Qonaq Kitabı
NEÇİN MƏKTƏBƏ RƏĞBƏTİM OLMAYIR?

 

Neçin məktəbə rəğbətim olmayır?

Cibim dolmayır, dolmayır, dolmayır!

 

Mənə hər qəzetçi bərəldir gözün,

Yazır hey qəzetlərdə məktəb sözün,

Sözün qoy deyim bir kərə lap düzün:

Bu işdən mənə bir qazanc olmayır!

Cibim dolmayır, dolmayır, dolmayır!

 

Oxur, bundan hər kəs qanar həqqini,

Qanan mütləq ali sanar həqqini,

Axund isə xəlqin danar həqqini,

Bununçün mənim rəğbətim olmayır!

Cibim dolmayır, dolmayır, dolmayır!

 

Mənə xeyrsiz olduğuyçün bu kar,

Ona bağlaram küfr adın zinhar,

Cəmaət də duymuş bunu aşikar;

Bu işdən mənə bir qazanc olmayır!

Cibim dolmayır, dolmayır, dolmayır!

 

Və bir də bu məktəblilər bilümum

Oxurlar kəmalınca ali ülum,

Edirlər bizə sonra yeksər hücum,

Bununçün ona rəğbətim olmayır!

Cibim dolmayır, dolmayır, dolmayır!

 

Əgər məktəb əmrində bilintixab,

Mənə tapşırılsa ümumən hesab

Mən ol vəqt, haşa, edəm ictinab?!

Fəqət indilik bir qazanc olmayır!

Cibim dolmayır, dolmayır, dolmayır!

 

Ax!.. Ax!.. Ay keçən günlərim! Vay mənə!

Hər evdən gəlirdi neçə pay mənə -

Plov, halva, bal, yağ, şəkər, çay mənə!

Nə çarə ki, indi bular olmayır!

Qarın dolmayır, dolmayır, dolmayır!

 

Çətindir bizimçün bütün məsələ,

Bir ildə üç ehsan da keçmir ələ,

Belə qalsa iş, razı olduq hələ,

Bu da olmayır, olmayır, olmayır!

Qarın dolmayır, dolmayır, dolmayır!

 

Yığıncaqlar indi söz ilə ötür,

Beş-üç kəlmə söz söyləyir, iş bitir,

Fəqət şənimiz günbəgündən itir,

Bizə ehtiram olmayır, olmayır!

Qarın dolmayır, dolmayır, dolmayır!..

 

 

 

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (16 may 1910, â„– 19) “İmza (.....)” imzası ilə çap olunmuşdur. 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info