Qonaq Kitabı
MÜRTƏCE XADİMLƏRİM, HA İNDİ XİDMƏT VƏQTİDİR!

 

Mürtəce xadimlərim, ha indi xidmət vəqtidir!

Yatmayın, huşyar olun, iş vəqti, qeyrət vəqtidir!

 

Gizli cəmiyyət yapın, məclis qurun, şura edin,

Rəşt, Zəncan irticaın hər yerə icra edin,

Hər nasılsa rişeyi-məşrutəyi imha edin,

Heykəli-mənfuri-istibdadımı ehya edin,

İğtişaşə başlayın hər yerdə, fürsət vəqtidir!

Yatmayın, huşyar olun, iş vəqti, qeyrət vəqtidir!

 

Cəhd edin göndərdiyim təhrirlər puç olmasın,

Yazdığım, göstərdiyim təzvirlər puç olmasın,

Məmdəli-Kazim tökən tədbirlər puç olmasın,

Verdiyim qövl, aldığım təqrirlər puç olmasın,

Mürtəce xadimlərim, ha indi xidmət vəqtidir!

Yatmayın, huşyar olun, iş vəqti, qeyrət vəqtidir!

 

Sanmayın ancaq Ədesdə kefdəyəm nisvan ilə,

Irtibatım yoxdur öz mülküm olan Tehran ilə,

Lafəvallah, var əlaqəm büsbütün İran ilə,

Rəşt ilə, Qəzvin ilə, Kirman ilə, Zəncan ilə!

Mən işi qaldırmışam, sizdən də hümmət vəqtidir!

Yatmayın, huşyar olun, iş vəqti, qeyrət vəqtidir!

 

Sanmayın azdır bu gün İranda əvanım mənim,

Evbaşı hər yerdə var minlərcə dərbanım mənim,

Onlara sadir olur hər anda fərmanım mənim,

Mən bu yolda işdəyəm, var hər qədər canım mənim!

Leyk sizdən də mənə indi həmiyyət vəqtidir!

Yatmayın, huşyar olun, iş vəqti, qeyrət vəqtidir!

 

Bax, nasıl İran bu saət haləti-böhrandadır,

Parlaman heyrətdə əza məqəzi-tufandadır,

Qanmayır heç kəs ki, kəşti qanda, dərya qandadır,

Müxtəsər, hər vəchlə məşrutə min nöqsandadır,

Etməyin qəflət, bu fürsətdən qənimət vəqtidir!

Yatmayın, huşyar olun, iş vəqti, qeyrət vəqtidir!

 

Görməyirsizmi, kişi gəh söz, gəh istefa verir,

Xeyrsizmi mənsəbindən əl çəkir, yekca verir?

Ya Nəcəfdən müctəhid müftə məgər fitva verir?!

Sanma bu fitvayə bihəqqül`əməl imza verir...

Iş aparmaqçın bu gün dünyadə fürsət vəqtidir!

Yatmayın, huşyar olun, iş vəqti, qeyrət vəqtidir!

 

 

 

Məhəmmədəli şahın dilindən yazılan bu satira ilk dəfə “Molla Nəsrəddin” jurnalında (4 iyul 1910, â„– 26) “(.......)” imzası ilə çap olunmuşdur.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info