Qonaq Kitabı
HƏMDÜLILLAH KI, BU GÜN BƏXTƏVƏR OLDU BAŞIMIZ

 

Həmdülillah ki, bu gün bəxtəvər oldu başımız,

Gəldi novruz, demək, artdı bir il də yaşımız,

Bütün əqvamə görə gərçi çox azdır yaşımız,

Bavücud-in ikidir bir sənədə il başımız:

Biri novruz, biri çahi-məhərrəmdir, əmu!

Birisi mayeyi-işrət, birisi qəmdir, əmu!

 

Bu səbəbdən bir ili biz də iki pay edərik:

Bir payı on bir, ikinci payı bir ay edərik,

On bir ay nalə şəkib, ağlayıb ax-vay edərik,

Bir ayı ləbləbi-kişmiş yeyib, oxqay, edərik;

Çünki bu eyd biz islamdə ə`zəmdir, əmu!

Şiveyi-məzhəbi-Zərdüşt[1], əsəri-Cəmdir[2], əmu!

 

Bu bir ayda geyinib sallanarıq behcət ilə,

Əlli-əlli olaraq ev gəzərik işrət ilə,

Girərik hər evə, hər mənzilə cəmiyyət ilə,

İçərik çay, yeyərik hil-noğulu ləzzət ilə,

Çox da ev sahibinin iş-gücü dərhəmdir, əmu!

Eyddə borc eləmək dəbi müsəlləmdir, əmu!

 

Tapdı vəqta ki, ərəb leşkəri ətrakə zəfər,

Dini-abaimizi eylədi həp zirü zəbər,

Biz də atdıq bütün adatımızı, bircə məgər

Bu mübarək günü təqdis ilə bu anə qədər

Saxladıq, çünki biz islamə çox əlzəmdir, əmu!

Bərşikəstə olan ərbab məgər kəmdir, əmu!

 

Leyk bu eydimizin bircə qüsuru yenə var:

.        .        .        .        .        .        .        .

 

 

 

İlk dəfə “İqbal” qəzetində (21 mart 1911, â„– 250) jurnalist Məmmədəli Sidqi tərəfindən nəşr edilmişdir.

 

A.Səhhət əsəri çapa hazırlayarkən belə bir qeyd vermişdir: “Bu şeri mərhum xəstə olduğu zaman ömrünün axır çağlarında yazdığından yarımçıq qalmışdır”.

 



[1] Zərdüşt – Azərtürklərin qədim peyğəmbəri, Novruz bayramının əsası Zərdüştün peyğəmbərliyi və Cəmşidi-Cəmin padşahlığı dövründə qoyulmuşdur.

[2] Cəm (Cəmşidi-Cəm) – İranın və Midiyanın əfsanəvi padşahı.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info