Qonaq Kitabı
ŞÜKR LILLAH KI, AFITABI-SÜXƏN

 

Şükr lillah ki, afitabi-süxən

Şərqi-mənadən oldu çöhrənüma;

 

Çıxdı bir gün ki, tələtindən edə

Məşriqü məğrib əhli kəsbi-ziya;

 

Oldu bir nur sateü lame,

Ola rövşən bu nur ilə dünya.

 

O ki, dərgahi-həqqə illər ilə

Gecə-gündüz edərdik istida, -

 

Əhsənülvəch ilə müyəssər olub,

Şükr kim, şamil oldu lütfi-xuda.

 

İsticabət tapıb dualərimiz,

Şəhri-Tiflisdə olub bərpa

 

Bir qəzetxanə kim, ifadələri

Hər müəmmayə göstərir məna.

 

Bir qəzetxanə kim, mətalibinə

Hər məmalikdə müştəri peyda,

 

“Şərqi-Rus”[1] ilə intixab tapıb,

Ta verə gün kimi cəhanə ziya.

 

“Şərqi-Rus”un yeganə mümtazi

Bəhri-elmü ədəb Məhəmməd ağa[2],

 

Mətləbi dilrüba, qəribülfəhm,

Sözləri ruhbəxşü zövqəfza.

 

Kəlimatı müfidü müstəhsən,

Hərəkatı həmişə sidqü səfa.

 

Biz gərəkdir təyəmmünən bu günün

Mislini ildə eyd edək icra.

 

Var ümidim ki, əxtəri-iqbal

Övci-məqsuddə tuta məna;

 

Ola bidar talei-məsud,

Aça minbəd dideyi-şəhla;

 

Ola kəsbi-ülumə səyi-bəliğ,

Qıla təhsili-elm sübhü məsa.

 

Indi bir əsrdir ki, elm gərək!

Dolub alati-elmdən dünya.

 

Hansı bir elmdir ki, təhsili

Bizə üsrü hərəc olub, aya?

 

Mehriban padşahi-adilimiz

Edə həq səltənətdə kami-rəva;

 

Hər məmalikdə, hər vilayətdə

Qayəti-rəhmü lütfdən həqqa;

 

Döşəyib kəsbi-elmə bəsti-bəsit

Uşqolalar açıb, qoyub molla

 

Ki, bizimtək dəni rəiyyətlər,

Hərə bir elmdə olaq dana.

 

Ah kim, xabi-qəflət ilə bizim

Ömri-pürmayəmiz keçibdi fəna.

 

Dolub elm ilə sahəti-aləm,

Bizə yox bəhrə elmdən əals.

 

Rəmz həl-yəstəvi müdəlləldir,

Bir deyil şəxsi-kurlən bina.

 

Kəsbi-elmə səbəb fərahəmdir,

Sabirə, bir zəman qyıl, yatma!

 

Qıl, dualər ki, “Şərqi-Rus”muzun

Təl`ətindən ola cəhan beyza.

 

 

 

Ilk dəfə “Şərqi-Rus” qəzetində (27 iyun 1903, â„– 37) “Ələkbər Tahirov” imzası ilə çap olunmuşdur.

 



[1] “Şərqi-Rus” – 1903-1905-ci illərdə Tiflisdə azərtürk dilində “cəmiyyət işlərinə və ədəbiyyata” dair nəşr olunan qəzet idi.

[2] Məhəmmədağa Şəhtaxtılı (1848-1930) - “Şərqi-Rus” qəzetinin naşir və redaktoru, görkəmli jurnalist və ictimai xadim.

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info