Qonaq Kitabı
YATMISAN, MOLLA ƏMU , GÜRCÜLƏR IÇRƏ HƏLƏ SƏN

 

Yatmısan, Molla əmu, gürcülər içrə hələ sən!

Nə olur ta bu müsəlmanlığa da bir gələsən,

Bakudə bir neçə gün rahət edib dincələsən,

Hacılarla olasan hər gecə həmməşqələ sən,

Görəsən bir para yerlərdə nə canlar var, əmu!

Necə kef çəkməyə xəlvətcə məkanlar var, əmu!

 

Dolaşıb bulvarı hər gün gəzəsən biminnət,

Xassə, axşama qalarkən bir, iki, üç saət,

Görəsən orda necə oğlan, uşaq, qız, övrət –

Cümləsi simbədən, zöhrəcəbin, məhtələt,

Xubru, qaliyəmu, qönçədəhənlər var, əmu!

Özün insaf edəsən, ta necə canlar var, əmu!

 

Ol yerə sanma çıxır seyrə fəqət hərcayılar,

Yox, yox, orda gəzənin əksəri mömin sayılar,

Lap sənintək əmilərdir və mənimtək dayılar,

Pak, mömin hacılar, məşhədilər, kablayılar,

Həpsinin səcdədən alnında nişanlar var, əmu!

Dəyişik donda gəzən mərsiyəxanlar var, əmu!

 

Cümləsi ağzı dualı, bütünü əhli-namaz,

Əldəki sübheyi-səddanələri tulü diraz,

Dilim, ağzım qurusun şəkkə düşürsəm də bir az!

Demirəm mən nə şeyidbazdı, nə də ki, beçəbaz...

Bir para çünki xəta yollu gümanlar var, əmu!

Nə işim, bəzi gümanlarda ziyanlar var, əmu!

 

Demirəm bulvara bunlar nə xəyal ilə gəlir?!.

Kişilər bəlkə də bir başqa məal ilə gəlir!..

Bui qədər var... dəyişik surəti-hal ilə gəlir,

Qəmü həsrətlə gedir, dərdü məlal ilə gəlir!..

Bilmirəm bunda nə əsrari-nihanlar var, əmu!

Bildiyimcə desəm, aya, inananlar var, əmu!

 

 

 

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (27 iyun 1910, â„– 25) “İmza (.....)” imzası ilə çap olunmuşdur.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info