Qonaq Kitabı
OXUTMURAM, ƏL ÇƏKİN!

 

Oğul mənimdir əgər, oxutmuram, əl çəkin!

Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!

 

Gərçi bu bədbəxt özü elmə həvəskardır,

Kəsbi-kəmal etməyə səyi dəxi vardır,

Məncə bu işlər bütün şiveyi-küffardır,

Dinə zərərdir, zərər, oxutmuram, əl çəkin!

Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!

 

Bəs ki, uşaqdır hələ, yaxşı-yaman sanmayır,

Elmin əbəs olduğun anlamayır, qanmayır,

Sair uşaqlar kimi hər sözə aldanmayır,

Eyləyir ömrün hədər, oxutmuram, əl çəkin!

Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!

 

Eyləmərəm rəhm onun gözdən axan yaşına,

Baxsın özündən böyük öz qoçu qardaşına,

Ölsə də verməm riza şapqa qoya başına,

Kafir ola bir nəfər, oxutmuram, əl çəkin!

Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!

 

Uşaq mənimdir, baba, dəxli nədir sizlərə?

Kim sizi qəyyum edib hökm edəsiz bizlərə?

Yatmaram əsla belə dinə dəyər sözlərə!

Bir kərə qan, müxtəsər, oxutmuram, əl çəkin!

Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!

 

Qoysanız öz oğlumu mən salım öz halimə,

Sənətimi öyrədib, uydurum əhvalimə,

Dün bu oxutmaq sözün ərz elədim alimə,

Söylədi, “haza kəfər...”, oxutmuram, əl çəkin!

Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!

 

Bəsdi, cəhənnəm olun, bunca ki, aldatmısız,

Indi beş ildir tamam dinimə əl qatmısız,

Sevgili övladımı kafirə oxşatmısız,

Duydum işin sərbəsər, oxutmuram, əl çəkin!

Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!

 

Satmaram öz əqlimi siz kimi laməzhəbə,

Razıyam oğlum gedə qəbrə - nə ki məktəbə!

Məktəb adın çəkməyin, - mələbədir, mələbə!..

Əlhəzər, ondan həzər, oxutmuram, əl çəkin!

Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!

 

Bəsdir o bildikləri, kaş onu da bilməsə!

Canıma olsun fəda bir də üzü gülməsə!

Ta ki, o zehnindəki fikrləri silməsə,

Sanma ola bəxtəvər, oxutmuram, əl çəkin!

Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!

 

Fikrimi verməm əbəs siz kimi nadanlara,

Sövq edəsiz oğlumu bir para hədyanlara,

Çünki xəyanətçisiz cümlə müsəlmanlara,

Mənzilinizdir səqər, oxutmuram, əl çəkin!

Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!

Dinə zərərdir, zərər, oxutmuram, əl çəkin!..

 

 

 

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (18 mart 1910, â„– 15) “İmza (.....)” imzası ilə çap olunmuşdur.

 

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info