Qonaq Kitabı
TƏHƏSSÜR

 

İstənilir ittifaq,

Göstərilir infiraq.

 

Olsaydı səfa zümreyi-irfan arasında,

Qalsaydı vəfadən əsər əyan arasında,

Dursaydı sədaqət bəy ilə xan arasında,

Qalmazdı kədər zərrəcə insan arasında!

 

Da`i bə üxuvvət olur ikən bizə Quran,

Əmr eylər ikən birliyə peyğəmbəri-zişan,

Tapmazsan iki müttəfiqürrəy müsəlman

Qafqazda olan bir neçə milyan arasında!

 

Dinməz əcəba məniyi-Qurani bilənlər,

Islamı belə təfriqədə xar görənlər,

Aya, oxumazlar nə üçün dini bölənlər,

(Kanu şiyəən) rəmzini Quran arasında!

 

Axır bu nə təfriqü təxəllüfdür, ey ümmət?!

Əldən gediyor, dinləməyirsizmi bu millət?!

Ta key bu təxəllüf, bu təfərrüq, bu ədavət

Bir din, bir islamü bir iman arasında?!

 

Babəstə müsəlmanlaradır qeyrəti-islam,

Etsin də gərək müslüm olan xidməti-islam,

Əfsus ki, bihimmət olub milləti-islam

Dünyadə olan müxtəlif ədyan arasında!

 

Bir ildir olur zülmlə tarac müsəlman,

Ətraf bələdlərdə qalır ac müsəlman,

Aya, nə rəvadır ola möhtac müsəlman

Gün rizqinə bir boylə müsəlman arasında?!

 

İslamımızı etməliyiz boyləmi ihya?!

İmanımızı qılmalıyız boyləmi ifa?!

Islam o deyilmi ki, ciyərguşeyi-Zəhra

Baş verdi yolunda susuz, al qan arasında!

 

Biz millətə lazımmı deyil bu təbəiyyət?

Biz ümmətə vacibmi deyil qeyrəti-millət?

Ey vay ki, qeyrət oxuyur bizlərə lənət,

Milliyyətə xidmət edən insan arasında!

 

 

İlk dəfə “İrşad” qəzetində (22 fevral 1907, â„– 31), sonra isə Peterburqda çıxan “Ülfət” qəzetində (8 mart 1907, â„– 63) “Ə.Sabir Tahirzadə” imzası ilə çap olunmuşdur.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info