Qonaq Kitabı
TƏHSİL

Mən məktəbdə oxuyanda, bizim məktəbə təzə bir molla təyin eləmişdilər. Yəni bu molla “ekzamen” tutmuşdu və o “ekzamendə” heç bir kəs onunla bərabər ola bilməmişdi.

Camaat belə deyirdi ki, dünyada heç bir elm yoxdur ki, bu axund onu bilməmiş olsun. Bu sözləri axund özü də təsdiq eləyib deyərdi ki:

-Mən bütün ülum və fünuna darayam.

Kişi “dara” olmaya bilməzdi, çünki səkkiz il məktəbdə oxuyub, bircə dəfə də fələqqəyə düşməmişdi. Sonra ikmali-təhsil üçün İrana gedib səkkiz il də Təbrizdə  oxumuşdu və bədə Təbrizdən Tehrana yollanıb dörd il də orada və ondan sonra beş il Məşhəddə və bunlardan başqa dörd il də İranın bir şəhərində təhsil etmişdi ki, onun adı yadımda qalmayıbdır.

Dərs vaxtında bu axund bəzi vaxt bizim ilə dostanə söhbətlər edərdi, böyük səfərlərindən nağıl edərdi, çox şirin söhbət eylərdi.

Bir dəfə ondan soruşduq ki, axund İran böyükdür, yoxsa Rusiya?

Dedi:

-Əgər İranın bu başından düşəsən və gecə-gündüz yol gedəsən və hər bir saatda yetmiş ağac yol eləyəsən və yetmiş il səfər eləyəsən, hələ gəlib İranın yarısına çatmazsan.

Dedik:

-Axund, bəs ruslar yazırlar ki, İran Rusiyadan 20 dəfə balacadır.

Axund buna şeirlə cavab verdi:

Key nik-bəxt, an nə şeklə-mən əst

Vəlakin, qələm dər kəfe-doşmən əst!

Bir gün uşaqlardan biri dedi:

-Axund, heç dəryanın dibini bilmək olar?

Axund dedi:

-Budur mən iyirmi beş il oxumuşam və iyirmi beş il sümük sındırıb bütün ülum və fünunə dara olmuşam, amma, indiyə qədər bir kitabda görməmişəm ki, dəryanın dibini bilən olsun.

Yoldaşlarımızdan biri dedi:

-Axund, bəs ruslar yazırlar ki, dəryanın lap dərini səkkiz verstdir.

Axund güldü və bunu nağıl etdi:

- “Zərəfşan” kitabında oxumuşam ki, İskəndər-Zülqərneyn dünyanın üzünü alandan sonra, istədi ki, dəryaların dibini də alsın, ona görə dəryanın içinə cumub yetmiş il yol getdi. Nagah burada bir adama rast gəldi ki, axtarır. Sual etdi ki, sən nə axtarırsan. Dedi ki, yetmiş il bundan əvvəl mənim əlimdən bu dəryaya bir balta düşüb, dəryanın dibinə gedibdir. İndi mən gərək bundan sonra yetmiş il yol gedəm ki, bəlkə dəryanın dibinə çatam. İskəndər-Zülqərneyn bu əhvalatı eşidib səfərindən əl çəkdi.

Yoldaşlarımızın içində bir “dələduz” vardı, dedi:

-Axund, hesab elmi oxumaq haramdır, yoxsa halal?

Dedi:

-Haramdır!

Dedi:

-Bəs bu elm necə ki, məsələn, mən istəyirəm biləm, cibimə nə qədər pul qoyum ki, putu altı manatdan iki kəllə qənd və girvənkəsi iki manatdan beş girvənkə çay alıb, üstünə də nəqd on beş manat pul qoyub bir axunda göndərim.

Axund dedi:

-O cürə elmi oxumaq nə haramdır, nə halal, ancaq savabdır.

Bu əhvalatdan sonra, gördük ki, fəziləti-axund məlum şüd.

İştə iyirmi beş il oxumaq zarafat deyildir. İyirmi beş il – bir əsrin dörddən biridir.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info