Qonaq Kitabı
YEVLAX-ŞUŞA YOLU

Heç nə!... Dəmir yolu ki, çəkildi, Yevlax-Şuşa yolunun bütün ləzzəti qaçacaq-dır!

Heç insafdır ki, sən Allah, dilicanın, faytonun, furqonun istirahətini, ləzzətini dəmir yola verəsən? Dəmir yol o yerdə yaraşar ki, məsələn, bu gün Bakıdan gedə-sən Yevlağa; Tiflisdən, Gəncədən gələsən  Yevlağa və Yevlaxdan da dilicana minib, yel vura-vura sürdürəsən Şuşa şəhərinə.

Elə ki Yevlax astanasında vaqondan düşürsən, bir də görürsən ki, faytonçular, dilcançılar səni bürüdülər.

-Hara gedirsən?

-Şuşaya!

-Bəs, onda buyur da, dilican hazırdır.

-Qoşubsan?

-Çoxdan!

-Neçəyə apararsan?

-Neçə adamsınız?

-İki nəfərik.

-Şeyiniz çoxdur?

-Yox, adama bir çamadandır.

-Elə isə adama səkkiz manat.

Burada balaca alış-veriş vaqe olur. Səkkiz manat, yenir olur altı.

-Hə, di qoy minək, sür gedək.

-Bu saat. Siz əyləşin, bir stəkan adama çay için, bu saat dilicanı sürüm bura, amma çayı tez için ki, ləngiməyək.

Bəli, əyləşin bir stəkan çay içirik. Yevlağın ditdilisi “dızz” eləyib o qulağından dişləyir, “dızz” eləyib burnundan dişləyir.

Qərəz, dilican gəlincə ditdili bildiyini eləyir. Amma dilican gəlmir, yenə çay içirsən, papiros çəkirsən, durub gəzinirsən, divardakı yazıları  bir-bir oxuyursan; dilican gəlmir ki, gəlmir.

Başlayırsan darıxmağa. Bir də görürsən dilican gəlmədi, amma dilicançı özü gəlir. Başını qapıdan çıxardıb baxır və soruşur.

-Burdasınızmı?

-Əşi, burada olmamış hara gedəcəyik, bir tez ol dilicanı sür gəlsin, vaxt keçdi, gün günorta oldu. Yoxsa, şəhərə gecə çatarıq!

Bu söz dilicançının xətrinə dəyir.

-Nə? Gecə! Görünür ki, mənim atlarımdan xəbəriniz yoxdur. Budur sizə deyirəm, axşam azanına bir saat qalmış Şuşa şəhərinin bazarında olacağıq, inşallah!

-Di yaxşı, tez ol!

-Bu saat atlara “qormut” verim, acdırlar. Gedir, yenə gözlə ki, dilican gələcəkdir.

Saat on olur, Tiflis poyezdi gəlir. Bundan da bir yarım saat keçəndən sonra dilicançı gəlir ki, di buyurun gedək. Məlum olur ki, hərif Tiflis poyezdini gözləyirmiş.

Baxıb görürsən üzüm giləsinə milçək daraşan kimi, dilicanın altından başqa hər yerindən adam sallaşır. Özünü bir növ ilə dilicanın içinə salırsan. “Bismillahir-rəhmanir-rəhim, - deyib yola düşürsən.

Bəs, bəh, bəh... At qumrovlarının səsi sənə laylay çalır. Yolun tozunun ətri səni valeh eləyir.

Bir dörd-beş saatdan sonra gəlirsən Bərdə astanasına.

Burada bir balaca tovqif lazım gəlir, atlar dəyişilib qoşulunca, bərdəlilər sənə hər tərəfdən tamaşa eləyirlər.

Buradan da yola düşürsən. Bir də görürsən ki, qabağına çıxan arabaların təkərləri və atların ayaqları yaşdırlar. Məlum olur ki, Tərtər çayında su var. Tərtər çayı gendən qıjıldayır. Dilican ilə keçmək mümkün deyildir... Gərək kəl arabasına minəsən.

Adambaşına bir abbasıya kəl arabasına minirik. Kəllər özlərini vururlar suya. “Allah-Allah” səsi hər yeri götürübdür. Suyun lap güclü yerində arabaçının yoldaşı arabaçıdan soruşur ki, əyə, bunları neçiyə keçirirsən? O da deyir ki, bir abbasıya.

-Nə?

-Abbası.

-Sarsaq oğlu sarsaq, mən abbasıdan ötrü kəllərimin boynunu qıracağam? Mən kəlimi açıram!

Yoldaşı deyir ki, ədə səfeh olma, kişiləri suya salarsan, kəlin qabağına dur, altı şahı verərlər.

Amma yoldaşı adama yarım manatdan dəm vurur. Qərəz, suyun ortasında taks abbasından qalxır iki abbası olur. Tərtəri keçib genə dilicana minirsən və fikir edirsən ki, bəli bu çayı salamat keçdik. İndi qaldı Laçın ilə Xocalı.

Nə başınızı ağrıdım, axşama bir saat qalmış dilican varid olur Ağdama və bir qədər də orada ləngiyəndən sonra yola düşürsən. Əsgəran ötür, Xocalı ötür, Ballıca ötür. Xanbağı ötür. Şəhərin dolayı yolu başlayır. Ağzın dönür gah gün batana, gah gün çıxana. Amma gün çoxdan batıbdır, axşamdır. Yol üzü yoxuşadır. Atlar güclə addım atırlar. Lap qaranlıq çökür. Səni mürgü basır. Ayılıb görürsən ki, yol gedirsən; üstün dağ, altın uçurum. Dilicançıya deyirəm ki, qoçaq, bəs, sən deyirdin ki, axşam azanına bir saat qalmış şəhərdə olacağıq. Dilicançı qulaqardına vurub bu sözlər ilə zümzümə eləyir:

Ayın aydınlığı, hava nə xoşdur,

Ay dilbər can, Zeybər can.

Sübh azanına bir saat qalmış şəhərə varid olursan.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info