Qonaq Kitabı
VƏKİLLƏRİMİZ NƏ TÖVR OLMALIDIR

Bakı quberniyasından da Dövlət dumasına vəkil seçmək zamanı yetdi. Seçkiçilər gəlibdilər ki, öz aralarından adamlar seçib Dövlət dumasına göndərsinlər. Iştə, bütün Bakının və Bakı quberniyasının ümidi yalqız bu adamlara bağlıdır. Çünki əhalinin illərcə yığılıb qalmış və nəzəri-diqqət və etibara alınmamış ehtiyacatını rəf etmək bu adamların əlindədir. Lakin əhalinin dərdlərinə dərman ehtiyaclarına əncam və çarə aramaq üçün əhali tərəfindən vəkil olub dumaya getmək nəhayət dərəcə böyük bir əmrdir ki, hər kəs bu əmri əmələ gətirməyi bacarmaz. Ona görə vəkillərimizə lazımdır ki, seçilib dumaya getməkdən əvvəl, öhdələrinə götürdükləri bu əmri-əzimin barəsində dərin-dərin mülahizə və təsəvvürlərdə bulunub, öz istedad və qabiliyyətilə vuruşdursunlar və vicdanlı hökm ittixaz etsinlər. əgər bu əmri-əzimin öhdəsindən gələ bilməyəcəyini qəlbən iqrar edərsə, bu işdən əl çəksin və bu vəzifəni öhdəsindən geri versin.

Əhali tərəfindən vəkil olub, Dövlət dumasına gedən şəxsə lazımdır ki, onu layiq bilib seçən əhalinin rifah və səadətinə çalışmağı niyyət edib, yalqız bir bu niyyətin hüsulə gəlməsinə gərək onun qabağını kəsməsin.

Əvvəla, vəkil olan şəxs gərək əhalinin hər bir ehtiyacatından xəbərdar olsun. Ümumi ehtiyacatımız dürlü-dürlüdür. Bundan masəva, əhali neçə-neçə siniflərə bölünür, ümumi ehtiyacatdan savayı hər bir sinfin özünə məxsus ehtiyacatı var. Bu ehtiyaclar dəxi vəkil adlanan şəxsə məlum olmalıdır. Əgər vəkil özü mənsub olan sinfin ehtiyacatına artıq diqqət yetirib də sair siniflərin ehtiyacatından iğmazi-eyn edərsə, o surətdə sairlərinin haqqında zülm etmiş kimi olub, onların yanında məsul qalar. əhali tərəfindən Dövlət dumasına öz vəkilinin adına göndərilən ərizələrə (petitsiya) vəkil olan şəxs böyük diqqət yetirib, müzakirələr əsnasında mövqiə qoyub əncam aramalıdır.

Saniyən, əhali ehtiyacatından mükəmməl surətdə xəbərdar olan vəkil bu ehtiyacatı layiq surətdə izhar etməkdən ötrü rus dilinə kəmalən və təmamən dara olmalıdır. Məlumdur ki, fəsih və baliğ surətdə danışmağa qadir olan şəxsin söylədikləri hamının diqqətini cəlb edib heç bir vaxt əsərsiz qalmır. Dürüst dil bilən adam ürəyində olanın hamısını izhar və ifadə eləməyə qadirdir. Onun izharət və ifadatı da nə qədər ki, fəsih və bəliğdir, bir o qədər əsərpəzir olub nəzəri-etibardan geri durmaz.

Salisən, əhali ehtiyacatından xəbərdar olub, o ehtiyacatı söyləməyə də qadir olan vəkil gərəkdir ki, heç bir şeydən çəkinməyib və qorxmayıb, hər nə ki ürəyində vardır hamısını kəmali-cəsarət və cürət ilə izhar etsin. Dövlət duması öylə bir yer deyil ki, orada utanmaq, qorxmaq, çəkinmək kimi sifətlər vəkil qabağında mümaniət olub, onun niyyət və məqsədi-alisinə xələl yetirə. Bu bir meydandır ki, burada hər bir millət bahadırı öhdəsinə götürdüyü vəzifəni ifa və icrası üçün hər nə tövr iş görməyi lazım bilirsə, o işləri görməkdə özünü sərbəst, azad və muxtar hesab etməlidir. Vəkil bunu heç bir an unutmamalıdır ki, o, əhalinin ümidgahi-yeganəsidir. Onu seçib göndərən əhalinin gözü bir tək ondadır. Bu isə vəkilə cürət və cəsarət verib, onu hər dəm ürəkləndirir.

Rabiən, vəkil olan şəxs mənfəəti-şəxsiyyəsini bilmərrə kənara atmalıdır. Ümum əhalinin mənfəətini öz nəfinə satmamalıdır. Əhalinin mənfəətini hər bir şeydən əziz tutmalıdır ki, onun hüsuluna da canü dil ilə çalışsın. Dumada xətir gözləmək, təməllüq etmək, böyük-kiçik saymaq kimi adətləri bərtərəf edib, mərd-mərdanə iş görmək lazımdır.

Xamisən, bütün əhali ilə vəkil arasında gərək məhəbbət və rabitə olsun. Vəkil əhaliyə biganə olmamalıdır. Əhali dəxi öz sevgili vəkilini dumaya göndərdikdə ona hər bir halda arxa və tərəfdar olacağını səmimülqəlb izhar etməlidir ki, bu da vəkildən ötrü ürək-dirək olsun. Vəkil gərək əhalinin ona olan ümidinə inansın, əhali dəxi vəkilin vəkilliyə layiq olduğunu dürüst bilsin, ondan sonra da bir-birinə arxa və kömək olacaqlarında əmin olsunlar.

Bu halda Dövlət dumasının üzvləri, yəni əhalli tərəfindən göndərilmiş vəkillər orada neçə-neçə firqəyə bölünübdülər. Bizim vəkillərə də lazımdır ki, bu firqələrin  birinə özlərin daxil etsinlər. Bu işi biz vəkilin öz vicdan və insafına həvalə edirik. Əlbəttə, hər bir halda vəkillərimizə lazımdır ki, o firqəyə daxil olsunlar ki, onun məramnaməsi biz əhalinin bütün ehtiyacatını rəf etmək üçün ittixaz oluna bilən məramnaməyə müvafiq ola.

Iştə, Bakıya cəm olmuş seçkiçilərimiz öz vəzifələrinin əzəmətini aydın surətdə düşünməlidirlər və sədayi-vicdana qulaq verməlidirlər. Onlar unutmamalıdırlar ki, əhali onların dumada hər bir əməlinə, hər bir sözünə kəmali-huşü guş ilə diqqət yetirib qulaq asacaqlar. Binaənileyh əhali məhəbbətini əziz tutmalı və əhali qəhrü qəzəbindən həzər etməlidir, vəssalam!



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info