. İndi molla ikimərtəbə mülk sahibi və kəndin ən nüfuzlu adamlarından hesab olunur. Elə də insafsız adam deyil ki, İrandakı uşaqlarını yada salmasın. Xeyr, hərdənbir fikrinə düşürdü ki, kağız yazsın, əhval soruşsun. Fəqət şüğlünün çoxluğundan kağız yazmazdı, unudardı.

Həqiqət, Məşədi Cəfərqulunun işi çox idi. İndi odur, pirə gələn qonaqlardan sonra həyəti gərək təmizləsin, qalan yağı, düyünü, əti, kömürü, odunu yerbəyer etsin. Ondan sonra pirin gizlin, balaca qapısını gərəkdir açıb nəzirlərə "baş çəksin".... Bu cümə də Molla Cəfərqulu qonaqlarını yola salıb axşam vaxtı saqqalını tumarlaya-tumarlaya pir tərəfə "xüsusi ziyarət" üçün gedirdi....

 

IV

 

Pirdən gələnlər də indi evlərinə çatıb yorunuq alırlar. Məşədi Allahverən də evində oturub axşam çayı içirdi və hərdənbir gedib oğluna baxırdı görsün pirdən sonra əhvalı necədir....

Gecə araya gəldi. Gülbadam özünə, ərinə və uşağına yer qayırıb yatdı. Məşədi Allahverən də uzandı yatsın, fəqət yata bilmədi. Pirə getməklərini, Molla Cəfərqulunun nitqini və pirin kəramətlərini başından keçirirdi və hərdənbir "çox şükür, pərvərdigara!" deyib balasının halına yanardı. "Çox şükür, pərvərdigara!" deyirdisə də balasının dərdinə dərman pirdən gözlərdi....

"Şükür sənə, pərvərdigara!", ya "Çox şükür, pərvərdigara!" sözlərinə o qədər ağzı öyrənmişdi ki, bu sözləri yersiz də işlədirdi. Bir şeyə diqqət edib də haman şeyin varlığını allahın qüdrətindən bilsin, düşünsün, sonra şükürlər etsin.... Xeyr, belə deyildi.... "Hər şeyi allah yaradıbdır" sözlərini tutuquşu kimi təkrar edərdi. Fəqət bütün vücudu ilə bunu düşünməzdi. Heç olmazsa bədəninə diqqət edib dəqiqədə yetmiş beş dəfə tıq-tıq edən ürəyinin döyünməsini eşidə idi. Və bu ürəyinin dayanmağı bütün bədənin heç bir şeyə yaramadığına səbəb olmağını düşünsə idi! Yox, bu, Məşədi Allahverən üçün çətin bir məsələ idi. Laməhalə bağçasında bitən güllərin, ağacların həyatına bir fikir verə idi: yarpaqlar saralır, tökülür, yenə yaşıl yarpaqlarla ağaclar bəzənir, çiçək açır, çiçəklər tökülüb qırmızı almalar ağaclardan sallanır.... Buna da diqqət edib bu həyatda da gündə yüz dəfə şükür etdiyi pərvərdigarın qüvvətini, qüdrətini hiss edə bilməyirdi. Nə olardı, balasına olan məhəbbəti təhlil edə idi! Bəlkə bu məhəbbətdə allahını hiss edə idi. Bir az fikir edə idi ki, dörd yaşında bir böyrü üstə düşmüş dilsiz, ayaqsız bir vücuda bağladığı məhəbbət hissi haradan gəlib bunu tapdı? Bu məhəbbətin təbii olmağını düşünsə idi, allahla öz arasında olan rabitəni də hiss edərdi. Bunu düşünmək Məşədi Allahverən üçün mümkün deyildi. Yəni dürüstünü demək, Məşədi Allahverəndə də günah yox idi. Zavallıya gözü açılandan, beyni işləyəndən indiyədək bu nazik mətləbi düşündürən olmamışdı. Eşitmişdi ki, peyğəmbər, imam gəlib, gediblər. Fəqət bunları kim və nədən ötrü göndərmişdi, bu məsələ Məşədi Allahverən üçün qaranlıq qalmışdı.... Gördüyü, eşitdiyi axund, molla.... Bunlar da zavallını allahından kənar salmışdılar: filan şeyi etsən allah səni yandırar, filan əməl səndən üz verərsə, o dünyada allah sənə filan əziyyəti edər, daha nə ... nə.... Daha düşünmürdülər ki, qorxutduqca yazıq Məşədi Allahverən öz allahından kənar olurdu, rabitə pozulurdu.... Məşədi qorxudan savayı bir şey bilmirdi; saldatdan, qarodovoydan qorxu çəkirdi, insan törətdiyi qanunlardan qorxu çəkirdi. Allah göndərdiyi qanunlardan qorxardı, daha düşünmürdü ki, qorxu məbuda yavuqlaşdırmaz, uzaq salar.... Nə olardı ki, buna deyəydilər allah adildir, hamıya bir gözlə baxar, allah mehribandır – hamını sevər, bəslər.... Xeyr. Məşədi Allahverənə allahını orucnamazla tanıtmışdılar. Fəqət deməmişdilər ki, allahı tanımasan namaz-orucun da heç. Əvvəl desə idilər çalış, allahın sifətlərini bil, adil, mehriban ol, hamını sev, o vaxt allahına yavuqlaşarsan, yavuqlaşıb da ona məhəbbət bağlarsan, bu məhəbbət səni namaz qılmağa, oruc tutmağa, qeyri yaxşı əməllər etməyə də vadar edər.... Düşünmədilər ki,qanunla, qorxu ilə dürlü-dürlü "vədlər"lə həqiqi məhəbbət meydana gəlməz.... Həqiqi məhəbbət üçün görmək, düşünmək, hiss etməklazım gəlirdi. Bu da mümkün idi; gündə min dəfə hər addımında Məşədi istəsə idi, həqiqi allahını görərdi, düşünərdi və hiss edərdi. Daha lazım deyildi deyilə: namaz qıl, özü qılacaqdı; sevdiyi, həqiqi məhəbbət bağladığı məbuda özü səcdə edəcəkdi.... Ona yavuqlaşmağa çalışacaqdı.... Namaz vaxtında daha rüşvət verməzdi, rüşvət istəməzdi, fəqət bunu deyərdi: "Pərvərdigara, səni bilmək, düşünmək üçün asan və düz yol göstər!".

Biçarə Məşədi Allahverən uşaqlıqdan göz açıb düz yolu mərsiyəxanlardan öyrənmişdi. Böyüyəndə də yenə mərsiyəxanlardan və yenə mərsiyəxan kimilərindən.... Bunlar isə həmişə deyərdilər: filan əməl edərsənsə, filan duanı qırx dəfə oxuyarsansa, allah-taala sənə filan şeyi verəcəkdir.... Uşaqlıqdan bu sözləri eşidən, bütün tərbiyəsinin bünövrəsi bu sözlərlə tikilən bir vücud müəyyən, müqəddəs bir məbuda səcdə edə bilərdimi? Belə bir tərbiyədən sonra nə üçün də Molla Cəfərqulunun "piri"nə pənah aparmaya idi? Həqiqi Allaha həqiqi məhəbbət bağlamış olsa idi, pirə, ya pir kimi şeylərə səcdə edərdimi?

Həqiqi Allahını tapmış olsa idi, yəqin ki, onun qüdrəti ilə meydana gələn elmin qədr-qiymətini bilərdi və bilib də bədbəxt oğlunu, özünü və arvadını müalicəsiz qoymazdı....

Nə isə, Məşədi Allahverən yenə axırıncı dəfə pirin kəramətlərini fikrindən keçirib yuxuya getdi.... Namaz vaxtına bir az qalmışdı, Məşədi Allahverən yerindən dik atıldı. Uşağı yatan tərəfə baxıb gördü ki, Cəbi yatır, o yan-bu yana boylandı, yenə şükürlər etdi, sonra tələsik Gülbadamı səslədi:

- Ay qız, Gülbadam! Gülbadam!

Gülbadam oyanıb elə fikir etdi ki, uşaq ağlayır. Gördü yox, uşaq yatır, fəqət əri başında araqçın bir köynəkdə yerində oturub deyir: "Ay qız, mən yuxudan sərsəm durdum, bir yuxu gördüm...."

- Allah xeyir eləsin!" - deyib, Gülbadam qulaq asdı.

- Gördüm, Cəbini bir gün, bir gecə pirə qoymuşuq. Sonra görürəm pirin divarı yarıldı: uşağım yüyürə-yüyürə üstümə düşdü və dedi: "Atam, şəfa tapdım!" Mən də qucaqlayıb öpürdüm ki, oyandım....

Gülbadam başını aşağı salıb:

- Allah xeyir eləsin!" - dedi və başını tez balışa atdı.

Məşədi  Allahverən dedi:

- Arvad! Nə yatmaq vaxtıdır? Bilirsənmi, bu yuxu nə yuxudur?

Gülbadam: "A kişi, yuxum gəlir, qoy yataq" - deyib daha söylənmədi, fəqət yatmadı da. Məşədi Allahverən bir az, o yan-bu yana baxıb uzandı, yatdı. Gülbadam isə üzünü Məşədidən çöndərib gözlərini yumdu, yuxuya gedə bilmədi. Məşədinin yuxusu Gülbadamın tamam mazisini göz qabağına gətirdi.

 

V

 

Gülbadam Ə... kəndində anadan olmuşdu. Uşaqlıqda çiçək mərəzinə mübtəla olmağı üzündən məlum idi. Fəqət nazik çopur idi. Uzaqdan çopurluğu nəinki məlum etməzdi, hətta bir az da üzünü gözəl göstərərdi. Gülbadamın çopuru dərin olsa idi də üzünü eyibli etməzdi; çünki onun böyük ala, uzun kiprikli gözləri üzündə tamam eybini örtərdi. Doğrudan da bu gözlərdə qeyri bir hissi-məlahət var idi! Uzunboy, ağbəniz, alagöz Gülbadamı qız ikən kənddə çox adamlar istəyirdi. Fəqət anası tələsməzdi. Gülbadam on yaşında ikən atası öldü, anası Nənəcanın tərbiyəsində qaldı. Nənəcan mamalıq edib qızını saxlardı və yaxşı da saxlardı. Qızını artıq dərəcədə sevərdi, başına dolanardı və mümkün olan qədər çalışardı ki, qızı atasının yoxluğunu hiss etməsin. Nənəcan ağıllı, işsevən, zəhmətkeş, mehriban, qeyrətli bir arvad idi. Əri öləndən sonra mamalıqdan başqa  ona-buna iş də tikərdi. İşdən, zəhmətdən qorxmazdı, bir qarından ötəri ərə getməkdən dul yaşamağı əfzəl bilərdi. Əri öləndən sonra çox adamlar istədi, getmədi və nə üçün də istəməyə idilər; bir kişicə pul qazanırdı. Arvad pulu ilə, arvad zəhməti ilə yaşamaq istəyən kişilər də az deyildi. Fəqət Nənəcan qızını çox istəyirdi: bilirdi ki, ərə getsə qızının günü olmayacaqdır.... Və bir də Nənəcan vəfalı arvad idi. Yaxşı ərdən sonra getməyi özünə eyib bilirdi. Daha doğrusu, Nənəcanın özünə görə fəlsəfəsi var idi. Fikir edirdi: ərə getmək borcdursa getdim, borcu verdim. Arvadlar dolanacaqları keçməkdən ötrü ərə gedirlərsə, mənim ona ehtiyacım yoxdur. Özüm qazanıb özüm də yeyirəm. Kişinin yaxşısı da var, yamanı da. Bəlkə bir yaman adama rast gəldim. Yox, yaxşısı budur ki, öz əlim öz başımda, tək bir qızım üçün gərəkdir işləyəm, onu xoşbəxt edəm, sonra ölsəm də arxayın ölərəm....

Kənddə tərbiyə tapmış elmsiz bir arvaddan belə bir fəlsəfəni gözləmək çətin görünsə də, fəqət tapılırdı. Bu hələ heç. Gülbadam hərdənbir gəlib deyərdi: "Anacan, mən filan yerdən keçirdim, yel vurub çarşabımı açdı; filankəs də keçirdi, məni gördü".

"Eybi yoxdur, qızım" - deyib Nənəcan qızını sakit edərdi: "Adamı görəndə yeməzlər. Sən çalış ki, adına bir söz deməsinlər.... Yoxsa gördülər, görmədilər boş sözlərdir. Mən, qızım, çoxdan bəri mamalıq edirəm, məni çox adam da görübdür və görür. Mən gecələr yad kişilərlə ağrı çəkən arvad üstə tək gedirəm. Fəqət bu vaxtadək bir adamın hünəri varmı, mənim adıma bir pis söz desin?...." Həqiqət, Nənəcan artıq dərəcədə namuslu, həyalı bir arvad idi. Ona görə də tamam kənddə onu yaxşı arvad bilərdilər və hörmətini saxlardılar.

Bu minval Nənəcan qızını böyüdüb 18 yaşında ərə verdi. Gülbadamın əvvəlki əri Molla Cəfərqulunun qardaşı Məşədi Həsənəli idi. Məşədi Həsənəli qardaşının dəstgahını eşidib, İrandan Qafqaza gəlmişdi. O vaxt Molla Cəfərqulu hələ mollalıq, mərsiyəxanlıq edərdi. İndiki olduğu yerdə bir balaca evi vardı. Qardaşına da bir balaca baqqal dükanı açmışdı. Dükanın mayası da Molla Cəfərqulunun idi. Çünki özü savadsız olmağa görə əlindən özgə bir şey gəlmirdi. Doğrusunu demək, Həsənəli Qafqaza gələndə bir az səhv etmişdi. Elə bilirdi ki, qafqazlıları savadsız adam da ələ sala bilər. Gəldi gördü ki, xeyr, elə deyil, laməhalə gərək Racinisə də oxumaq bilsin. Nəisə, qardaşının adına, sanına da layiq deyildi ki, meymun oynatsın. Naçarlıqdan Molla Cəfərqulu buna bir dükan açdı və dükanda yaxşı işləməyə başladı.... Axırda bir az özünü düzəldəndən sonra Gülbadamı istədi, çox istədi, anası vermədi. Çox istəməyinin də səbəb vardı, bilirdi ki, ananın tək qızıdır və anadan sonra bir az "pul-mul" da qalacaqdır. Hətta bu işin xatirəsi üçün möminlər cərgəsinə daxil olmaq fikrində ikən bir az pul düzəldib Xorasana getdi. Xorasandan qayıdandan sonra böyük vasitələr salıb bir güc-bəla ilə Gülbadamı aldı.

İki il Gülbadamla ömrünü sürüb öldü. Deyirdilər, guya Xorasandan azarlı gəlmişdi. Orada, guya kif azarı tapmış imiş. Doğrudan Xorasana getməmiş boynu albuxara torbasına oxşar, canlı, ucaboy, qoyungöz, burnu bir az yekə kişi idi; özünün də otuz yaşı olardı. Nə isə, Həsənəli "Məşədi Həsənəli", olandan sonra gah yara çıxarardı, gah burnundan şikayət edərdi. Gah gecələr ayaqlarının ağrısından, sümüklərinin sızıltısından yata bilməzdi. Axırda burnunda yara əmələ gəldi və burnu ortadan çökəldi.

Sonralar Gülbadamın da ağzında bir yara peyda oldu, nə yara isə bilinmirdi. Fəqət şəhərdəki həkim onun dərmanından buna da verərdi.... Çox çəkmədi Məşədi Həsənəli yaman bir dərdlə canını tapşırdı. Bir il ondan müqəddəm Gülbadamın anası dünyadan getmişdi. Gülbadam ərindən sonra bir ay qaynı Molla Cəfərqulunun evində qalıb qoca əmisinin evinə köçdü və belə tez köçməyinə də səbəb var idi. Bir gün Gülbadamın əmisi naxoşlayıb Molla Cəfərqulunu çağırtdı ki, müalicə etsin. Qoca kişi bir az artıq yeyib zərərini görmüşdü: bir az qusurdu.... Günbatan vaxtı Molla Cəfərqulu əminin yanına getmək istədi. Gülbadam da təvəqqe etdi ki, bunu da aparsın, əmisinə lazım olarsa, qulluq etsin.... Xülasə, ikisi də yola düşdülər. Bunlar gəlməkdə, əminin də mərəzi bitməkdə. Xoş-beş edib oturdular, sonra çay içib evə qayıtdılar....

Əmisi M... kəndində olmağa görə yolları qoz ağacının yanında idi. Molla Cəfərqulu gecə vaxtı həmişə cibində şam və spiçka gəzdirərdi. Fəqət lazım deyildi. Çünki yol məlum, düz bir yol idi. Bunlar yavaşyavaş gəlirdilər. Qoz ağacına çatanda Molla Cəfərqulu yalandan büdrəyib yıxıldı. Ürəyi təmiz, rəhmli Gülbadam "vay" edib bunun qolundan tutdu. Molla Cəfərqulu qızışmış heyvan kimi Gülbadamın boynundan sarılıb öpdü və dedi: "Mən sənin dərdindən ölürəm...." Gülbadam özünü itirib uca, dəhşətli bir səslə "vay" edib qəşş etdi. Molla Cəfərqulu bir dəqiqəlik özünü itirib Gülbadamdan bir neçə addım geri çəkildi.Əzqəza Gülbadamın səsini kəndin kənarından keçərkən bir adam eşidib səslənir: "Ay adam, kimsən?" Molla Cəfərqulu görür ki, haman səslənən adam qaranlıqda qoz ağacına tərəf hərəkət edir. Molla Cəfərqulu ətəyinin altında tez şamı yandırıb qoz ağacının dibində qoydu və başladı namaz qılmağa.

Bu adam çoban Dünyamalı idi. Yavuqlaşıb gördü ki, bir arvad yerə sərilmiş, hərəkətsiz uzanıbdır, Molla Cəfərqulu isə namaz qılır, şam da qibləsidir.... Çoban: - Nə olubdur? - deyə soruşdu.

Molla Cəfərqulu namaz üstündə cavab verməyib qurtarandan sonra ağlamağa başladı və dedi:

- Təzim, təzim et, qardaş, bu pirdir. Biz yolla gedirdik, gördük burada şam yanır. Ağaca yavuqlaşanda ağacdan səs çıxdı. Bu zavallı arvad tab gətirə bilməyib qəşş etdi....

Çoban bunu eşitcək dizləri üstə çöküb yeri öpdü, ağladı. "Atam-anam sənə qurban" deyib alnını torpağa qoydu və sonra ayağa durub dedi:

- Gedim bu saat adamlara deyim, ziyarətə gəlsinlər.



 
[1] [2] [3] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info