Qonaq Kitabı
TƏŞƏKKÜR

 

Mollalar, taleimiz oldu əcəb yar bu gün!

Misyonerlər də bizə çıxdı həvadar bu gün!

 

O ki, məktəbləri məhv etmək idi niyyətimiz,

Yox idi əldə və lakin ona bir qüdrətimiz,

Məktəb artdıqca azalmaqda idi hörmətimiz,

O açıldıqca qapanmaqda idi sənətimiz,

Günbəgün zaid olurdu qəmimiz, möhnətimiz,

Arqadaşlar, sevinin, oldu rəva hacətimiz!

Qəmimiz bitdi, fərəh oldu nümudar bu gün!

Misyonerlər də bizə çıxdı həvadar bu gün!

 

Misyonerlər, o gözəl fikrli ərbabi-düha

San-Peterburqda etmişlər əcəb bir şura

Ki, müsəlmanlar açan bunca məkatib nə rəva,

Oxudub həndəsə, təlim edələr coğrafiya,

Hikmətü heyətü tarix ilə elmi-əşya,

Bu işə bizdə təhəmmül ola bilməz əsla!

Çalışın, hümmət edək dəfinə zinhar bu gün!

Misyonerlər də bizə çıxdı həvadar bu gün!

 

Misyonerlər bu gözəl əmrə edərkən iqdam

Biz neçin lal oturub, eyləməyək bəhsə dəvam?

Xassə bu elmlərin biz üləmayi-islam

Etmişik bir kərə təhsilini islamə həram,

Bunları bilməz ikən biz, niyə övladi-əvam

Oxuyub, adəm olub, eyləsin ağazi-kəlam?

Şimdi fürsət var ikən görməli bir kar bu gün!

Misyonerlər də bizə çıxdı həvadar bu gün!

 

Misyonerlər, görüm allah sizə ehsan eləsin,

Biz kimi, sizləri də daxili-iman eləsin,

Qoymadız çünki müsəlmanları tüğyan eləsin,

Yeni məktəbləri allah özü viran eləsin!

Uçurub dam-daşını, xak ilə yeksan eləsin!

İndi qoy məktəb açanlar gedib əfğan eləsin!..

Qalsın hər yerdə müəllimləri bikar bu gün!

Misyonerlər də bizə çıxdı həvadar bu gün!

 

 

 

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (21 fevral 1910, â„– 8) “(.....)” imzası ilə çap olunmuşdur.

Rus misyonerləri Peterburqda keçirilmiş bir müşavirədə azlıqda qalan xalqların açdığı yeni məktəblərin bağlanmasını çar hökumətindən xahiş etmişdilər. Onların bu xahişi müsəlman ruhanilərini də sevindirmişdi. Satira bu münasibətlə yazılmışdır.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info