Qonaq Kitabı
QƏRINI-MƏĞFIRƏT QIL, YA ILAHI

 

Qərini-məğfirət qıl, ya ilahi,

Müzəffərdin[1] vəfalı padşahi!..

 

Bu hali-zari-məhrumanəmizlə,

Məlali-nəfsi-məhmumanəmizlə,

Xülusi-qəlbi-məsumanəmizlə.

Sana ərz eyləriz biz, ya ilahi,

Qərini-məğfirət qıl, ya ilahi,

Müzəffərdin vəfalı padşahi!..

 

Xüdavənda, kərima, girdigara,

Onilə rəhmətinlə qıl müdara,

Olurkən fövt, edib islami ihya,

Səadət rütbəsin aldı kəmahi,

Qərini-məğfirət qıl, ya ilahi,

Müzəffərdin vəfalı padşahi!..

 

Müqəddəs fikri, pak əqli, zəkasi,

Vətən övladının oldu bəqasi,

Verib İranə qanuni-əsasi,

Bütün İranın oldu qibləgahi;

Qərini-məğfirət qıl, ya ilahi,

Müzəffərdin vəfalı padşahi!..

 

Hümayi-ruhini xüldaşiyan et,

O zati-əqdəsi cənnətməkan et,

Mübarək qəbrini rəşki-cinan et,

Ayırma rəhmətindən sən bu şahi,

Qərini-məğfirət qıl, ya ilahi,

Müzəffərdin vəfalı padşahi!..

 

Onun qanuni-pakin payidar et,

Vəliəhdin müsavat ixtiyar et,

Rəiyyətdust, hürriyyətşüar et,

Şərəflənsin bu yolda izzü cahi,

Qərini-məğfirət qıl, ya ilahi,

Müzəffərdin vəfalı padşahi!..

 

Şəhi-İran Məhəmməd şahi-əzəm,

Uzun ömr eyləsin ol zati-əkrəm,

Ola qanuni-ədl ilə münəzzəm

Ümuri-dövləti, mülki, sipahi,

Qərini-məğfirət qıl, ya ilahi,

Müzəffərdin vəfalı padşahi!..

 

 

 

Müzəffərədin şahın vəfatı münasibəti ilə yazılmış bu şer ilk dəfə “İrşad” qəzetində (11 yanvar 1907, â„– 8) “Ə.Sabir Tahirzadə” imzası ilə çap olunmuşdur.

 

 



[1] Müzəffərədin şah (1853-1906) – İran şahı (1896-1906). 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info