Qonaq Kitabı
VAQİEYİ-YUBİLEYKARANƏ

 

Girdim yerimə başımda qayğu,

Gördüm gecə bir qəribə uyğu:

 

Bir şəhrdəyəm ki, cümlə dəhri

Gəzsən bulamazsan oylə şəhri;

 

Ləzzətli suyu, gözəl havası,

Var behcəti, zövqü, həm səfası;

 

Əhli bütün əhli-fəzlü insaf,

Həp mömini-pak, müslimi-saf;

 

Şəhri-füzəla, diyari-irfan,

Mömin yatağı, qədim Şirvan.

 

Əlqissə, gəzib bu şəhri yekca,

Hər bir yerin eylədim tamaşa;

 

Gəzdikcə adam görünmür, ancaq

Bir səmtdə vardı bir yığıncaq.

 

Vəqta ki, bu isdihamı gördüm,

Mən də o yerə qoşub yüyürdüm;

 

Baxdım ki, əzim bir cəmaət,

Eyzən ürəfa, əvət, həqiqət!

 

Lakin nə üçündür işbu əhval? –

Sordum, birisi dedi bu minval:

 

“Rahi-mədəniyyəti tey etdik,

Bir şəxsi-əzizə yubley etdik”.

 

“Əhsən – dedim, - ən gözəlcə bir şey,

Xaqani[1] üçünmü işbu yubley?

 

Ya seyyidi-paki-Zülfüqari[2]

Yad etdiz o airi-diyari?

 

Yoxsa Məlikov Həsənbəyi[3]-pir

Əlyövm olunur vətəndə təqdir?

 

Əkdikləri danələr göyərdi,

Bəh, bəh necə dadlı meyvə verdi?

 

Yaxud, de görüm, müdiri-“Kəşkül”[4]

Ünsizadə Səidi-məqul

 

Etdikləri ictihadə nisbət

Millətdən alır bu gündə qiymət?

 

Yainki o Seyyidi-Əzimi[5]

Şad etdiz o şairi-nədimi?

 

Yoxsa Qəniyev Məcidi[6] təbcil

Etmək səbəbincədir bu təşkil?

 

Məhmudbəyov ol Həbibi[7] yoxsa,

Alqışladız ol ədibi yoxsa?

 

Yaxud, de görüm, müdiri-“Rəhbər”

Məhmudbəyəmi bu etinalər?”

 

“Lal ol, - dedi, - Zülfüqar kimdir?!

Xaqaniyi-namdar kimdir?!

 

Kimdir Məlikov Həsənbəyi-pir?

Millət onu çoxdan etdi təkfir?

 

Kimdir, nəçidir o Ünsizadə?

Həp dinimizi verirdi badə!

 

Ya Seyyid Əzim kimdir, oğlan?

Bir şair idi yazırdı hədyan!

 

Məhmudu Həbib, ya Məcidin

Çəkmə adını o üç pəlidin!

 

Ömründə belə niyaz qılmaz,

Bunlar üçü də nəmaz qılmaz.

 

Yubleydir bu, həba deyildir,

Var qiyməti, kəmbəha deyildir;

 

Hər elmi üfaq müəllim əsla

Layiq olamaz bu feyzə, illa.

 

Layiq belə yubleyə ziyadə

Əlhafiz əfəndi Şeyxzadə”.

 

İşbu sözü söyləyib də təkrar,

İstərdi edə bir az da göftar.

 

“Dinmə”, - dedim, - oldu qissə məfhum,

Rumi ki, dedin, qəziyyə məlum...”[8]

 

.        .        .        .        .        .        .        .        .        .        .

 

Dərpərdə olan rümuzu qandım,

Bu halda xabdən oyandım.

 

Gördüm bu rübaiyi mükərrər

Təbim ediyor dəmadəm əzbər:

 

Qanunü qəvaidi-təbiət

Qoymuş bu cəhanda boylə adət:

 

“İnsandakı cəhldən ziyadə

Həqsizlər edərlər istifadə”.

 

 

 

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (9 mart 1911, â„– 10) “Gözü yumulu” imzası ilə çap olunmuşdur. 

 



[1] Xaqani Şirvani (1120-1199) – XII əsrdə yaşayıb yaratmış böyük Azərbaycan şairidir.

[2] Zülfüqar Şirvani (1190-?) – Şamaxıda doğulmuş Azərbaycan şairi.

[3] Həsən bəy Məlikov Zərdabi (1837-1907) – XIX-XX əsrlər Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi.

[4] “Kəşkül” – 1883-cü ilin yanvarından Tiflisdə nəşrə başlayan jurnal. 1884-cü ilin may ayından qəzetə çevrilmişdi. Redaktoru “Ziya” qəzetinin müdiri Səid Ünsizadənin qardaşı Cəlal Ünsizadə idi.

[5] Seyyid Əzim Şirvani (1835-1888) – XIX əsr Azərbaycan şairi.

[6] Sultan Məcid Qənizadə (1866-1938) – Maarifpərvər yazıçı və pedaqoq idi.



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info