Qonaq Kitabı
SONYA, EY DİLBƏRİ-PAKİZƏ ƏDA!

 

Sonya, ey dilbəri-pakizə əda!

Sənəbu Naqdı bəyin canı fəda!

Aşiq oldum o zamandan ki, sana,

Hər nə hökm eylədin, ey mahliqa,

Etmədim onda təxəllüf əbəda,

Diləyin oldu məqamınca rəva!

“Gözəlim, şimdi nədir fərmanın?

Canı qurban sənə bu nalanın!”

 

Sənəmim, laləruxum, gülbədənim,

Mələyim, sərvqədim, simtənim,

Ey fərəhbəxş dili-pürmihənim,

Söylə, aya, günəhim noldu mənim,

Qarğalar məskəni oldu çəmənim?

Keçdi əğyar əlinə yasəmənim?

El bütün oldu bu gün tənəzənim?

“Gözəlim, şimdi nədir fərmanın?

Canı qurban sənə bu nalanın!”

 

Ta dedin tabeyi-fərman ol, oldum,

Hüsnümə valehü heyran ol, oldum,

Nazənin canıma qurban ol, oldum,

Eşqdə xanəsi viran ol, oldum,

Qapıma əcz ilə dərban ol, oldum,

Aqibət müstəhəqi-nan ol, oldum,

“Gözəlim, şimdi nədir fərmanın?

Canı qurban sənə bu nalanın!”

 

Dil o gündən ki, düçar oldu sənə,

Bir yazıq aşiqi-zar oldu sənə,

Uydu, bisəbrü qərar oldu sənə,

Var-yoxum ta ki, nisar oldu sənə,

Bir də baxmaq mənə ar oldu sənə,

Başqa bir cəzbəli yar oldu sənə,

“Gözəlim, şimdi nədir fərmanın?

Canı qurban sənə bu nalanın!”

 

Əmr qıldın mənə, şeyda ol, oldum,

Eşqdə bisərü pa ol, oldum,

Yəni sərdadeyi-sevda ol, oldum,

Tərki-namusə mühəyya ol, oldum,

Şənini at çölə, rüsva ol, oldum,

Nəzəri-xəlqdə ədna ol, oldum,

“Gözəlim, şimdi nədir fərmanın?

Canı qurban sənə bu nalanın!”

 

Söylədin hörmətini at, atdım,

Malını, sərvətini at, atdım,

Əhlini, külfətini at, atdım,

Qövmünü, millətini at, atdım,

Cümlə heysiyyətini at, atdım,

Müxtəsər, qeyrətini at, atdım,

“Gözəlim, şimdi nədir fərmanın?

Canı qurban sənə bu nalanın!”

 

Mənə aid bütün irsi-pədərim –

Əkinim, mülküm, evim bumü bərim

Nə zəman getdi isə yox xəbərim,

Səndə idi mənim ancaq nəzərim,

Həp sənə oldu fəda simü zərim,

Qalmadı yanmağa bir parça tirim,

“Gözəlim, şimdi nədir fərmanın?

Canı qurban sənə bu nalanın!”

 

Mənə əvvəlcə özün yar oldun,

Sevdiyimsən, deyə, dildar oldun,

Məst ikən mən hələ, huşyar oldun,

Başqa bir fikrə həvəskar oldun,

Cümlə maəmləkimə nar oldun,

Məni yox etdin, özün var oldun,

“Gözəlim, şimdi nədir fərmanın?

Canı qurban sənə bu nalanın!”

 

Leyk mən bunca fəlakətlə yenə,

Varam əvvəlki sədaqətlə yenə,

Durmuşam eyni iradətlə yenə,

Baxıram kuyinə həsrətlə yenə,

Mümkün olduqca bu halətlə yenə

Sürərəm ömrümü qəflətlə yenə,

Agəh olmam bu rəzalətlə yenə,

“Gözəlim, şimdi nədir fərmanın?

Canı qurban sənə bu nalanın!”

 

Çünki biz taifə əhli-kərəmiz,

Mərəzi-eşqdə sabitqədəmiz,

Zaqdəganız, həpimiz möhtərəmiz,

Eşq meydanına yeksər həşəmiz,

Dinü dildadeyi-zibasənəmiz,

İşbu vəch ilə səzaye-ədəmiz...

“Gözəlim, şimdi nədir fərmanın?

Canı qurban sənə bu nalanın!”

 

 

 

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (9 may 1910, â„– 18) “İmza (.....)” imzası ilə çap olunmuşdur.

Bu satira Seyid Əzim Şrvaninin tərkibbəndlərindən birinə bəzətmədir.

 

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info