Qonaq Kitabı
QAÇ, AT BASDI!

 

Qaç, oğlan! Qaç, at basdı! Millət gəlir!

Ötüşdən çıxan bir cəmaət gəlir!

Edib cümlə əqvamə səbqət, gəlir!

Verib hər kəsə dərsi-ibrət, gəlir!

Qaç, oğlan! Qaç, at basdı! Millət gəlir!

 

Çəkil, yol ver, at bağrı çatlatmışıq,

Vurub yıxmışıq, tutmuşuq, atmışıq,

Çapıb qovmuşuq, qan-tərə batmışıq,

Yığıb milləti bir yerə qatmışıq,

Müsavat, ədalət, üxuvvət gəlir!

Qaç, oğlan! Qaç, at basdı! Millət gəlir!

 

Neçə əsrdir indi bilihtimam,

Qiyub nami-milliyyətə ehtiram,

Qoçaq, əlləşib çarpışıb sübhü şam,

Xüsusən bu sonku beş ildə təmam

Edib aləmə bəxşi-heyrət, gəlir!

Qaç, oğlan! Qaç, at basdı! Millət gəlir!

 

Nədir, yoxsa zənnincə etdim xəta?

Sus! Etməm xəta! Söyləməm nabəca!

Məzah etmiş oldum sanırsan bəsa?

Dodaqaltı gülmək nədir, söylə ya?

Sənə bəlkə bunlar zarafat gəlir?

Qaç, oğlan! Qaç, at basdı! Millət gəlir!

 

Buyur, qıl da dünyayə ətfi-nəzər,

Müsəlman kimi kim olub bəxtəvər?!

Bu İran, o Türkiyə - həp bixətər,

Əvət, başla Fasdan Xətayə qədər,

Baxıldıqca qəlbə məsərrət gəlir!..

Qaç, oğlan! Qaç, at basdı! Millət gəlir!

 

O Albanyada arnavud qeyrəti,

Bu Qəzvindəki mürtəce heyəti,

Kiriddə müsəlmanların haləti,

Buxarada məzhəbçilər söhbəti,

Yəməndən də başqa rəvayət gəlir!

Qaç, oğlan! Qaç, at basdı! Millət gəlir!

 

Bu Rusiyyənin əhli-imanları

Ki, yəni bu səmtin müsəlmanları,

O yekşənbə, cümə, bu dükkanları,

O dum macərası, bu vicdanları,

Hələ etirazə nə hacət gəlir?

Qaç, oğlan! Qaç, at basdı! Millət gəlir!

 

Bu – Qafqaz, bu da – Qafqaz arifləri,

Bu da - əhli-nazə təarüfləri,

Bu millət yolunda məsarifləri,

Bu da şanlı-şanlı məarifləri,

Bulardan dəxi boylə xidmət gəlir!

Qaç, oğlan! Qaç, at basdı! Millət gəlir!

 

Bununla belə biz neçin bəxtiyar

Odubetməyək də hələ iftixar?!

De, nöqsanımız hansıdır, zinhar?

Bu – siyrət, bu – surət, bu – qeyrət, bu – ar...

Biz., ya, nə nisbətlə töhmət gəlir?

Qaç, oğlan! Qaç, at basdı! Millət gəlir!

 

Həp əfradımızda bir əzmü səbat,

Bu əzmü səbat ilə bulduq nicat,

Bu gün cümləmiz bəkləriz bir həyat,

Bir əhval, bir fikr, bir iltifat...

Bu əfkarə qarşı nə diqqət gəlir?

Qaç, oğlan! Qaç, at basdı! Millət gəlir!

 

Hanı bizdə, yahu, nifaqü təzad?

Hanı bizdə həmdinimizlə inad?

Bu – ülfət, bu – rəf`ət, bu da – ittihad!

Bax, iştə, bu – məclis, bu da – in`iqad!

Nə mabeynə nifrət, nə lənət gəlir,

Nə böhtan, nə hədyan, nə qeybət gəlir,

Nə cib, nə cibişdan, nə rüşvət gəlir,

Qaç, oğlan! Qaç, at basdı! Millət gəlir!

 

 

 

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (30 may 1910, â„– 21) “İmza (.....)” imzası ilə çap olunmuşdur. 

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info