Qonaq Kitabı
ALTMIŞ İLLİK ÖMRÜM OLDU SƏNDƏ BƏRBAD, ƏRDƏBİL!

 

Altmış illik ömrüm oldu səndə bərbad, Ərdəbil!

Bir də namərdəm əgər etsəm səni yad, Ərdəbil!

 

Zənn edirdim mən bütün aləmdə İrandan səva,

Bir fərəhabad yer yoxdur o samandan səva,

Övrət olmaz hüsndə Fatma, Tükəzbandan səva,

Var imiş Rusiyyədə min-min pərizad, Ərdəbil!

Bir də namərdəm əgər etsəm səni yad, Ərdəbil!

 

Ey vətən, huri görürdüm səndəki övrətləri,

Derdim ol hurilərin sənsən yəqin cənnətləri,

İndio heyranam baxıb gördükcə bu löbətləri,

Hər birində başqa ləzzət, başqa bir dad, Ərdəbil!

Bir də namərdəm əgər etsəm səni yad, Ərdəbil!

 

Haliya Bakudəyəm, Baku demə bir xüldzar,

Xassə dərya sahili: bir löbətistani-tatar,

Hər tərəf ağ-çağ madamlar, bir-birindən gülüzar,

Türfə dilbər, töhfə bir şey, yaxşı bir zad, Ərdəbil!

Bir də namərdəm əgər etsəm səni yad, Ərdəbil!

 

Min mənimtək kablayı bir Sonyanın dildadəsi,

Min mənimtək pakdin bir rumkanın iftadəsi,

Min mənimtək möminin bilməm nolub səccadəsi,

Bəndəlik qyedin qırıb, olmuşdur azad, Ərdəbil!

Bir də namərdəm əgər etsəm səni yad, Ərdəbil!

 

Beş deyil, on beş deyil, hər yan baxırsan, - var madam:

Ev madam, mənzil madam, balqon madam, talvar madam,

Sirk madam, qastin madam, passaj madam, bulvar madam,

Müxtəsər, əqlim çaşıb, ey dad-bidad, Ərdəbil!

Bir də namərdəm əgər etsəm səni yad, Ərdəbil!

 

Gərçi İrandan çıxarkən başqa idi niyyətim,

Niyyətim kəsb idi, vardı kəsbi-karə qeyrətim,

Qeyrətim razı deyildi ac dolansın külfətim;

Yox gözümdə indi nə külfət, nə övlad, Ərdəbil!

Bir də namərdəm əgər etsəm səni yad, Ərdəbil!

 

Bəs ki, artır bunları gördükcə hər dəm rəğbətim,

Rəğbətim artırsa da, lakin qavışmır həsrətim,

Həsrətim bir şeyədir, ancaq düzəlmir halətim!

Halətim təskini-nəfsə qılmır imdad, Ərdəbil!

Bir də namərdəm əgər etsəm səni yad, Ərdəbil!

 

Qorxudurdu çıxmamışkən ölkədən qürbət məni,

Çulğayıbmış qəflətimdən vəhşətü dəhşət məni,

İndi bu gördüklərimdən mat edib heyrət məni,

Özlüyümdən çıxmışam, əfsus!.. fəryad!.. Ərdəbil!

Bir də namərdəm əgər etsəm səni yad, Ərdəbil!

 

Tazədən bərgəşt edib bir də cəvan olsaydım, ah!

Şıq geyimli bir cəvani-xoşnişan olsaydım, ah!

Bu pərilərlə doyunca həmzəban olsaydım, ah!

Dəhrdə beş gün yaşardım xürrəmü şad, Ərdəbil!

Bir də namərdəm əgər etsəm səni yad, Ərdəbil!

 

 

 

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (7 mart 1910, â„– 10) “Kablayı Feyzullah, nazimi: “Ağlar güləyən” imzası ilə çap olunmuşdur.

 

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info