Qonaq Kitabı
RAMAZAN AYINDA İBADƏT

- Azana bir beş dəqiqə qalmış harada olsam qayıdıram evə və ev adamlarını xəbərdar edirəm ki, mənim səmtimə dolanmasınlar. Çünki at arpasının vaxtı yetişəndə şıllaqcıl olan kimi, mənim də papirosumun vaxtı yetişir, nervinni oluram.

Bədəzon uşaqlara deyirəm ki, mənim papiros qabımı yanıma gətirsinlər. Orucluq günləri papiros qabını cibimdə saxlamıram, çünki bir kərə yadımdan çıxıb qəflətən papiros çəkmişəm və bir kərə özümü bilməməzliyə vurub qəsdən çəkmişəm. Ona görə, “göz görməsə, könül sevməq” məsəlinə müvafiq papiros qabını evdə qoyuram.

Qərəz, papiros qabını alıb, kəmali-dəsgah ilə bir dənə papiros hazırlayıram və ispiçkəni də əldə hazır tutub müntəzir oluram azana. Uşaqlara tapşırıram ki, səs-küy salmasınlar, yoxsa azanı eşitmərəm. Bəli, papiros ağzımda, ispiçkənin çöpü sağ əlimdə və qutusu sol əlimdə, gözlərimi dirəmişəm məscidimizin minarəsinə. Bir də baxıram ki, müəzzin minarədə nümayan oldu.

“Hə gözünə dönüm” – deyib, intizar çəkirəm. Ispiçkənin çöpünü dirəmişəm qutusunun qarasına. Elə “Allahü əkbər!” deyən kimi ispiçkə alışır. Hə demisən, papirosa bir qullab. Tütün beynimin hər yerini dolanıb, burnumun iki deşiyindən üzü aşağı fantan eləyir. Keyf vurur başıma, gözlər qaralır, əl-ayağım titrəyir... Papirosumu qurtarıb, gəlirəm süfrənin başına. Papiros iştahamı küsdürübdür. Çox yeyə bilmirəm.

Əvvəlcə orucumu iki dənə xurma ilə açıram (papiros heç). Ondan sonra iki istəkan salma çayı pendir-çörəklə yeyib, ərkək ətin kababını tənavül edirəm. Üç şişdən artıq yeməyib, özümü saxlayıram düşbərəyə. Ancaq düşbərədən qabaq dolma var. Dolmadan yeyə bilmirəm, çünki ətri burnumu qıdıqlayır, bir boşqab dolma kifayət edir. Ondan sonra yağla baldan bir uaxmac qayırıb, yeyə-yeyə əmr edirəm ki, düşbərəni gətirsinlər. Düşbərə gəlib meydana qoyulunca, qaysı qovurmasından bir beş tikə alıram, sonra düşürəm düşbərənin üstünə (amma heyf ki, papiros iştahamı pozubdur). Düşbərə kimi ləzzətli şeydən beş boşqabdan artıq yeyə bilmirəm: Süfrə yığışılmaqdan qabaq bir qədər də meyvəcat yeyilir, bunların üstündən bir istəkan tünd çay içib, bir saz papirosla iftar qurtarır.

Indi gərək namaz qılam. Amma di gəl ki, belə tənbəlləşmişəm ki, heç yerimdən tərpənmək istəmirəm. Bir az fikirləşirəm. Bir də papiros çəkirəm. Amma yenə də namaz dərdi alıb canımı. Qılmasam da olmaz. Çünki axundun özündən eşitmişəm ki, orucluq günü oruc tutub, namaz qılmayan şəxs bənzər bir eşşəyə ki, tövləyə salıb, ələf və susuz saxlayırsan. Eşşək olmaq istəməyib, ayağa qalxıram. Dəstəmaz alıb, namaza başlayıram.

Namaz qurtarandan sonra elə bil ki, bir qaya üstümdən götürülür. Indi gərək bir qədər ramazan duası oxunsun. Sözün doğrusu, çox ağırlaşmışam və yuxu da gözümdən tökülür. Olmur. Yatıram. Obaşdan açılır, azan çəkilir. Yuxudan ayılıb, obaşdan eləyirəm. Cücəli xörəkdən bir nimçə o ki var yeyib, üstündən də beş istəkan çay içirəm ki, səhər susamayım. Ondan papiros çəkə-çəkə yatıram və ayılıb durub, sübh namazının qəzasını qılıram. Əhvalıma baxıb görürəm ki, heç alış-veriş eləyə bilməyəcəyəm. Yuxum gəlir, yatıram. Azana bir qədər qalmış durub, şəhərə çıxıram. O qədər dolanıram ki, beş dəqiqə qalmış olur. O halda evə qayıdıb, fövqdə zikr etdiyim qərar üzrə ibadətə məşğul oluram.

- Allah əcr versin!



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info