Qonaq Kitabı
O OLMASIN, BU OLSUN

Üç pərdəli operetta

 

İ Ş T İ R A K  E D İ R L Ə R

 

R ü s t ə m  b ə y – 45 yaşında, borclu düşmüş bir bəy

G ü l n a z – 15 yaşında, Rüstəm bəyin qızı ki, Sərvərə aşiqdir

S ə r v ə r – 25 yaşında bir studentdir ki, Gülnaza aşiqdir

S ə n ə m – qulluqçu, dul arvad, 30 yaşında

M ə ş ə d i  İ b a d – 50 yaşında, dövlətli bir tacirdir ki, Gülnazı almaq istəyir

H ə s ə n q u l u  b ə y – 40 yaşında, millətpərəst

R z a  b ə y – 40 yaşında, qəzetəçi

H ə s ə n  b ə y – 40 yaşında, intelligent

Ə s g ə r – 30 yaşında, qoçu

H a m b a l

M ə ş ə d i  Q ə z ə n f ə r – hamamçı

U s t a  M ə h ə r r ə m – dəllək

K ə r b ə l a y ı  N ə s i r – bazar əhli

H a m a m  x i d m ə t ç i l ə r i

Q o ç u l a r

B a z a r  a d a m l a r ı və s.

 

BİRİNCİ PƏRDƏ

 

Rüstəm bəyin evində vaqe olur. Yaxşı döşənmiş bir otaqdır. İçində stol, kürsü və kreslolar dəxi vardır. Pərdə qalxdıqda bütün iştirak edənlər cərgə ilə durub     oxuyurlar.

 

(Musiqi)

Hamı

Nə sözdür kim, deyir məxluq (2 dəfə)

Ki, Leyli oldu ğeyrə yar. (2 dəfə)

 

(Musiqi)

 

Əbəs sözdür bu əfsanə, (2 dəfə)

Düşübdür xəlqin ağzına. (2 dəfə)

Gərək Məcnun, gərək Leyli

Veribdirlər canın canə. (2 dəfə)

 

(Musiqi)

 

Həqiqi aşiqin yoxdur (2 dəfə)

Rəqibi, duşməni, xari. (2 dəfə)

(Musiqi)

 

Əbəs sözdür bu əfsanə, (2 dəfə)

Düşübdür xəlqin ağzına. (2 dəfə)

Gərək Məcnun, gərək Leyli

Veribdirlər canın canə. (2 dəfə)

 

Pərdə enir. Hamı dağılır. Sərvər ilə Gülnaz qalırlar.

Tarda segah çalınır, pərdə qalxır.

 

S ə r v ə r (oxuyur)

Şəfayi-vəsl qədrin hicr ilə bimar olandan sor,

Zülali-zövq şövqun təşneyi-didar olandan sor.

G ü l n a z

Ləbin sirrin gəlib göftarə məndən özgədən sorma,

Bu pünhan nüktəni bir vaqifi-əsrar olandan sor.

 

S ə r v ə r

Gözü yaşlıların halın nə bilsin mərdümi-qafil,

Kəvakib seyrini şəb ta səhər bidar olanda sor.

G ü l n a z

Qəmindən şəm tək yandım, səbadən sorma əhvalım,

Bu əhvali şəbi-hicran mənimlə yar olandan sor.

 

S ə r v ə r

Məhəbbət ləzzətindən bixəbərdir zahidi-qafil,

Füzuli, eşq zövqün zövqi-eşqi var olandan sor.

 

G ü l n a z (danışır). Sərvər, bu gün səni çox kefsiz görürəm, nə olub məgər?

S ə r v ə r. Doğru deyirsən, mən dünəndən bəridir ki, fikirdəyəm.

G ü l n a z. Nə olub, söylə görək?

S ə r v ə r. O olubdur ki, atan səni bir özgəsinə ərə vermək istəyir.

G ü l n a z (qorxu ilə). Kim deyir onu?

S ə r v ə r. Mən deyirəm, doğru yerdən bilmişəm.

G ü l n a z. Bəs atam mənə heç zad deməyibdir.

S ə r v ə r. Ola bilsin ki, bu gün deyər və bir də sənə nə deyəcəkdir, sənin borcun onun sözünə qulaq asmaqdır.

G ü l n a z. Yox-yox, mən səndən başqa özgəsinə ərə getməyəcəyəm; qoy məni öldürsün, mən səni sevmişəm, sənə də gedəcəyəm.

S ə r v ə r. Axı o ər məndən dövlətlidir.

G ü l n a z. Cəhənnəmə olsun!

S ə r v ə r. Məndən gözəldir.

G ü l n a z. Çox mənə lazımdır!

S ə r v ə r. Məndən cavandır.

G ü l n a z. İstər lap uşaq olsun, lazım deyildir.

S ə r v ə r (gülür). Yalan deyirəm, gözəlim Gülnaz! O kişi, doğrudur, məndən min kərrə dövlətlidir, amma özü qocadır, azından bir əlli yaşı vardır. Görsən qor-xarsan.

G ü l n a z. Bax, mən daha səbr edə bilmirəm: günü bu gün atama deyəcəyəm ki, mən səni sevirəm və səndən başqasına ərə getməyəcəyəm.

S ə r v ə r. Yox, Gülnaz, heç elə eləmə! Sən mən deyənə qulaq as, yoxsa iş düz gətirməz. Mən bilirəm ki, sənin atan borclu düşübdür və pula da çox ehtiyacı vardır. O istəyir ki, bu qohumluqla o kişidən ki, adı Məşədi İbaddır, bir qədər pul yesin. Zərər yoxdur, qoy yesin. Sən atana heç bir söz demə və söz açsa deyinən ki, özün bilərsən. Sonra sənin işin yoxdur, mən bu işə təhər çəkmişəm.

G ü l n a z (bikef). Mən nə tövr razı olum ki, məni götürüb özgəsinə ərə versin.

S ə r v ə r. Sən o barədə arxayın ol, məndən başqa səni özgəsi ala bilməz, amma sən mən deyənə qulaq as!

Bu halda Sənəm daxil olur.

S ə n ə m. Bircə o gün ola idi ki, sizin toyunuzda süzə-süzə oynaya idim.

S ə r v ə r. İnşallah, bu yaxında oynayarsan.

S ə n ə m (sevinir). Necə? Yaxında toy eyləyirsənmi?

S ə r v ə r. Yox, mən eyləmirəm, Rüstəm bəy Gülnazı özgəsinə ərə verir.

S ə n ə m (bikef). Buy!.. Başıma xeyir! Bu nə sözdür? O ər kimdir?

S ə r v ə r. Bir qoca kişidir.

S ə n ə m. Buy!.. Ağrım onun ürəyinə! Heç bunun kimi gözəl qız qoca kişiyə gedərmi?

S ə r v ə r. Zərər yoxdur, mən işi özgə cürə düzəldərəm. Gülnaz, sən bikef ol-ma. Arxayın ol, kimin ixtiyarı var ki, yarı yarından ayıra bilsin.

 

(Musiqi)

 

Üçü bir yerdə

 

Əbəs sözdür bu əfsanə, (2 dəfə)

Düşübdür xəlqin ağzına. (2 dəfə)

Gərək Məcnun, gərək Leyli

Veribdirlər canın canə. (2 dəfə)

 

Qapı döyülür.

 

S ə n ə m. Ax, deyəsən ağa gəlir. (Yüyürüb qapıdan baxır.) Ay aman, ağa gəlir; dur qaç!

S ə r v ə r (tələsik). Gülnaz, hələ ki, xudahafiz. Sən mən deyəndən çıxma, atana başqa söz demə.

G ü l n a z. Xudahafiz.

Sərvər gedir.

(Musiqi)

R ü s t ə m  b ə y (daxil olur)

Qızım, sənə  yaylıq alım!

G ü l n a z

Al, dədə, qurbanın olum!

 

R ü s t ə m  b ə y



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [ 16-11 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info