Qonaq Kitabı
MÜSƏLMAN VƏ ERMƏNİ VƏTƏNDAŞLARIMIZA

 

Əsrimiz xahiş edərkən ittifaqü ittihad,

Cümləmiz əmniyyət içrə almaq istərkən murad,

Beynimizdə yox ikən bir günə əsbabi-təzad,

Bu vətən övladinə ariz olub büğzü inad,

Müslimanla ermənilər beyninə düşdü fəsad,

Yoxmu bir sahibhidayət, yoxmu bir əhli-rəşad?!

 

Ey süxəndanan, bu günlər bir hidayət vəqtidir!

Ülfətü ünsiyyətə dair xitabət vəqtidir!

 

Iki yoldaş, iki qonşu bir vətəndə həmdiyar,

Əsrlərcə ömr edib, sülh içrə bulmuşkən qərar,

Fitneyi-iblisi-məlun oldu nagəh aşikar...

Gör cəhalətdən nə şəklə düşdü vəzi-ruzigar!

Qətlü qarət bişümarü şəhrü qəryə tarimar!

 

Ey süxəndanan, bu günlər bir hidayət vəqtidir!

Ülfətü ünsiyyətə dair xitabət vəqtidir!

 

Fitnələr kim, faş olur, bilməm nə halətdən törər,

Əql bavər eyləməz kim, adəmiyyətdən törər,

Müslimiyyətdən və yaxud erməniyyətdən törər,

Şübhə yoxdur, cəhldən, yainki qəflətdən törər,

Bu müsibətlər bütün büğzü ədavətdən törər,

Bu ədavət mütləqa hali-zəlalətdən törər;

Ey süxəndanan, bu günlər bir hidayət vəqtidir!

Ülfətü ünsiyyətə dair xitabət vəqtidir!

 

Həqqi xəlqə bildirib dəfi-zəlalət etməli,

Gün kimi taban edib, pamali-zülmət etməli,

Nacəba bu işlərin dəfində qeyrət etmli,

Xatiri-müğbərrdən rəfi-küdurət etməli,

Çarəsazi-sülh olub dəfi-xüsumət etməli,

Sabira, beynəlmiləl tədbiri-ülfət etməli!

Ey süxəndanan, bu günlər bir hidayət vəqtidir!

Ülfətü ünsiyyətə dair xitabət vəqtidir!

 

 

 

Ilk dəfə “Həyat” qəzetində (1 iyul 1905, â„– 19) “M.Ələkbər Sabir” imzası ilə çap olunmuşdur.

 

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info