Qonaq Kitabı
MİLLƏT ŞƏRQİSİ

 

Qeyrət edib çalışdın, düşdün qabağa, millət!

İndi bir az da dincəl, baş qoy yatağa, millət!

 

Hər yerdə, hər məkanda hər dürlü iş qayırdın,

İslamə xidmət etdin, məzhəbləri ayırdın,

Yüzlərcə coqə yapdın, minlərcə söz buyurdun,

Hər gündə bir cəmaət atdın qırağa, millət!

İndi bir az da dincəl, baş qoy yatağa, millət!

 

Uyquda ikən aləm, əfradını oyatdın,

Cümlə miləl içində öz şənini ucaltdın,

Hörmətli ad qazandın, ali məqama çatdın,

Əhsən, səd əhsən bu təmtərağa, millət!

İndi bir az da dincəl, baş qoy yatağa, millət!

 

Minbəd ciddü cəhdin yoxdur bizə lüzumi,

Zira ki, əsri-halın bambaşqadır rüsumi,

Məktəb sevir cəmaət, təqdis edir ülumi,

Tərcih edir vaqonu ata, ulağa, millət!

İndi bir az da dincəl, baş qoy yatağa, millət!

 

Seyr etməyə fəzanı icad olur balonlar,

Bir yandan aftamillər, bir səmtdən vağonlar,

Hər ixtiraə dair təsis olur salonlar,

Vallah, bular azıblar başdan ayağa, millət!

İndi bir az da dincəl, baş qoy yatağa, millət!

 

Bunlar bütün cəhanın əsbabi-eyilası,

Onlar əsiri-dünya, biz axirət fədası,

Beş gündür ömri-dünya, yoxdur onun bəqası,

Bizcə xətadır uymaq boylə məzağa, millət!

İndi bir az da dincəl, baş qoy yatağa, millət!

 

Islam üçün gərəkməz kafirlərin şüarı,

Qoy onların ucalsın həp qəsri-zərnigarı,

Biz gözlərik fəqət bir eyvani-xüldzarı,

Ol yerdə hurilərlə dolluq otağa, millət!

İndi bir az da dincəl, baş qoy yatağa, millət!..

 

 

 

İlk dəfə “Zənbur” jurnalında (26 fevral 1910, â„– 5) “Qoca bəy” imzası ilə çap olunmuşdur.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info