Qonaq Kitabı
BƏLAYİ-FƏQRƏ DÜŞDÜN, RAZI OL, BİÇARƏ, SƏBR EYLƏ!

 

Bəlayi-fəqrə düşdün, razı ol, biçarə, səbr eylə!

Üzün oldisə gər külfət yanında qarə, səbr eylə!

 

Əsiri-qeydi-fəqr oldun, yazıq, təslimi-hirman ol!

Çalışma, bir işə getmə, fəqət məyusü nalan ol!

Qəzayə çarə yox, giryan ol, üryan ol, pərişan ol!

Səbur ol, şakir ol, yəni müsəlman ol, müsəlman ol!

Çatar öz rizqi-məqsumun, dolan avarə, səbr eylə!

Bəlayi-fəqrə düşdün, razı ol, biçarə, səbr eylə!

 

Məaşın ta ki, təng oldu, ənis ol dərdü möhnətlə!

Boş ol, süst ol, ümidin qət qıl, yarə ol ətalətlə!

Bunu təqdirə nisbət ver, yaşa daim rəzalətlə!

Həvadə seyr edən insanə baxma çeşmi-qeyrətlə!

Burax kəsbi, unut səyi, yapışma karə, səbr eylə!

Bəlayi-fəqrə düşdün, razı ol, biçarə, səbr eylə!

 

Yetərkən zalimin zülmü sənə, dövri-qəzadən bil!

Çatarkən amirin zəcri, onu seyri-səmadən bil!

Özün öz əczinə bais olurkən, masəvadən bil!

Bu məşumiyyəti biganədən gör, aşinadən bil!

Əzil, pamal ol, axtarma buna bir çarə, səbr eylə!

Bəlayi-fəqrə düşdün, razı ol, biçarə, səbr eylə!

 

Əgər çox təngdil olsan bu işdən, qıl fəğan, ağla!

Girişmə başqa bir tədbirə, ancaq hər zaman ağla!

Bütün dünyadən əl çək, aşikar ağla, nihan ağla!

Qapansın gözlərin, fikrin, düşünmə, görmə, yan, ağla!

Tüpür namusa, baxma nəngə, gəlmə arə, səbr eylə!

Bəlayi-fəqrə düşdün, razı ol, biçarə, səbr eylə!

 

Fəqət bir iş də görmək istər isən, gör müsəlmantək!

Təhəmmül eylə cövri-mülkədarə, işlə heyvantək!

Çalış, ək, biç, aparsın bəy, evin qalsın dəyirmantək!

Ayılma, haqqını qanma, xəbərdar olma insantək!

Darılma, incimə, tab eylə hər azarə, səbr eylə!

Bəlayi-fəqrə düşdün, razı ol, biçarə, səbr eylə!

 

Və gər az-çox var isə qeyrətin, kafirlərə baxma!

Bir asan kəsbə məşğul olmaq ilə dindən çıxma!

Uşaqlarçın çörək çıxsın deyə, ha din evin yıxma!

Vəbalın boynuma, get fələlik et, qəlbini sıxma!

Sənə iş sahibi pul verməsə, yan narə, səbr eylə!

Bəlayi-fəqrə düşdün, razı ol, biçarə, səbr eylə!

 

Və yaxud gər əsər varsa canında zurü qüvvətdən,

Qolun güclü, üzün qansız, dilin xalisə rəhmətdən,

Qutar bir dəfəlik dərdü ələmdən, bari-möhnətdən,

Quduzluq iştə bir pişə, gözəl hər dürlü sənətdən:

Bas al, kəs al, vur al, yıx al, qoşul füccarə, fəxr eylə!

Məqami-hörmətə çatdın, dəxi həmvarə fəxr eylə!

Yanaş əşrarə, fəxr eylə!

Bulaş hər karə, fəxr eylə!

Tutulma nəngə, namusə,

Utanma arə, fəxr eylə!..

 

 

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (2 may* 1910, â„– 17) “İmza (.....)” imzası ilə çap olunmuşdur.

 

 



* Jurnalda səhvən “25 aprel” getmişdir.

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info