Qonaq Kitabı
GİLEY YAXUD UMU-KÜSÜ

 

Get-gedə, “Zənbur”[1] ağa, sən də çaşırsan deyəsən?!

Gah da bir məzhəbə, dinə sataşırsan deyəsən?!

 

Sən düz adəmdən əgər səndə bu tədbir nədir?

Jurnala çəkdiyin ol çalmalı təsvir[2] nədir?

Qollarından sarılan kimdir, o zəncir nədir?

Dinmədikcə sənə sərhəddən aşırsan deyəsən?!

Gah da bir məzhəbə, dinə sataşırsan deyəsən?!

 

Nədir ol həlqeyi-zəncirdə bir parə süvər?

Kimləri göstəriyor həlqə dərundəkilər?

Şəkli-islamə gülən kimdir o ifritsiyər?

Sən bu rəftar ilə bizdən uzaşırsan deyəsən?!

Gah da bir məzhəbə, dinə sataşırsan deyəsən?!

 

Açmağa bir para əsrarı edib səyü təlaş,

Çalışırsan ki, bizə təng ola ta rahi-məaş?

Bu qədər etmə cəsarət, özünü gözlə, yavaş!..

Dəymədikcə kefinə loğalaşırsan deyəsən?!

Adətə, ürfə, rüsumə sataşırsan deyəsən?!

 

Sən bu şəkl ilə bütün xəlqi oyatdın da deyək,

Bizi mənfur eləyib, bir yana qatdın da deyək,

Sənə nə xeyr olacaq bizləri atdın da deyək?

Boş yerə boylə bizimlə dalaşırsan deyəsən?!

Adətə, ürfə, rüsumə sataşırsan deyəsən?!

 

Məzhəkə jurnalın əvvəl bizə, ibrətdi, dedin,

Bir para şəxsə sataşdın, bu nəsihətdi, dedin,

Bizi qatdın işə, bir növ zərafətdir, dedin,

Indi amma dəxi ciddən savaşırsan deyəsən?!

Adətə, ürfə, rüsumə sataşırsan deyəsən?!

 

Şəxsi-islamın əgər biz qolunu bağlamışıq –

Nə günah eyləmişik? Millət üçün ağlamııq...

Hifz edib məzhəbi, şeytanı yaxıb dağlamışıq!

Bizi görməkdə müqəssir, dolaşırsan deyəsən?!

Adətə, ürfə, rüsumə sataşırsan deyəsən?!

 

Biz əgər olmasaq, islamə nigəhban kim olar?

Beş gün ötməz ki, bu bağın gülü reyhanı solar,

Ixtiraatı-şəniə bütün islamə dolar,

Leyk sən anlamayıb işdə çaşırsan deyəsən?!

Gah da bir məzhəbə, dinə sataşırsan deyəsən?!

 

Asta-asta dəbərib, qurdalaşırsan deyəsən?!

Bəz əfsanəçilərlə yanaşırsan deyəsən?!

Büsbütün məfsədələrlə bulaşırsan deyəsən?!

A balam, eybini qan!

Bir həya eylə, utan!

Yoxsa təkfir edərik,

Lapca rüsva olusan!..

 

 

İlk dəfə “Zənbur” jurnalında (5 mart 1910, â„– 6) “Qoca bəy” imzası ilə çap olunmuşdur.

 



[1] “Zənbur” – 1909-1910-cu illərdə Bakıda “Molla Nəsrəddin”in təsiri ilə nəşr edilən həftəlik satira jurnalı idi. Naşiri həkim və yazıçı Əbdülxalıq Axundov, redaktoru əvvəlcə Rzabəy Səlimxanov, sonra Əzim Əzimzadə və nəhayət, knyaz Murtuzabəy Palavandov olmuşdur.

[2] “Zənbur” jurnalının 1910-cu il 19 fevral tarixli 4-cü nömrəsində rəssam B.R.Telinqator (Beno) tərəfindən çəkilmiş şəkildə, islam aləmi ağaca zəncirlənən bir qoca kişinin timsalında təsvir edilmişdir. Zəncirin hər bir həlqəsi o zamankı mənfi tiplərdən birinin başına oxşadılmışdır. Qoca kişi dartınır, zəncirdən qurtarmağa çalışsa da, azad ola bilmir. Kənarda durmuş şeytan isə qəh-qəh çəkib, vəziyyətə gülür.

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info