Qonaq Kitabı
AĞLADIQCA KİŞİ QEYRƏTSİZ OLUR

 

Ağladıqca kişi qeyrətsiz olur,

Necə ki, ağladı İran oldu.

 

O zaman ki, bezikib şah qaçdı,

Mürtəcelər dəxi pünhan oldu;

 

Parlaman parladı əzası ilə,

Dedik, İran yenə İran oldu;

 

Məclis içrə ümənayi-millət

Nami-milliyyətə şayan oldu;

 

Düzəlib işlərin əskik-gərəyi,

Millətin dərdinə dərman oldu.

 

Leyk biz işbu təmənnadə ikən,

Bax ki, İranda nə dəstan oldu!..

 

Hər yetən keçdi cəmaət başına,

Hər ötən silsiləcünban oldu;

 

Yetdi bir mərtəbəyə surəti-kar, -

Parlaman qəhvəçi dükkan oldu;

 

Içilən çay, yeyilən yağlı plov,

Çəkilən hoqqavü qəlyan oldu.

 

Parlamandır, balam, axır burada,

Kim danışdı, nə söz ünvan oldu?

 

Hansı bir məsələdən bəhs edilib,

Hasili millətə elan oldu?

 

Yox, əfəndim, yanılış zənn etmə,

Sanma iş layiqi-vicdan oldu;

 

Doğru, gərçi üfüqi-İrandan

Şəmsi-məşrutə dirəxşan oldu;

 

Yəni millət işi millət əlinə

Verilib, məsələ asan oldu;

 

Şimdi öz işlərini icrayə

Dəsti-millətdə bir imkan oldu?

 

Leyk bildinmi büzürgani-vətən

Belə iş gördü ki, şayan oldu?!

 

Çırmanıb iş görəcək yerdə, yazıq,

Vay, dədəm vay! – deyə giryan oldu;

 

Gözlülər başladılar ağlamağa,

Kürlər də ona xəndan oldu.

 

Iş yatıb qaldı arada ölütək,

Nə ona meyl, nə iman oldu.

 

Əsl mətləb unuduldu, lakin

Fəri-kari hamı cuyan oldu.

 

Görddü meydanı adamdan xali –

Hərə bir əzmə şitaban oldu.

 

Hər kəs ancaq bacarıb aldı ləqəb,

Daxili-zümreyi-ərkan oldu;

 

Dürtülüb soxdu özün parlamana,

Parlaman məcməi-irfan (?) oldu.

 

Pah, nə çoxdur bütün İranda ləqəb,

Kimi bəy oldu, kimi xan oldu...

 

Çıxdı meydana müləqqəb kişilər,

Bəxtəvərlər hamı əyan oldu.

 

Iş necə oldu, onu alma xəbər,

Bayaq ərz etdim, o nisyan oldu...

 

Bir deyən olmadı, ey xanəxərab,

Məmləkət xak ilə yeksan oldu!

 

Siz hələ aşiqi-şeydayi-ləqəb,

Bu dami layiqi-insan oldu?!

 

Ləqəb iş görməz, əfəndim, kişinin

Adı ya Samü Nəriman[1] oldu.

 

Kişidən istənilən işdir, iş,

Kim ki, iş yapdı, o zişan oldu!

 

De görək, şimdi müqəddəs vətənin

Hansı bir müşkülü asan oldu?

 

Ancaq iş gördü ləqəb “fabrikası”,

Bütün işlər ona qurban oldu.

 

Indi qandınsa işin əngəlini,

Demə İran niyə viran oldu?!

 

 

 

İlk dəfə “Yeni həqiqət” qəzetində (9 fevral 1911, â„– 16) “Ə.C.” imzası ilə çap olunmuşdur.

 



[1] Sam və Nəriman – Firdovsinin “Şahnamə” dastanının qəhrəmanlarındandır.

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info