Qonaq Kitabı
MƏZHƏKƏ

Kəndlinin biri buğdasını, baramasını aparıb bazarda dəyər-dəyməzinə satıb bir dana at, bir dana eşşək və əyninə də bir dəst paltar alıb, evinə tərəf gəlirdi...

Bir nəfər bəy bunu gendən gördü və təəccüb elədi ki, kəndlinin həmi atı var, həmi də eşşəyi. Daldan kəndliyə yaxınlaşıb başına elə bir qapaz saldı ki, kəndli ancaq bir saatdan sonra ayılıa bildi və ayılandan sonra da baxıb gördü ki, eşşəyi yoxdur.

Yasavul kəndlinin atına baxıb şikayətinə qulaq asdı, amma şikayət “haqqı az olduğuna görə” kəndliyə bir neçə qamçı çəkdi və dedi:

-Bağla atını burada, get ətrafı gəz, bəlkə eşşəyin tapıla.

Kəndli atını yasavula tapşırıb, eşşəyi axtarmağa getdi. Çox gəzdi, çox dolandı, hərçənd bəyin qapısında bir eşşək gördü ki, öz eşşəyinə çox oxşayırdı, amma o cürə şeyləri fikrinə gətirməyə cürət eləmədi. Və qayıtdı ki, bəlkə yasavul bir kömək eləyə, amma nə yasavul və nə atdan bir nişan da görmədi.

Kəndli xofə düşdü, elə bildi ki, bunlar hamısı yuxudur. Onun üçün özünü çimdiklədi ki, ayılsın, amma gördü ki, xeyr yatmayıbdır. Bikef və bidamaq bir çayın qırağında oturub evinə qayıtmağa utanırdı. Gördü ki, bir nəfər sarıqlı gəlir. Kəndli durub ikiqat əyildi və genə bidamaq yerinə oturdu. Sarıqlı dedi:

-Nədir ki, belə bidamaqsan?

Kəndli ağlaya-ağlaya əhvalatı nəql elədi.

Sarıqlı bunun təzə libasına diqqət yetirib dedi:

-Mən sənə əlac edərəm!

Yazıq kəndli şadlığından bilmədi ki, nə qayırsın, özünü yıxdı sarıqlının ayağı-na. Sarıqlı dedi:

- Sənin atını da, eşşəyini də cin oğurlayıbdır və o cin də sənin bu libasındadır. Ona görə bu libası ovsunlamaq lazımdır. Və illa başına çox bəlalar gələr.

Kəndli cin adını eşidən kimi, dəlitək paltarını çıxardıb tulladı. Sarıqlı bir dua oxudu və dedi:

-Bir qədər yat!

Onsuz da it kimi yorulmuş kəndli başını yerə qoyan kimi yuxu basdı və yuxusunda gördü ki, eşşəyi və atı da tapılıb, kişnəyə-kişnəyə bunun yanına çapırlar. Kəndli sevindiyindən elə çığırdı ki, öz səsinə oyandı və oyanıb gördü ki, nə sarıqlı var, nə paltar. Binəvanı dəhşət basdı. Əlinə çomaq alıb özünü qoruya-qoruya kəndinə yetirdi. Xalq yığılıb dedilər ki:

-A kişi, dəli olubsan nədir? Lüt gəzib özünü qoruyursan?

Dedi:

-Atımı oğurladılar, eşşəyimi oğurladılar və paltarımı oğurladılar. İndi qorxuram ki, özümü də oğurlayalar.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info