Qonaq Kitabı
BAŞMAQ

 

A Molla dayı! Çoxdandır mən istəyirəm səndən bir söz soruşam, amma utanıram, qorxuram inciyəsən.

Sözün doğrusu, jurnalın əvvəlinci nömrəsi çıxandan indiyə kimi mən hər vaxtı ki, sənin şəklinə baxıram, bir şeydə çox təəccüb eləyirəm.

Həmişə sənin jurnalın gəlib mənim əlimə çatanda, hamıdan qabaq sənin dikdaban başmaqların gözümə sataşır və gözümə sataşan kimi rəhmətlik anam yadıma düşür.

Yazıq anam da sənin kimi həmişə dikdaban başmaq geyərdi, elə lap sənin başmaqlarına oxşayır. Ancaq bircə təfavütü burasındadır ki, ayıb olmasın, sənin başmaqlarının burnu çox uzundu. Doğrusu, Molla əmi, məni bağışla, çünki bir az biədəblik edirəm və mənim kimi adamın siz cənablara nəsihəti qələt eləməkdi, ancaq bir şeydi ağlıma gəlib, danışıram. Sözün doğrusu, sənin başmaqlarının burnu çox uzundu, əgər mümkün olsa bir az gödəlt.

Xülasə, sözüm burada deyil, Başmaqların burnu ilə işim yoxdu, amma ləzzət başmaqlarının dabanındadı.

Allah sənə rəhmət eləsin, ay ana! Elə həmişə bazara yolum düşəndə rəhmətlik mənə deyərdi: bala, mənə bir cüft dikdaban başmaq al.

Mən də gətirərdim. Rəhmətlik geyərdi.

Ax, canımsan, ay dikdaban başmaq!

Bir gecə yatmışdım, gördüm anamın “vay” səsi gəlir. Dedim, bəlkə biçarə azarlayıb, çağırdım “ay ana, niyə vayıldayırsan?”. Dedi: – “Bala, dabanlarım ağrayır”. Dedim: “Nə olub dabanlarına, ay ana?”. Dedi: “Bala, başmaqların dabanı dabanlarımı o qədər əzib ki, ağrısından yata bilmirəm”.

Ax, canımsan, ay dikdaban başmaq! Rəhmətlik arvada çox yazığım gəldi. Dedim:

-Ay ana, gələsən bu dikdaban başmaqları tollayasan, mən sənə bir cüft çust alım, dinməz-söyləməz geyəsən, dabanlarını çəkəsən. Nə dik dabanı olsun, nə də dabanlarını incitsin, nə yeriyəndə tıq-tıq tıqqıldasın, nə də arxdan keçəndə arxa düşsün, nə at minəndə saatda bir deyəsən “qoyma başmaqlarım düşdü”.

Ax, canımsan, ay dikdaban başmaq! Rəhmətlik anam hirsləndi, nə hirsləndi və o ki başarırdı mənimkimi mənə verdi. Nə qədər məzəmmət, nə qədər giley, nə qədər narazılıq! Deyindi, deyindi, dedi, dedi:

-Yaxşı imiş, bundan sonra inşaallah, başlarıq yavaş-yavaş urus arvadları kimi çust geyməyə. Utan, utan, bir də belə sözləri danışma.

Ax, canımsan, ay dikdaban başmaq!

Sonra genə gecələr hərdən bir eşidərdim ki, rəhmətlik anam öz-özünə vayıldayır, deyirdim: “Ana, niyə elə eləyirsən?”. Deyərdi: “Bala, dabanlarım ağrayır”. Soru-şardım ki, “nə olub dabanlarına?”. Deyərdi ki, “başmaqların dabanı incidib”.

Dəxi anama bir söz deyə bilməzdim, amma öz könlümdə öz-özümə deyərdim: dikdaban başmağı icad edənə allah min rəhmət eləsin!

Ax, canımsan, ay dikdaban başmaq!

On dörd min il bundan irəli bir quli-biyabani (gəl apar bu heyvanı) bir sığırçın yuvası icad eləyib və bu yuvanın bir tərəfinə on iki girvənkə ağırlığında bir daban yapışdırıb və bunun adını qoyub “başmaq”, yəni ayaqqabı, yəni müsəlman arvadının ayağının qabı.

Ax, canımsan, ay dikdaban başmaq!

İndi, yəni on dörd min il keçəndən sonra, yəni on dörd milyard müsəlman arvadlarının iyirmi səkkiz milyard ayaqları çolaq olandan sonra və gecələr sızılayandan sonra genə rəhmətlik analarımız və indi də bu saat sağ olmuş bacılarımız deyirlər: hər kəs dikdaban başmağı bəyənməsə urusdu, necə ki, məsələn, Ordubad müctəhidi Seyid Mürtəza deyir: “Molla Nəsrəddini”, “oxuyan kafirdi”, necə ki, məsələn, Tehran müctəhidi Şeyx Fəzlullah deyir: məşrutiyyəti qəbul edən mürtəddi...

Ax, canımsan, ay dikdaban başmaq!...

 

Dəhrə.

“Molla  Nəsrəddin”,  4 noyabr,  1907,  N 41.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info