Qonaq Kitabı
BAZAR SÖHBƏTİ

-Məşədi Səməd, bir bura bax! Vay Məşədi Səməd! Bura bax, söz deyirəm!

-Bu saat! Qoy bir bu çuxanın burasını tikim! Yiyəsi gözləyir.

-Əşi, bir bura bax, sonra tikərsən. Sənə bir yaxşı əhvalat deyəcəyəm.

-Sən de, mən qulaq asıram!

-Bura bax, rəhmətlik Əliqulu bəyin dayısı Kərbəlayı Hüseynəli bəyi tanıyırdın?

-Yox, necə Əliqulu bəyin?

-Əşi, nə deyirsən, dostun Mirzə Cəfərin aşnası Əliqulu bəyi tanıyırsan?

-Hə, keçəl Əliqulu bəyi tanıyırdım.

-Onun dayısı Kərbəlayı Hüseynəli bəyi tanıyırdın?

-Tanıyırdım, necə?

-Axı, Kərbəlayı Hüseynəli bəyin bir nökəri var idi. Adına Yırtıq Səfi deyərdi-lər, bir arvadı da var idi, neçə ildi ki, doğmurdu, sonra gedib Qarabasan kəndindən bir qız aldı, özü də deyirlər ki, bəy qızıdır, ondan da Yırtıq Səfinin bir oğlu oldu ha!

-Hə, necə?

-Ta nə hə, haman o oğlan indicə bir rus qızı ilə gəlib bizim dükanın qabağından keçdi.

-Əşi, nə deyirsən?

-Sən öl, and olsun Allaha, özüm ölüm ki!..



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info