Qonaq Kitabı
AVROPADA MƏMDƏLİNİN EŞQBAZLIĞI

 

Məmdəli

Rəhm et mənə, can madmazel!

Könlüm olub qan, madmazel!

Birbaş Ədesdən gəlmişəm

Ardınca, canan madmazel!

Gör hali-biaramımı,

Dil bisükundur, gəl mənə!

Eşqim füzundur, gəl mənə!

 

Madmazel

Rədd ol, a zalim Məmdəli!

Şahi-məzalim Məmdəli!

Artıq həyasız görməyə

Yoxdur məcalim, Məmdəli!

Get, get ki, zülmündən vətən

Dəryayi-xundur, gəlmənəm!

Boynun yoğundur, gəlmənəm!

 

Məmdəli

Mən öz yerimdə şah idim,

Şahi-fələkxərgah idim,

Şənim, cəlalım var idi,

Axır nə zilüllah idim;

İranda çox yerdə yenə

Şənim məsundur, gəl mənə!

Eşqim füzundur, gəl mənə!

 

Madmazel

Sən bir dəni mərdudsən,

Hər şəndən mətrudsən,

Bir müstəbid Şəddadsən[1],

Bir müstəqil Nəmrudsən[2],

Min dəfə onlardan dəxi

Zülmün füzundur, gəlmənəm!

Boynun yoğundur, gəlmənəm!

 

Məmdəli

Zənn etmə, İran sərbəsər

Olmuş mənimlə kinəvər;

Əlyövm İranda yenə

Var nökərim min-min nəfər;

Onlar bütün gürgi-əcəl,

Millət qoyundur, gəl mənə!

Eşqim füzundur, gəl mənə!

 

Madmazel

Doğru bu, lakin əhli-kar

Az olsa da İranda var;

Məncə, bu xain niyyətin

Etməz isabət zinhar;

Çünki sənin halın cünun,

Şəxsin zəbundur, gəlmənəm!

Bəxtin nigundur, gəlmənəm!

Fikrin də dundur, gəlmənəm!

Karın oyundur, gəlmənəm!

Söz müxtəsər, bir dəfə qan:

Boynun qoğundur, gəlmənəm!..

 

 

 

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (25 yanvar 1911, â„– 4) imzasız çap olunmuşdur.

 

Məhəmmədəli şah taxtdan salındıqdan sonra Odessada yaşayırdı. Bir aktrisaya vurulmuş, ondan rədd cavabı almış, lakin dalınca Avropaya qədər getmişdi. Satira o münasibətlə yazılmışdır.



[1] Şəddad – Yəmənin qədim hökmdarlarındandır.

 

[2] Nəmrud – Qədim Babil şəhərini tikdirmiş bir hökmdardır. Təxminən 4600 il bundan əvvəl yaşamış, imansızlığı, İbrahim Xəlil peyğəmbəri oda atıb yandırmaq istəməsi ilə məşhurdur. 

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info