Qonaq Kitabı
BALACA SƏHNƏ

 

Vəqta ki, məşrutə xəbəri İran kəndçilərinin qulağına yetişdi, bir nəfər qoca əkinçi əkinin içində səcdəyə yıxılıb dedi:

Səd şükr ki, oldu nur-baran

Məşrutə ilə bu xaki-İran!

Rəxnə yetişib binayi-zülmə,

Yer qalmadı kədxudayi-zülmə;

Zülmün, sitəmin çırağı söndü,

İran yenə bir behiştə döndü;

Hakimlərin ixtiyarı bitdi,

Dehqanların iztirarı bitdi;

Bundan sora rəncbər döyülməz,

Nahəq yerə binəva söyülməz;

Salmaz bizi mülkədar rəncə,

Qurmaz bizə bir daha şkəncə...

 

Yazıq bu şerləri oxur-oxumaz nagah divan məmurlarından bir nəfər fərraş hazır olub, əkinçinin, əhlü-əyalının gözü önündə qollarını bağlayıb, at qabağında piyada, ayaq ilə onu ərbabın qapısına gətirdi.

Ərbabın gözləri qızarmış, əlində bir təlimi dışarı çıxıb, əkinçini gördükdə dedi:

Ha... kətçi, bir ay keçir ki, xirmən

Ötdü, nərələrdə qalmısan sən?

Məhsulu bütün özün götürdün,

Ərbabə nə pişkeş gətirdin?

Bostandakı meyvəcatı dərdin,

Aya, de görək, bizə nə verdin?

Nə buğda, nə arpa çatdı səndən,

Nə lobya, noxud, nə paxla, ərzən;

Lazım sənə indi min üqubət,

Ta ibrət ala bütün rəiyyət!

Biçarə əkinçi boynu çiynində, tamam bədəni əsə-əsə, qorxa-qorxa baş endirib ərz etdi:

Allaha qəsəm ki, mən fəqirəm,

Köç-külfət əlində dəstgirəm,

Ətfali-səğirə pasibanəm,

Avareyi-əklü şürbü nanəm;

Məlumi-cənabınızdır, ərbab,

Bu il quraq oldu, tapmadıq ab;

Əkdiklərimin təmami yandı,

Fəryadlarım göyə dayandı;

Vallah, özümüz də qalmışıq ac,

Bir parça quru lavaşa möhtac...

Ərbab kətçidən bu sözləri eşidincə ağzı köprümüş, gözləri hədəqədən çıxmış bir halətdə qışqırır:

- Uşaqlar, falaqqa, çubuq hazır edin, od yandırın, şiş qızdırın!

Bu əsnadə dörd nəfər zalım əllərində şallaq, biçarə kətçinin ayaqlarını möhkəm bağlayıb, falaqqaya salıb, döyməyə başladılar.

Ərbab

Vur, vur ki, gətirməyibdir arpa!

Əkinçi

İnsan dözəməz bu şarpaşarpa!

Ərbab

Vur, vur ki, bir az da məstkaməm!

Əkinçi

Canım çıxar, urma, bidəvaməm!

Ərbab

Vur, vur ki, nə yaq verib, nə qaymağ!

Əkinçi

Vurma ki, deyil inəklərim sağ!

Ərbab

Vur, vur ki, bunu qudurtdu məclis!

Əkinçi

Vurma məni hakim etdi müflis!

Ərbab

Məşrutə bunu xərab edibdir!

Əkinçi

Zülmün məni dilkəbab edibdir!

Ərbab

Hürriyyət edib bu şumu gümrah!

Əkinçi

Fəryadə yetiş, amandır, allah!

Əla lənətüllah ələl-qövmüzzalimin.

 

 

 

İlk dəfə “Yeni həqiqət” qəzetində (27 fevral 1911, â„– 30) “Ə.C.” imzası ilə çap olunmuşdur.

 

Qəzetdə sərlövhədən sonra “Nəsimi-Şimal” qəzetindən məalən tərcümə” qeydi vardır.

 

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info