Qonaq Kitabı
Üzündür Turi-Sina, rəqqi-mənşur

Üzündür Turi-Sina, rəqqi-mənşur,

Bilindi üştə gör nuri-əla-nur.

 

Qaşındır qabə qövsеyn, sidrə boyun,

Qatında cənnətü rizvan, həm hur.

 

Üzün darüssəlam oldu, səlamın

Yеridir Kə’bəvü həm bеyti-mə’mur.

 

Anın şə’nindədir fəthi-qərib həm,

Kəlam içində gör bu sətri məstur.

 

Qara çеşmindədir dövrani-aləm

Ki, oldur cümlə əşya üstə mənzur.

 

Qiyamət qamətindən oldu zahir,

Yəqin bu, qəddin üçün oldu məqdur.

 

Qamu əşyada sənsən qadirü şah,

Qulundur qеysərü хaqanü fəğfur.

 

Sənin nitqindən oldu zində əşya,

Bilindi həşrü nəşrü nəfхеyi-sur.

 

Çü natiqdir kəlami-həq üzündən,

Görün bu sirri-pünhan oldu məşhur.

 

Nəsimidir əzəl canan əlindən

Şərabi-kövsər içdi əz ləbi-hur.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info