ASUDƏLİK BU SAƏT YERDƏN GÖYƏ CƏHANDA
“Dil mirəvəd zidəstəm, sahib dilan xudara, Dərda ki, razi-pünhan xahəd şod aşikara!”[1]
Asudəlik bu saət yerdən göyə cəhanda Var isə vardır ancaq İranda hər məkanda: Təbrizdə, Sərabda, Xalxalda, Xançobanda, Qeyrətli Şahsevəndə, hər anda, hər zəmanda, Lorlarda, Şıx-gözəldə, Keşkanda, İsfəhanda, Tehranda, əncüməndə, kabnetdə, parlamanda, Işlər bütün həqiqət, sözlər bütün güvara, “Dərda ki, razi-pünhan xahəd şod aşikara”.
Dalma təfəkküratə, qare ki, işbu halət – Ya kimlərin gücündən İranda etdi nəşət? Əlyövm hər tərəfdən çarpır gözə şikayət, Hər kəsdə vəcdü şadi, hər yerdə əmnü rahət, Əhvali-daxiliyyə bilxeyrü vəssəlamət, Dadü sitəddə rövnət, şirkətlə hər ticarət, Xoşdil bütün cəmaət, razi bütün rəiyyət, Asudə hali-millət, dair ümuri-dövlət, Nəzmü nəsəq mühəyya, leşkər bütün səfara, “Dərda ki, razi-pünhan xahəd şod aşikara”.
Zənn etmə haziranın səyilə bimühaba Bu rütbəetilalıq beş gündə oldu bərpa!.. Yox, yox, xəta edirsən, haşa və sümmə haşa! Gərçi bular da az-çox bir iş görüblər, amma Keçmiş binayi-xeyrin asarıdır həmana, Qaib müdəbbiranın tədbiridir ki, hala Etdikləri sədaqət bir-bir olur da peyda, Açdıqları bulaqlar cari olur sərapa, “Hatəssəbuhə, həyyu ya eyyühəssükara!” “Dərda ki, razi-pünhan xahəd şod aşikara”.
Bunlar əbəsmi, yahu, məlulə yoxmu illət? Hümmətsizin olurmu bunca müvəffəqiyyət?! İran səadətində çoxlar edirdi xidmət, Çoxlar bu məmləkətdə göstərdi səyü qeyrət... Zoncümlə Nasirəddin[2], - həqq eyləsin də rəhmət! Hər beşdə-üçdə etdi hər səmtə bir səyahət, Hər bir səyahətində seltək axıtdı sərvət, Yüksəldi ərşə qarşı xaki-diyari-Dara[3]... “Dərda ki, razi-pünhan xahəd şod aşikara”.
İştə bunun üçündür iranlı bilməsərrət, Dünyalərə axışdı, olduqca gördü izzər (?) Hər şəhri qıl tamaşa, həm səmtə eylə diqqət: Məşriqdə minlər ilə, məğribdə bilizafət, Türkiyyədə ziyadə, Rusiyədə nəhayət, Çində, Xətadə... Bəh-bəh!.. Həp aşinayi-qürbət! Hər sudə bittəkəssür, hər kudə bizziyadət, İranlıdır görürsən, amma nə şanlı röyət! Amma nə datlı didar, amma nə xoş qiyafət! Hər şəxsə zahir ikən yox ərzi-halə hacət... Tərif üçün və bir də yoxdur dilimdə yara, “Dərda ki, razi-pünhan xahəd şod aşikara”.
Ha, indi də Əhəd xan[4], ol mənbəi-ədalət, “Abadiye” vətənçin minbabi tabiiyyət, Nasirtək etmək istər isbati qədri-millət, Bol-bol səyahətindən məqsudu məhz ibrət, Cudu səxavətindən mən eyləməm hekayət... Qoy madmazellər etsin tərifini, nəhayət, İrana bənzər olsun qoy-səfheyi-Buxara! “Dərda ki, razi-pünhan xahəd şod aşikara”.
İlk dəfə “Molla Nəsrəddin” jurnalında (25 aprel[5] 1910, â„– 16) “İmza (.....)” imzası ilə çap olunmuşdur.
[1] Bu beyt Hafiz Şirazinin qəzəlindəndir. Tərcüməsi: Könlüm gedir əlimdən dadə çatın, a dostlar! Aman ki, gizli sirrim olacaq indi aşkar!
[2] Nəsrəddin şah (1831-1896) – 1848-1896-cı illərdə İran şahı olmuşdur.
[3] I Dara – Yeni eradan əvvəl 522-486-cı illərdə qədim İran şahı. Əxəmənilər sülaləsindən idi.
[4] Əhəd xan - Buxara əmiri idi.
[5] Jurnalda səhvən “2 may” getmişdir.
|