Qonaq Kitabı
PULA TƏVƏCCÖH

 

Nuri-çeşmanımıssan, ey pul, ya canımıssan?

İsmətim, namusum, irzim, qeyrətim, qanımıssan?

Hörmətim, fəxrim, cəlalım, şövkətim, şanımıssan?

Müshəfim, Məkkəm, Mədinəm, qibləm, ərkanımıssan?

Məzhəbim, dinimmi, ayinimmi, imanımıssan?

 

Keçdi ömrüm şüğli-təhsininlə möfqufi-məlal,

Dərdə düşdüm, bəstəri-həsrətdə qaldım xəstəhal,

Səndədir könlüm yenə etsəm cəhandan irtihal,

Sən mənim ömrüm, həyatım, cövhərim, canımıssan?

Məzhəbim, dinimmi, ayinimmi, imanımıssan?

 

Ah, zalım, ah kim, oldum yolunda caanfəda,

Bir doyunca qıymadım səndən alam zövqü səfa,

Indi varislər hücumavər olub yeksər sana,

Varisin, yaxud mənim mali-cibişdanımıssan?

Məzhəbim, dinimmi, ayinimmi, imanımıssan?

 

Eyləməz varislərim məntək səni sənduqə dərc,

Hər biri eylər səni bir növ ilə min yerdə xərc,

Restoranlarda, klublarda olarsan hərcü mərc,

Hər yetən çeynər səni, bilməm ətim, qanımıssan?

Məzhəbim, dinimmi, ayinimmi, imanımıssan?

 

Sevdiyim, bundan belə hini-zəvalındır sənin,

Işbu vəch ilə könül cayi-məlalındır sənin,

Xatirim, qəlbim, sərim vəqfi-xəyalındır sənin,

Sən məni məftun edən nazəndə cananımıssan?

Məzhəbim, dinimmi, ayinimmi, imanımıssan?

 

Səndən əl çəkməzdim olsaydı əlimdə iqtidar,

Lakin icbarən əcəl eylər məni səndən kənar,

Canım ağzımdan çıxınca söylərəm biixtiyar:

Nuri-çeşmanımıssan, ey pul, ya canımıssan?

Məzhəbim, dinimmi, ayinimmi, imanımıssan?

 

 

 

İlk dəfə “Zənbur” jurnalında (19 fevral 1910, â„– 4) “Cingöz bəy” imzası ilə çap olunmuşdur.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info