Qonaq Kitabı
İLTİHABİ-TƏƏSSÜRATIMDAN YENƏ BİR ŞÖLEYİ-CƏHANSUZUM

 

Ələman, ey şahi-Yəsrib mədfənü Məkki vətən,

Ya nəbiyyürrəhmə, ey məhbubi-rəbbi-zülminən,

Şəri-pakində həram olmaqda ikən sui-zənn,

Ümmətin salim deyil bu xisləti-məzmumədən,

Tiri-sui-zənnə salehlər nişan olmaqdadır!

Gül könüllər qönçələrtək bağrı qan olmaqdadır!

 

Nəşeyi-sidqü səfadən əhli-dil olmaqda məst,

Sağəri-ixlas olur səngi-məlamətdən şikəst,

Etmədən təhqiqi-mətləb xəlq olub zahirpərəst,

Cahilü nadan büləndü aqilü huşyar pəst,

Tiri-sui-zənnə salehlər nişan olmaqdadır!

Gül könüllər qönçələrtək bağrı qan olmaqdadır!

 

İstiqamət birlə sərv etdikdə meyli-etidal,

Tişeyi-xərratdən təxlis üçün bulmaz məcal,

Bir fərağət bulmuş ikən qəlb olur cayi-məlal,

Gündə min tazə bəlayə uğrayır əhli-kəmal,

Tiri-sui-zənnə salehlər nişan olmaqdadır!

Gül könüllər qönçələrtək bağrı qan olmaqdadır!

 

Ey bəsa müslim ki, itham ilə təkfir eylənir,

Ey bəsa ali, gümani-bədlə təhqir eylənir,

Sidq – kizbə, mehr – büğzü kinə təbir eylənir,

Müxtəsər sidqü sədaqət əhli təkdir eylənir,

Tiri-sui-zənnə salehlər nişan olmaqdadır!

Gül könüllər qönçələrtək bağrı qan olmaqdadır!

 

Dəsti-qəlb-işkən cəsuru payi-himmət kəmqərar,

Kari-batil hökmfərma, çeşmi-həqbin pürxumar,

Bəxt tirə, yar sadə, çərx kəc, el hiyləkar,

Əsr namərd, əhl bielm, əmr müşkil, elm xar,

Tiri-sui-zənnə salehlər nişan olmaqdadır!

Gül könüllər qönçələrtək bağrı qan olmaqdadır!

 

Ya nəbiyyəl-müslimin, ey həq-təala rəhməti,

Çox fənadır əmrimiz, dərk eylə hali-ümməti,

Getdi izzət, batdı şövkət, tutdu zillət milləti,

Ələman, sümməl`əman (ya mən ileykə hacəti),

Tiri-sui-zənnə salehlər nişan olmaqdadır!

Gül könüllər qönçələrtək bağrı qan olmaqdadır!

 

 

İlk dəfə “Tazə həyat” qəzetində (3 avqust 1907, â„– 89) “Əli Sabir Tahirzadə Şirvani” imzası ilə çap olunmuşdur.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info