Qonaq Kitabı
MİLLƏTİNİN HALI PƏRİŞAN OLA

 

Millətinin halı pərişan ola,

Hər bir işi nifrətə şayan ola,

Cahil ola, vəhşiyü nadan ola,

Qəm yemə, səbr et, bu da, yahu, keçər!

 

Daireyi-əqlü ədəbdən kənar,

Əmri müsəlman edə daim şiar,

Olmaya bir kimsədə namusü ar,

Qəm yemə, tab et, bu da, yahu, keçər!

 

Hər işimiz məsxərəli, gülməli

Olsa bizim, pozma kefin, ay dəli,

Hər neləsə Kəlb Cəfər, Kəlbəli,

Qəm yemə, tab et, bu da, yahu, keçər!

 

Vaizimiz söyləyə minbərdə gər,

Biri-ələm, möcüzi-şəqqülqəmər,

Zəfəri-cindən sənə versə xəbər,

Sakitü lal ol, bu da, yahu, keçər!

 

Mərsiyəxan gündə çıxa minbərə,

Xəlqi soya, düşməyə əsla yerə,

Tab elə, döz boylə yaman günlərə,

İncimə, səbr et, bu da, yahu, keçər!

 

Oğru, əcamir doluşa məscidə,

Zəng vura, toy çala, şaxsey gedə,

Baş-qulağın qanına qəltan edə,

Dinmə, danışma, bu da, yahu, keçər!

 

Tüstü basa məscidi külxan ola,

Tab eləmək xarici-imkan ola,

Mərsiyəmiz kizb ola, böhtan ola,

Incimə, qatdaş, bu da, yahu, keçər!

 

Çakər[1] ola mərsiyəxanı-səhih,

Qövli qələt, feli təmamən qəbih,

Vədeyi-cənnət verə xəlqə sərih,

Dinmə, danışma, bu da, yahu, keçər!

 

Bəzzazımız[2] başa çala zərbəti,

Kəndinə tərğib eləyə milləti,

Əmr səvab ədd edə bu bidəti,

Qəm yemə, səbr et, bu da, yahu, keçər!

 

Məscidinə oğru girə aşikar,

Sirqət edə çəkmə, qaloş, hər nə var,

Payi-bürəhnə qalasan zinhar,

Dinmə, danışma, bu da, yahu, keçər!..

 

 

 

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (18 yanvar 1911, â„– 3) “(.......)” imzası ilə çap olunmuşdur.

 



[1] Xalqı cənnət vədi ilə sakit etməyə çalışan yarı şair, yarı ruhani bir adam idi.

 

[2] Jurnalda bu sözün üzərinə çıxış əlaməti qoyulub, “Məşədi Məhəmməd Kələntərov” deyə izah verilmişdir.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info