Qonaq Kitabı
VƏZ ETDİYİN İNANDI, SƏN AMMA İNANMADIN!

 

Vəz etdiyin inandı, sən amma inanmadın!

Ya liləcəb, məgər yorulub bir usanmadın?!

 

Yatdıqca xabi-qəflət ilə millətin sənin,

Vəqf oldu layla söyləməyə xidmətin sənin,

Hər gün genəldi daireyi-hörmətin sənin,

El uğradıqca fəqrə, şişib sərvətin sənin,

Millət arıqladıqca kökəldi ətin sənin!

Rüşvət həramdır, dedin, aldın utanmadın!

Mali-yetimə - od – deyə uddun da, yanmadın!

 

Qəssabxanəni bizə darülaman dedin,

Doğru libasına bürünüb, min yalan dedin,

 Olduqca müştəbih: “Qələt etmə, inan!” – dedin,

Kim yaxşı söylədisə, ona min yaman dedin,

Qeyzə gəlib bərəldi gözün, lantaran dedin;

Bir vəqt olar tanır, səni hər kimsə qanmadın!

Bu məhz bir söz idi – həqiqətdi sanmadın!

 

Fəssad olub da milləti daim damarladın,

Hər kəs əlindəkin yerə atdı, qamarladın,

Ciyfə dedikcə mali-cəhanı toparladın,

Fani dedikcə mülkə, - imarət hamarladın,

Sərrişteyi-mədaxili möhkəm yumarladın,

Rüşvət həramdır, dedin, aldın, utanmadın!

Vəz etdiyin inandı, sən amma inanmadın!

 

Qövli-sərih ikən, əcəba, “mən kəfər” sözü,

Etməkdəsən bəhaneyi-təkfir hər sözü,

Zənnim budur ki, ortada gər olsa zər sözü,

Hərgiz danışmasan belə alçaq, hədər sözü,

Vicdanə, abruyə, həyayə dəyər sözü,

Bir vəqt olar tanır səni hər kimsə qanmadın!

Ya liləcəb, məgər yorulub bir usanmadın?!

 

Cildi-qənəmdə oldun, əcəb gürgi-canşıkar,

Nəfsin susub, yorulmayaraq oldu töməxar,

Hiylən duyuldu şimdi, sənə olmaz etibar,

Əsrari-müxtəfilərin olduqca aşikar –

Qalsın deyə səhayifi-dəftərdə yadigar –

Bir vəqt olar tanır səni hər kimsə qanmadın!

Ya liləcəb, məgər yorulub bir usanmadın?!

 

 

 

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (4 aprel 1910, â„– 13) “İmza (.....)” imzası ilə çap olunmuşdur.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info