Qonaq Kitabı
YUXU

 

Heyvərə[1], ey müdiri-əhli-füsun,

Bir yuxu görmüşəm, de, xeyr olsun!

 

Görürəmmən dünən gecə yuxuda

Yenə də sakin olmuşam Bakuda.

 

Bakudə, leyk lap uzaqlarda,

Gəzirəm bir para soqaqlarda;

 

O soqaqlar ki, ruzi-fitrətdən

Ari idi bütün nəzafətdən;

 

Indi, səd mərhəba, səfalənmiş,

Nuri-fanus ilə ziyalənmiş;

 

Yox ikən sabiqən gediş-gəlişi,

İndi bir başqa rəng alıbdır işi;

 

Qapılardan çıxış, giriş vardır,

Bunda, əlbəttə ki, bir iş vardır...

 

Görürəm bunda bəzi əyanı,

Həpsinin var nəcabəti, şanı;

 

Qapını birbəbir döyür, danışır,

Bəzisilə hələ təzə tanışır.

 

Söz alır, pul verir, rica ediyor,

Ayrıla-ayrıla dua ediyor;

 

Bəzinə iştəhayi-mədə verir,

Bəzinə başqa-başqa vədə verir...

 

Istədim anlayam – nə işdir bu,

Nə alışdır bu, nə verişdir bu?

 

Məni xıs basdı fərti-heyrətdən,

Heyf, oyandım o xabi-rahətdən!

 

İndi, ey Heyvərə, varınsa hünər,

Söylə təbirini bilirsən əgər?!

 

O soqaqlar, o şəxslər, yahu,

Kimdir aya, nədir, nə işdir bu?

Nizədar

 

Təbir

Nizədara[2], edib yuxun təsir,

Guş ver, mən edim onu təbir:

 

Gördüyündür Bakı qlasnıları

Ki, təmizlətdilər küçə-bazarı;

 

Gecələr kəşt edib yığırlar “səs”,

Arifə bir işarə olmuş bəs!..

 

 

İlk dəfə “Yeni həqiqət” qəzetində (28 yanvar 1911, â„– 7) “Palanduz” səhifəsinin 4-cü nömrəsində “Nizədar” imzası ilə çap olunmuşdur.

 



[1] Heyvərə – “Günəş” və “Yeni həqiqət” qəzetlərindəki “Palanduz” adlı həftəlik məzhəkə səhifəsinin müdiri tərəfindən işlədilən gizli imza idi.

 

[2] Nizədar – M.Ə.Sabirin “Günəş” və “Yeni həqiqət” qəzetlərindəki “Palanduz” səhifəsində istifadə etdiyi gizli imzadır.

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info