Qonaq Kitabı
AY CAN! AY CAN!..

 

Düşdü bütün qəzetlər hörmətdən, ay can! Ay can!..

Xəlqin canı qurtardı töhmətdən, ay can! Ay can!..

 

Qıl yaymayırdı əsla zalımların gözündən,

Rüsvay idik cahanda məlunların sözündən,

Ax, ax! Nə yaxşı oldu iş düşdü öz-özündən,

Əlləşməmiş qutardıq zəhmətdən, ay can! Ay can!..

Düşdü bütün qəzetlər qiymətdən, ay can! Ay can!..

 

Badi-səba, apar ver Molla Qəvama[1] müjdə,

Yazsın, de, Lənkəranda Molla Səlamə müjdə,

Söylə, o da yetirsin cümlə əvama mujdə:

Minbərdə rəqsə gəlsin behcətdən, ay can! Ay can!..

Düşdü bütün qəzetlər hörmətdən, ay can! Ay can!..

 

Ərz et bəşaşət ilə Qafqaydakı[2] vücudə:

Jurnal, qəzet qapandı, durma, yıxıl sücudə,

Hər nə bilirsən eylə qeybətdə, rubərudə,

Yazmaz dəxi yazanlar bidətdən, ay can! Ay can!..

Xəlqin canı qurtardı töhmətdən, ay can! Ay can!..

 

Get Qübbəyə, səlam et Molla Hacı Babayə,

Söylə tutuldu cümlə jurnal, qəzet vəbayə,

Mömin müridlər ilə dur qoş səda-sədayə,

Ümmətlərin yığılsın hər kətdən, ay can! Ay can!..

Düşdü bütün qəzetlər qiymətdən, ay can! Ay can!..

 

Yatdı yazı yazanlar, fürsət dəxi sizindir,

Qarşıda var orucluq, söhbət dəxi sizindir,

Məsciddə minbər üzrə lənət dəxi sizindir,

Ayrılmayın ölüncə lətdən, ay can! Ay can!..

Düşdü bütün qəzetlər qiymətdən, ay can! Ay can!..

 

 

 

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (1 avqust 1910, â„– 30) “(.......)” imzası ilə çap olunmuşdur.

Bu satira çar hökümətinin bir çox qəzetləri bağlaması və onların redaktorlarını həbs və sürgün etməsi münasibəti ilə yazılmışdır.



[1] Şerdə adı çəkilən Molla Qəvam, Molla Səlam və Molla Hacıbaba mürtəce ruhanilərdən idi.

[2] İndiki Orconikidze (Vladiqafqaz) şəhəridir.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info