Qonaq Kitabı
PRİSTAV AĞA

M... kəndində bir qəribə halətdir. Əhali bir-bir komalarından dışarı çıxıb, guya xof və vahimədən nəşət edən bir iztirab ilə o tərəfə bu tərəfə baxaraq, kəndin gen bir küçəsinə doğru gedirlər və burada toplaşıb dururlar. “Allah özü sovuşdursun” – deyirlər. Hər kəsin üzündə bir nişanəyi-xof, hərəkətində bir cürətsizlik, danışığında bir ehtiyat müşahidə olunur. Bunlar insanı bilaixtiyar titrəməyə məcbur edəcək mərtəbədə müdhiş bir hadisə vüquinə və yaxud mütəqəddim bir şəxsin vürudinə müntəzir idilər. Vaqiən belə idi: M... kəndinin əhalisi (Allah göstərməsin) pristav ağanın təşrifini gözləyirdilər.  Dünən İran sərbazına müşabəhəti olan bir stajnik “bəy” kəndə gəlib, qabağına çıxan ağsaqqalları xubunca döyüb-söyəndən sonra, “sabah pristav ağa gələcək” dedi və gecə, döydüyü ağsaqqalların birinin evində qalıb, səhər atına minib, geri qayıtdı.

Şayani-diqqət burasıdır ki, strajnik bəyin kəndə gələndə cibində beş-altı qəpik pulu var idi. Lakin gedəndə bu beş-altı qəpik bir gecənin içində beş-altı manata “istihalə” etmişdi. Bu “möcüzənin” sirri ev sahibi ilə cib sahibinə məlum idi.

Stajnik bəy kənddən müfariqət edər-etməz, qonşular ev sahibi Kərbəlayı Bünyadəlinin yanına yüyürüb, “pristav nə səbəbə gələcək” – deyib sordular. Kərbəlayı Bünyadəli isə - strajnik bəy evində mehman olduğunu ehsas münasibət-ilə böyük bir şərəfə nail olmuş kimi qeyrilərinə nisbətən ali bir can sahibi olduğunu ehsas etdirmək üçün kəmali-kibr və qürur ilə “əşi, mən nə bilim? Pristav ağanın işi kəndləri gəzib adam döydürməkdir, dayna!” – deyib xalqdan üz çöndərdi və onla-rın atəşi məraqini söndürmədi... Pristav çox gec gəldi. Əhali kəsbü karından əl çəkib, bu günü pristav ağanı gözləməyə sərf etdilər. Hər kəs, pristav nə üçün gələcək? – deyə öz-özünə fikir edirdi. Ağanın bu qəsdini hər kəs bir bəhanə ilə özünə andırırdı. Məsələn, Cənnətqulu belə güman edirdi ki, “Pristav, Əliqulunun oğurluğunu eşidib gəlir”. Əliqulu isə deyirdi: “Ha! Pristav ağa Cənnətqulunun Məmmədcəfərlə savaşdığını eşidib gəlir və s...” Lakin “Pristav gəlir!” – bu ikisinin də hərdəm titrəməyinə səbəb olurdu.

Əlqissə, axşam çağı pristav gəldi. Müvasilətindən bir az müqəddəm kəndlidən birisi qışqıra-qışqıra, dili dolaşa-dolaşa: p... p... p... pristav ağa g... g... gəlir! – deyə cəmaətin vahiməsini son mərtəbəyə yetirdi. İtlər hürdü, uşaqlar ağladı, arvadlar “Allah sən saxla” – deyib, ora-bura qaçdılar. Kişilər də sapsarı saralıb itləri, uşaq-ları, arvadları sakit etməyə başlayıb, özləri onlardan betər qışqırırdılar.

Pristav ağa bir təmtəraq, bir təntənə, bir dəbdəbə ilə on nəfər cəlladməcaz stajniklərdən mütəşəkkil müini ilə belə çaparaq kəndə daxil oldu. Kəndlilər kəmali-inqiyad və itaət ilə cənab pristavı istiqbal etdilər və “sən bizim başımızın sahibi-sən” – deyib, əsnayi namazla rüku edən kimi, baş deyil, bədən əydilər. Lakin cənab pristav əhalinin belə izahari-təbəiyyəti-sadiqanəsindən əqmazi-eyn edib, keçən gün cibində “möcüzə” görünmüş sərbaz simalı strajniki təqib edərək, atını Kərbəlayı Bünyadın evi həyətinə sürdü.

Kərbəlayı, 70 sinn altında bükülmüş vücudunu 15 yaşına yetmiş cavana mənsub bir cümbüş və hərəkətə gətirib sıçradı və pristav ağanın “cismi-əzizi” atın üstündən yerə düşürdü. Strajniklər də kəndlilərin köməyi ilə atlarından yerə süqut edib, metad qaidəyə rəayət edərək topalanmış kəndliləri qamçı ilə şaparlamağa başladılar. Və atlarını otarmaq ilə özləri üçün də bir “yaxşı” yer hazırlamağa əmr etdilər.

O gecə M... kəndində bir neçə qoyun dəxi qurban edildi.

Sabahı günü Kərbəlayı Bünyadın həyətində şayani-təmaşa bir drama vaqe olurdu. Cənab pristav başıaçıq və əlləri ciblərində “özünü dartmış turac kimi” qapının ağzında durub, keçmiş padşahlara mənsub bir hökumət ilə cərgə ilə düzülmüş kəndliləri bir-bir və hərəsini bir növ ilə döydürürdü. Birisini libasdan xali edib, lüt əndamına qamçı vurdururdu, digərini saqqalından tutdurub, üzünə, başına sillələr çəkdirirdi, bir qeyrisini əlibağlı ora-bura çapdırırdı. Bəzisini yerə yıxıb, təpik altına saldırdı və sairə...

Döyüşə mübtəla olanlar hərdəm: “Bizim taqsırımız nədir, ağa, başuva dönüm” – dedikdə, cənab pristav və sonra da strajnik bəy tərəfindən bir neçə kəlmə föhşdən mütəşəkkil cəvabi – “şafi” alırdılar...

Bu drama səhərdən günortayadək imtidad çəkdi ki, ondan sonra pristav ağa, bu qədər zəhmətdən artıq yorulub, girdi otağa və kənd mollasının evində şərəfinə kəşidə edilmiş ziyafətdə (bu ziyafətdə pristavdan savay bir də Kərbəlayi Bünyadəli var idi) mükəmməl surətdə bir nahar edib, istirahət üçün bir-iki saat şirin yuxuya müstəqrəq oldu... Bidar olduqdan sonra, Kərbəlayı Bünyad tərəfindən “Əbidanə” əta olunmuş kəhər ata rakib olub və kəndçilər tərəfindən “mübarək qədəmi” münasibətilə hədiyyə edilmiş quzuları (yağ, qatıq, pendir və s. məlum işdir) müini-nə tapşırıb, öz paytaxtına mütəvəccihən rəvanə oldu.

Ağa gedəndən sonra kəndçilər “Mumi ileyhin” sahibi təhəkküm bir zat olduğu-nu tosif və tərifə başladılar.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info