Qonaq Kitabı
QURBAN BAYRAMI

 

Bayram olcaq, şövkətllər, şanlılar,

Dövlətlilər, pullular, milyanlılar,

Tirboyunlar, şişqarınlar, canlılar

Qurban kəsir Xəlilüllah[1] eşqinə,

Fağır-füğur gəzir allah eşqinə.

 

İki qonşu bir-birinin milləti,

Hər ikisi bir peyğəmbər ümməti,

Biri kəsir qurban, bişirir əti,

Bayram edir Xəlilüllah eşqinə,

O biri də baxır allah eşqinə.

 

Bu qonşunun oğlu geyir, sallanır,

Qalstuku taxır, qıraxmallanır,

Atası da ona baxır hallanır,

Fəxr eləyir Xəlilüllah eşqinə,

Əl cibə salmayır allah eşqinə.

 

Görürsənmi bizim Hacı Pirini,

Paylamayır ətin ondan birini,

Qonşu sorur barmağının kirini,

Hacı yeyir Xəlilüllah eşqinə,

Yatır, şişir, köpür allah eşqinə.

 

Dedim, hacı, gözlə işin birisin,

Diqqət elə irəlisin, gerisin,

Ver məktəbə qoyunların dərisin,

Elm oxunsun Xəlilüllah eşqinə,

Çocuqları şad et allah eşqinə.

 

Dedi, bizdə dəri vermək sınağı

Yoxdur, versəm ollam arvad qınağı,

Basdırırıq onda xəmir çanağı,

Bərəkətdir, Xəlilüllah eşqinə,

Saxlayırıq evdə allah eşqinə.

 

 

 

İlk dəfə “Günəş” qəzetində (30 noyabr 1910, â„– 81) “Palanduz” şairlərindən “Nizədar cənabları” imzası ilə çap olunmuşdur.

 

 



[1] Xəlilüllah – İbrahim Xəlil peyğəmbərin ləqəblərindəndir, Allahın dostu deməkdir. Qurban bayramının əsasını qoymuşdur.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info