Qonaq Kitabı
RƏDD OL QAPIDAN, AĞLAMA ZAR-ZAR, DİLƏNÇİ!

 

Rədd ol qapıdan, ağlama zar-zar, dilənçi!

Vaqqıldama bayquş kimi, idbar dilənçi!

 

Bu məclisimiz məclisi-ehsandır əgərçi,

Düzdüklərimiz neməti-əlvandır əgərçi,

Ehsan füqəra kəslərə şayandır əgərçi,

Bir adəti-irsiyyə dəxi var, dilənçi!

Rədd ol qapıdan, ağlama zar-zar, dilənçi!

 

Dövlətliləriz, məqsədimiz eyşü səfadır,

Mehmanlarımız büsbütün ərbabi-qinadır,

Kökdür, yekədir, boynuyoğundur, nücəbadır,

Bəydir, ağadır, ağzı dualı üləmadır,

Bişmişlərimiz min cürə ləzzətli qidadır,

Dikmə gözünü mətbəxə, biar dilənçi!

Rədd ol qapıdan, ağlama zar-zar, dilənçi!

 

Dəxli bizə nə boşda qalıb dəsti-süalın?!

Yainki acından mələşir əhlin, əyalın?!

Bax, bax, necə çirkindir o mənhus cəmalın!

Hax-tüf üzünə, surəti murdar, dilənçi!

Rədd ol qapıdan, ağlama zar-zar, dilənçi!

 

Dövlətli neçin sərf edib öz bəzlü səxasın,

Əyanı qoyub, doydura şəhrin füqərasın?

Töksün görüm allah üzünün şərmü həyasın!

əl çək yaxamızdan, itil, idbar dilənçi!

Rədd ol qapıdan, ağlama zar-zar, dilənçi!

 

Bir dəfə fəqir olduğunu anla da, zinhar,

Dövlətlilərin bişmişinə olma həvəskar,

Yoxsa yeməyə bir zadın, öl, canını qurtar!

Etmə bu qədər bizlərə azar, dilənçi!

Rədd ol qapıdan, ağlama zar-zar, dilənçi!

 

Fəqr əhli qənilərlə mülaqat edə bilməz,

Dövlətliyə insanlığın isbat edə bilməz,

Dövlətli fəqir ilə müsavat edə bilməz,

Nöqsan gətirər şəninə bu kar dilənçi!

Rədd ol qapıdan, ağlama zar-zar, dilənçi!

 

 

 

İlk dəfə “Zənbur” jurnalında (29 mart 1910, â„– 8) “Qoca bəy” imzası ilə çap olunmuşdur. 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info